Yaponiya Rusiyaya tələbə təcrübə proqramını bərpa edir
Yaponiya Xarici İşlər Nazirliyi bu ilin avqust ayından etibarən Rusiyaya qısamüddətli tələbə təcrübə proqramlarını bərpa etməyə hazırlaşır. Bununla yanaşı, Tokio Rusiyaya qarşı sanksiya siyasətini davam etdirmək niyyətində olduğunu bildirir.
Crossmedia.az xəbər verir ki, "Asahi" bu barədə məlumat yayıb.
Məlumata görə, Yaponiya hökuməti 2022-ci ildə Rusiyaya qarşı tətbiq olunan sanksiyalar çərçivəsində hökumətlərarası mədəni və humanitar mübadilə proqramlarını dayandırmışdı. Qısamüddətli tələbə təcrübələri isə hələ 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən dayandırılmışdı.
Bildirilib ki, 2025-ci ildə Tokio Rusiyaya biznes səfərləri və təcrübə mübadiləsi ilə bağlı məhdudiyyətləri qismən yumşaldıb. Bu çərçivədə Yaponiya Xarici İşlər Nazirliyi avqust ayında rus dili öyrənmək və rusiyalı həmyaşıdları ilə görüşmək məqsədilə 15–20 nəfərdən ibarət tələbə qrupunu Sankt-Peterburqa göndərməyi planlaşdırır.
Qeyd olunub ki, Rusiya və Yaponiya arasında gənclər mübadiləsi üzrə ikitərəfli komissiya 1999-cu ildə hökumətlərarası saziş əsasında yaradılıb. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, 1999-cu ilin iyulundan 2022-ci ilin fevralınadək qarşılıqlı mübadilə proqramlarında təxminən 9 800 nəfər iştirak edib.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara isə iyunun 3-də Tokioda keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsi Rusiyaya münasibətdə "Böyük yeddilik" (G7) ölkələrinin ümumi sanksiya siyasətini davam etdirəcək. Bununla yanaşı, o, Rusiyanın qonşu dövlət kimi Yaponiya üçün müəyyən münasibətlərin qorunmasının vacib olduğunu vurğulayıb.
12:47 18.07.2026
Oxunuş sayı: 68