Mən şəhid yox, şahid olacam!
2020-ci ilin iyul gecəsi... Sumqayıtda sanki heç kim yatmırdı. Hər kəs eyni nəfəslə “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını hayqırır, şəhərin 8-ci mikrorayonuna doğru irəliləyərək yeri-göyü lərzəyə gətirirdi. Həmin gecə qəhrəman generalımız Polad Həşimov şəhadət mərtəbəsinə ucalmış və nəşi doğma evinə gətirilmişdi. Bu şəhadət zəfərə gedən şərəfli yolumuzun ən böyük başlanğıcı, düşmənə atılan ilk sarsıdıcı güllə idi.
Mən də bir Sumqayıt sakini kimi qəhrəman generalımızın evinin önünə axışan gənclərin arasında idim. Oradakı hər bir Azərbaycan gənci kimi mənim də ürəyim alovlanırdı; düşmənə qarşı intiqam hissi bütün bədənimi caynağına almışdı. Bu hadisədən sonra bütün ölkə ayağa qalxdı, milyonların dilində tək bir nida səsləndi: “Ali Baş Komandan, silah ver bizə!”. Bu əzəmətli səhnələri gördükcə qürurdan sinəm qabarır, Vətən üçün nəsə etmək istəyirdim. Amma 8-ci sinif şagirdi o böyük cəbhədə nə edə bilərdi ki?
Məhz o gecə özümə müqəddəs bir söz verdim: hərbçi olacaq, Polad Həşimovun qisasını alacaq və şəhidlik zirvəsinə ucalacaqdım. Ağlımda başqa heç bir düşüncəyə yer yox idi. Bu fikri şüuraltıma elə həkk etmişdim ki, artıq yuxularımda belə özümü döyüşlərdə görürdüm. 9-cu sinifdə hərbi akademiyaya qəbul olmaq üçün sənədlərimi toplamağa başladım. Lakin qəbul prosesində ağlıma belə gəlməyən bir maneə ilə qarşılaşdım. Yenə də fikrimdən daşınmadım. Sinif yoldaşlarım mülki universitetlərə abituriyent hazırlığına gedəndə mən onlara qoşulmadım; çünki hərbçi olacağıma qəti qərar vermişdim. Nəhayət, 11-ci sinifdə bir neçə hərbi akademiyanın imtahanlarından uğurla keçdim. Bütün fiziki və taktiki normativləri yüksək səviyyədə tamamlasam da, sonda qarşıma çıxan kiçik bir detal akademiyaya qəbul olmağıma imkan vermədi. Həyat sanki inadla məni o qapıdan geri çevirirdi.
Universitet imtahanlarına cəmi bir neçə ay qalmışdı. Çarəsizcə hazırlaşmağa başladım və topladığım orta balla Bakı Dövlət Universitetinin jurnalistika ixtisasına qəbul oldum. Ağlımdan belə keçməyən, heç vaxt xəyalını qurmadığım bir sahə üzrə dörd il təhsil alacağımı düşünəndə dəliyə dönürdüm. Lakin dərslər başladı və zaman keçdikcə anladım ki, vaxtilə yolumu kəsən o maneələr əslində məni bura — öz əsl taleyimə doğru aparırmış.
Jurnalist kimi fəaliyyətə başlayandan sonra yolum şəhid ailələrindən, qazilərdən və Vətən müharibəsi qəhrəmanlarından keçdi. Müharibənin görünməyən tərəflərini, onun real acısını və əzəmətini öyrəndim. Həm arxa cəbhənin sarsılmaz döyüşçüləri olan qəhrəman analarımızla həmsöhbət oldum, həm də sinəsini düşmənə sipər edən igid oğullarımızla. Əfsanəvi taborun komandiri, XTQ polkovniki Nizami Əliyevlə, XTQ mayoru Zaur Hüseynovla, XTQ kapitanı Şəmsəddin Qurbanovla, qazi Pərviz Aslanovla, tankçı qazi Ramil Şirinovla görüşdüm. Hər birinin döyüş xatirələrini, ölümün gözünə necə dik baxdıqlarını öz dillərindən eşitdim.
Şəhidlərimiz Aydın Əliyevin, Elnur Allahverdiyevin, Alı Həsənlinin, Nicat Əhmədovun, Cavid Manafovun ailələrini ziyarət etdim. Anaların göz yaşlarının, ataların baxışlarındakı o qürurlu kədərin canlı şahidi oldum, dərdlərinə şərik çıxdım. Qazilərimizdən aldığım müsahibələri kağıza köçürdükcə, danışdıqları hadisələr tam təfərrüatı ilə gözümün önündə canlanır, hər dəfə bədənim ürpəşirdi. Yazdığım hər bir cümlə, mənə bütöv bir günə bərabər ağırlıqda gəlirdi. Biz bu qələbəni çoxdan arzulayırdıq. Lakin bütün bu ağır bədəllərə ruhən hazır idikmi? Bəlkə də tam hazır olmamağımız bu gün bəzi itkiləri qəbullanmağı bizim üçün hələ də bu qədər çətinləşdirir.
Hər müsahibədən sonra saatlarla heç kimlə danışmır, telefonumu söndürüb dərin düşüncələrə dalırdım. Ramil Şirinovun yaralanmazdan əvvəl anası ilə olan son telefon danışığını, şəhid Cavidin anasının danışdığı o iydə əhvalatını axı mən necə unuda bilərəm? Hər bir hekayə beynimdə özünə silinməz bir yer edib. Axı mən Xudayarın səsi ilə ucalan o təsnifi qulaqlarımdan necə silə bilərəm? Heç buna cəhd də etmərəm. Yaxud o əfsanəvi taborun qəhrəmanlıqlarını, Şuşanın sıldırım qayalarına yalın əllə dırmaşan igidləri, şəhadətin üzünə gülə-gülə gedən o gəncləri yaddaşımdan heç cür ata bilmərəm. Mən ruhən hələ də onlarla yaşayır, onlarla danışıram.
Ötən gün yenə onlarla dərdləşmək üçün axşamçağı Sumqayıt Şəhidlər Xiyabanına getdim. Həm qonşularımız olan şəhid Aydın Əliyevlə Anar Qorçuyevin məzarını ziyarət etmək, həm də onların simasında bütün qəhrəmanlarımıza öz ayaq səslərimi eşitdirib “Mən burdayam!” demək üçün... Mənə görə, Şəhidlər Xiyabanı bir dövlətin şərəf lövhəsidir. Orada yalnız seçilmişlər uyuyur və o seçilmişlərin baş daşındakı şəkillərinə baxanda mənə elə gəlir ki, onlar məni görür, mənə gülümsəyirlər.
1990-cı illərin birinci Qarabağ savaşı şəhidlərini də ziyarət edirəm. O vaxtkı 18-19 yaşlı gənclərin məzarı qarşısında ayaqlarım kilidlənir. 21 yaşlı Təhməzov Rövşənin, Bəşirov Sadiqin, 20 yaşlı Məmmədov Vüqarın, Əzizov Fikrətin, 18 yaşlı Natiq Əliyevin qarşısında dayananda utanıram... Axı onlar şəhid olanda yaşca indiki məndən daha balaca idilər. Kim bilir, hansı arzuları, hansı xəyalları yarımçıq qaldı...
Xiyabanda gəzdikcə ağlımdan qəfil və sarsıdıcı bir fikir keçir: “Mən şəhid ola bilmərəm. Yox, yox, mənə indi ölmək olmaz! Mən uzun illər, hətta bacardığım qədər çox yaşamalıyam. Mən şəhid yox, ŞAHİD olmağı bacarmalıyam!”.
Düşünürəm ki, bəlkə də Uca Allah vaxtilə yolumu hərbidən salmayaraq mənim qismətimi qələmə bağlayıb. Məni qələmin gücü ilə sınağa çəkib, daha sonra şəhidlərimizin əmanətləri və qazilərimizlə görüşdürüb. Artıq bu həyatdakı missiyam mənə aydın olmağa başlayır. Mən bacardığım qədər uzun yaşamalı, bu gözlərin gördüyünü, bu qəlbin duyduğunu yazmalı, yaymalı və gələcək nəsillərə tam təfərrüatı ilə ötürməliyəm. Mən Mübariz İbrahimovun şəhadətinin, Aprel döyüşlərinin, Tovuz hadisələrinin, İkinci Qarabağ Müharibəsinin və Anti-terror əməliyyatının canlı şahidi olmuşam.
Axı şəhidlər artıq danışa bilmir. Mən də şəhid deyiləm... Amma "şəhid" sözü ilə eyni kökdən gələn, eyni müqəddəsliyi daşıyan başqa bir söz də var: ŞAHİD! Mən bu tarixin danışan dili, harayı olacam — mən ŞAHİD olacam! Gördüklərimi əskiltmədən, heç bir boya qatmadan Xudayarımdan, qəhrəman generalımızdan və onların simasında bu Vətəni ucaldan bütün oğullardan yazıb yaratmalı, gələcək nəsillərə böyük bir tarixi irs qoymalıyam.
Mən yaşamalıyam... çünki bu tarixin mənə, mənim isə ŞAHİD olmağa ehtiyacım var.
Ayhan
10:50 21.07.2026
Oxunuş sayı: 157