İsrail ordusunu Türkiyəyə qarşı hazırlayır
İsrail ordusunun son dövrlər dəniz və amfibiya əməliyyatları imkanlarını artırmaq istiqamətində atdığı addımlar mümkün Türkiyə ssenarisi ilə də əlaqələndirilir.
Crossmedia.az xəbər verir ki, İsrailin ˝JNS˝ nəşrində dərc olunan təhlildə iddia olunur ki, İsrail Müdafiə Nazirliyinin arsenalına beş sürətli amfibiya desant gəmisi daxil edilib. Nəşrin iddiasına görə, daha əvvəl təhvil alınmış gəmilərlə birlikdə bu platformalar İsrailin dənizdən qüvvə çıxarma imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.
Məqalədə qeyd olunur ki, son vaxtlar İsrailin təhlükəsizlik dairələrində potensial Türkiyə cəbhəsi anlayışı daha tez-tez müzakirə edilir. Bunun səbəbi kimi ABŞ Prezidenti Donald Trampın Türkiyənin F-35 proqramına qayıdışını dəstəklədiyi barədə yayılan iddialar göstərilir.
Təhlildə həmçinin vurğulanır ki, Türkiyə Hərbi Dəniz Qüvvələri freqatları, sualtı qayıqları, amfibiya gəmiləri və pilotsuz sistemləri ilə regionun ən güclü donanmalarından biri hesab olunur. İddia edilir ki, İsrailin müdafiə dairələri Türkiyənin amfibiya imkanlarını yaxından izləyir.
Bununla yanaşı, məqalədə Türkiyənin NATO üzvü olduğu və rəsmi olaraq düşmən dövlət kimi qiymətləndirilmədiyi də xatırladılır. Buna baxmayaraq, nəşr mümkün hərbi təhdid ssenarilərinə hazırlıq çərçivəsində İsrail Hərbi Dəniz Qüvvələrinin yenidən qurulmasının zəruri ola biləcəyini və belə bir prosesin uzun illər çəkəcəyini iddia edir.
Qeyd edək ki, bu məlumatlar ˝JNS˝ nəşrində dərc olunan təhlilə əsaslanır və rəsmi İsrail hökumətinin mövqeyini əks etdirmir.
09:35 19.07.2026
Oxunuş sayı: 70