Cənubi Qafqaz

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığının perspektivi

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), dünyanın geosiyasi və iqtisadi sistemində mühüm rol oynayan təşkilatlardan biridir. Azərbaycanın ŞƏT ilə əməkdaşlığı, xüsusilə son illərdə daha da möhkəmlənmiş və təşkilatın inkişafında əhəmiyyətli rol oynamışdır.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, ŞƏT hazırda dünyanın ən güclü iqtisadi və siyasi təşkilatlarından biridir: “Şanxay Əməkdaşlıq Təşkilatı, ümumilikdə mövcud olan ən güclü iqtisadi təşkilatlardan biridir. Xüsusilə də nəzərə alaq ki, bu təşkilatın aparıcı dövləti olan Çinin dünya iqtisadiyyatındakı payı gün getdikcə daha da artır və rəsmi Pekin öz rəqiblərini artıq demək olar ki, küncə sıxışdırmış vəziyyətdədir. Hal-hazırda  Amerika Birləşmiş Ştatlarında yeni seçilmiş Tramp administrasiyasının əsas hədəflərindən biri iqtisadi hədəfinin Çin olduğunu görsək, biz Çinin nə qədər qüdrətli bir ölkə olduğunu görə bilərik.”


Politoloq Azərbaycan və Çin arasındakı münasibətlər son zamanlar yüksələn xəttlə inkişaf etdiyini, bunun ikitərəfli münasibətlərdə özünü göstərdiyini bildirib: “Həmçinin, rəsmi Pekin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmasında da maraqlıdır. Çünki Azərbaycan, istər tranzit baxımından, istər təbii ehtiyatları baxımından, istərsə də beynəlxalq miqyasda oynadığı rol baxımından, eyni zamanda iqtisadi gücü baxımından da Şanxay Əməkdaşlıq Təşkilatına böyük faydalar verə bilər. Buna görə də, bu təşkilata üzv olan aparıcı ölkələr çalışırlar ki, Azərbaycanı qazansınlar. Hal-hazırda Pekin və Bakı arasındakı dialoq mühiti çox sürətli şəkildə davam edir və Azərbaycan, dialoq üzrə tərəfdaş statusunda bu təşkilatın fəaliyyətində iştirak edir.”Politoloq əlavə edib ki, gələcəkdə tamhüquqlu üzv kimi Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmaq məsələsinə baxıla və müsbət qərar verilə bilər: “Ancaq hələ ki, demək olar ki, müşahidəçi dövlət statusunda, yəni tərəfdaş statusunda təşkilatın fəaliyyətində Azərbaycan yaxından iştirak edir. Buna baxmayaraq, bizim təşkilata üzv olan ölkələrlə həm iqtisadi, həm siyasi olaraq ikitərəfli münasibətlərimiz çox gözəl səviyyədədir. Həm Pekin, həm Bakı arasında müvafiq qərarlar var ki, bu təşkilatın ikitərəfli münasibətləri daha da doğrultsun, inkişaf etdirsin. Bəli, Azərbaycanın gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olması perspektivləri var və ölkəmizin bu təşkilata üzv olması həm təşkilata, həm də Azərbaycana fayda gətirə bilər."

Politoloq Əli Zülfüqaroğlu isə bildirib ki, dünyada yeni ittifaqlar qurulur və geosiyasi böhran müxtəlif dövlətlərə təsir göstərir:


“Dövlətlər öz gələcək perspektivlərini müəyyənləşdirmək və mövcud təhdidlərdən sığortalanmaq üçün müxtəlif təşkilatlarda birgə fəaliyyət göstərməyə üstünlük verirlər. İkinci Dünya müharibəsindən sonra qurulan dünya nizamı artıq başa çatır və yeni dünya düzəni qurulur. Bu mərhələdə bir sıra güclü aktorlar və təşkilatlar önə çıxır. Onlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Azərbaycan hər iki təşkilatla sıx əməkdaşlıq edir və bu təşkilatlar istər iqtisadi, istərsə də digər müstəvilərdə dövlətlərin maraqlarının təmin olunması üçün önəmli platformadır. Şanxay Əməkdaşlıq Təşkilatının həqiqi üzvlük perspektivi var və bu, Azərbaycana həm iqtisadi, həm siyasi, həm də digər istiqamətlərdə dividentlər gətirəcək.”

Nərgiz Camalzadə

12:55 24.12.2024

Oxunuş sayı: 5148

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR