İddia: Rusiya ballistik raketlərini daha təhlükəli edir
Rusiya İskəndər ballistik raketlərini Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemlərinin işini çətinləşdirmək məqsədilə modernləşdirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin ehtiyatda olan zabiti Anatoli Xrapçinski bildirib.
Onun sözlərinə görə, yenilənmiş raket versiyası təkmilləşdirilmiş radiolokasiya tələləri, radioelektron mübarizə vasitələri və uçuşun son mərhələsində aktiv manevr imkanları ilə təchiz oluna bilər.
Xrapçinski qeyd edib ki, raketdən ayrılan saxta hədəflər radarların onları ayrıca raket kimi qəbul etməsinə səbəb ola bilər. Bu isə hava hücumundan müdafiə sistemlərinin işini çətinləşdirə bilər.
Bununla yanaşı, ekspert vurğulayıb ki, bu dəyişikliklər ˝İskəndər˝ raketlərini məğlubedilməz etmir. Onun sözlərinə görə, Patriot hava hücumundan müdafiə sistemləri də daim təkmilləşdirilir və bu cür hədəfləri vurmaq imkanına malikdir.
Ekspert əlavə edib ki, Ukraynanın əsas problemi HHM sistemləri üçün raket çatışmazlığıdır. Onun fikrincə, kifayət qədər raket-interseptor olsaydı, ˝İskəndər˝ raketlərinin böyük əksəriyyətini zərərsizləşdirmək mümkün olardı.
23:19 20.07.2026
Oxunuş sayı: 72