Tural Abbaslıdan təklif: Türk Dövlətləri bəyannamə imzalasın, Şuşa Bloku yaradılsın- Müsahibə

Azərbaycanın xarici siyasəti ilə bağlı çox ciddi hadisələr baş verir. Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən Zirvə görüşü Azərbaycanın təşkilat daxilindəki əhəmiyyətini bir daha açıq şəkildə ortaya qoydu. Əslində isə rəsmi Bakı təkcə TDT və digər təşkilatlar daxilində mühüm oyunçulardan biri deyil. Həm də beynəlxalq siyasi aktordur. Baş verən proseslər, beynəlxalq aktorların Azərbaycana ehtiramı da bunu aydın göstərir.
Ağ Partiya sədri Tural Abbaslı son siyasi proseslərlə bağlı Crossmedia.az-ın suallarını cavablandırıb:
- Bu yaxınlarda Qəbələdə TDT Zirvə Görüşü keçirildi. Ümumiyyətlə, TDT-nin hazırkı vəziyyətini və beynəlxalq geosiyasətə verdiyi töhfəni necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, TDT-nin formalaşması, əslində II Qarabağ müharibəsindən sonra başladı. Daha dəqiq desək, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarından sonra bu proses öz real təzahürünü göstərdi.
- Niyə bu qənaətdəsiniz?
- Çünki indiyə qədər Turan və Türkçülük ideyası əsasən Azərbaycan və Türkiyə üzərindən digər türk dövlətlərinə yayılıb. Hətta Orta Asiyada baş verən “Basmaçı hərəkatı”na, yaxud Nuru Paşanın fəaliyyətinə baxsaq, görərik ki, bunlar Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, İsmayıl bəy Qaspıralı kimi ziyalıların qoyduğu Turan ideyası üzərində qurulub.
Azərbaycan kiçik dövlət ola bilər, amma ideya baxımından hər zaman Turan fikrinin əsas daşıyıcısı və sahibi olub. Hətta bəzi məqamlarda Türkiyədən də çox. Məsələn, hazırda biz “Türk-İslam dünyası” ifadəsini işlədirik, amma bir vaxtlar Ərdoğan “İslam-Türk dünyası” deyirdi. Yəni o dövrdə Türkiyə ərəb dünyasına daha çox jestlər edir, onlara yaxınlaşmağa çalışırdı. Lakin ərəb ölkələri, təbii ki, Avropanın da təsiri ilə, Türkiyəni öz bölgələrinə buraxmadılar. Hətta xatırlayırsınızsa, bir dəfə Ərəb Dövlətləri Liqası bəyanat vermişdi ki, “Türkiyə ərəb dövlətlərinin daxili işlərinə qarışmasın”. Bu, Fələstin məsələsində Türkiyənin sərt mövqeyinə cavab idi. Lakin II Qarabağ müharibəsindən və Azərbaycanın aktiv iştirakı ilə, Türkdilli Dövlətlər Təşkilatı Türk Dövlətləri Təşkilatına çevrildi. Bu ad dəyişikliyi, bəlkə də, bir çox insana kiçik detal kimi görünə bilər, amma əslində çox böyük siyasi və ideoloji məna daşıyır. Əgər Türkdilli dövlətlər türkcə danışan xalqları birləşdirirsə, Türk dövlətləri eyni kökdən gələn, ortaq tarixi, mədəniyyəti və hədəfləri olan dövlətlərdir. Biz Qarabağ müharibəsi bitənə qədər bu adı işlətmək imkanına belə malik deyildik. Çünki İranın, Rusiyanın təzyiqləri buna mane olurdu. Bu gün vəziyyət dəyişib. Türkiyənin bu prosesə fəal şəkildə qoşulması və Turan ideyasının onun vasitəsilə beynəlxalq gücə çevrilməsi, həmçinin Azərbaycanın ideoloji xətti ilə Türkiyənin hərbi-siyasi gücünün birləşməsi nəticəsində Orta Asiya dövlətləri də uzun illər sonra bu ideyaya maraq göstərməyə başladılar. Eyni zamanda, dünyada II Dünya müharibəsindən sonra formalaşan nizamın dağılması da Turan ideyasını gücləndirdi. Müharibədən sonra ikiqütblü dünya – SSRİ və onun ətrafında Varşava Paktı, ABŞ və onun ətrafında NATO yaranmışdı. SSRİ dağılandan sonra da qarşıdurma əsasən Rusiya və ABŞ arasında qaldı. Sonra Çin də bu prosesə qoşuldu. Lakin Rusiyanın Ukraynaya müdaxiləsi, ABŞ-nin İraq, Əfqanıstan və Suriyada yaratdığı xaos nəticəsində BMT və onun təmsil etdiyi dünya nizamı demək olar ki, iflic vəziyyətinə düşdü. Dünya artıq xaotik və qütbsüz bir mərhələyə qədəm qoydu. Yəni əvvəlki kimi “iki qütb” yoxdur. İndi çoxqütblü bir sistem formalaşır. Bu yeni mərhələdə biz – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan seçim qarşısındayıq: ya ABŞ-ni, ya Çini, ya Avropa İttifaqını (Aİ), ya da Rusiyanı seçməliyik. Amma əslində, biz öz qütbümüzü – Turan qütbünü yaratmaq imkanına malikik. Əgər Türkiyənin rəhbərliyində Azərbaycan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan bir araya gələrsə, bu, artıq beşinci qütb deməkdir: ABŞ, Rusiya, Çin, Aİ və Turan. Bu halda biz artıq öz “böyük qardaşımızı” öz içimizdə tapacağıq. İndiyə qədər gah Rusiyanı, gah ABŞ-ni, gah Avropanı “böyük qardaş” saymışıq. Hətta bəzən İran da bu rola iddia edib. Amma Turan – bizim öz ailəmiz daxilində, özümüz-özümüzə “böyük qardaş” və “kiçik qardaş” münasibətini yaratmaq şansıdır. Əvvəllər türk dövlətlərinin yarısı KTMT-də, yarısı NATO-da təmsil olunurdu. Digərləri isə bitərəf idi. Yəni xaotik vəziyyət hökm sürürdü. Amma indi Turan ideyası bu parçalanmanı aradan qaldıra bilər. Hətta Macarıstanın belə TDT-yə üzv olması bu istiqamətdə böyük addımdır. Bu proses həm Türkiyə və Azərbaycan, həm Orta Asiya dövlətləri, həm də Macarıstan üçün mühüm tarixi fürsətdir. Əminəm ki, Turan bizim nəzərdə tutduğumuz formada formalaşsa, gələcəkdə Şərqi Avropa ölkələri, hətta keçmiş Osmanlı coğrafiyasına daxil olan dövlətlər də bu birliyə qoşulmaq istəyəcəklər. Turan əvvəlcə Türk Dövlətləri Təşkilatı kimi çıxış edəcək, lakin sonradan Türk-İslam dünyasının güc mərkəzinə çevrilə bilər. Məsələn, Qətər niyə öz sərmayəsini ABŞ-yə axıtmalıdır? Və ya Səudiyyə Ərəbistanı niyə ABŞ-yə 800 milyard dollar investisiya qoyur? Müqayisə üçün deyim ki, Azərbaycan müstəqillikdən bu günə qədər neftdən təxminən 200 milyard dollar qazanıb. Səudiyyə Ərəbistanı sadəcə beş il ərzində ABŞ-yə 800 milyard dollar sərmayə qoyur. Əgər bu ölkələr Türk-İslam birliyinin tərkib hissəsi olsalar, nə Rusiyaya, nə ABŞ-yə, nə Fransaya ehtiyac qalar.
Pakistan nüvə dövləti olsa da, dünya siyasətinə istiqamət verə bilirmi? Xeyr. Hindistanla Kəşmir məsələsində ilişib qalıb. Yəni Turan təkcə altı-yeddi türk dövlətinin deyil, həm də haqsızlığa uğramış, sahibsiz qalmış dövlətlərin çıxış yolu ola bilər.
Təbii ki, bu birliyin qarşısını almağa çalışan qüvvələr də olacaq – ABŞ, Çin, Rusiya, İran, Hindistan və başqaları. Amma əgər bu dövlətlər iradə ortaya qoyub birlikdə hərəkət etsələr, çox böyük geosiyasi gücə çevrilə bilərlər. Azərbaycan isə bu gücün mərkəzlərindən biri olacaq.
Məsələn, bu gün Avropa İttifaqının mərkəzi Brüsseldir. Amma Brüssel özü kimdir ki? Danimarka, İsveçrə, Belçika – bunlar təkbaşına dünyaya istiqamət verən dövlətlər deyil. Onları güclü edən birliyin özüdür. Avropada Almaniya, Fransa və Böyük Britaniyadan başqa söz sahibi olan dövlət varmı? Xeyr. Biz isə parçalanmışıq. Halbuki bizim birləşməmək üçün heç bir səbəbimiz yoxdur. Türkmənistanla, Qazaxıstanla nə vaxt müharibə aparmışıq? Heç vaxt. Türkiyə ilə nə qədər müharibə etmişik? Osmanlı dövrünü çıxsaq, heç vaxt. Amma Almaniya, Fransa, Britaniya bir-biri ilə neçə dəfə müharibə aparıblar — Yüzillik müharibə, I və II Dünya müharibələri, dini münaqişələr... Amma bu gün onlar Avropa İttifaqı altında birləşib güc yaradıblar. Bizim isə dilimiz, dinimiz, genetik kökümüz, tariximiz, mədəniyyətimiz birdir, amma hələ də birləşə bilmirik.
- Səbəb nədir?
- Deməli, bu parçalanmanın arxasında müəyyən müdaxilələr var. Əgər biz bu müdaxilələri aradan qaldıra bilsək, Turan çox böyük və güclü bir ideyaya çevriləcək.
Bəzən bizə deyirlər ki, “Ağ Partiya" özünü Türkiyədəki hakim Ədalət və İnkişaf Partiyasını- AK Partiyaya bənzədir. Birincisi, belə deyil. İkincisi də, yaxşı edirik.
Ərəblərin belə, bir ideologiyası var. Bəs bizim, Türk-İslam dünyasının siyasi ideologiyası nədir? Yoxdur. Niyə bizim bir siyasi ideologiyamız olmasın?
Biz Prezident Rəcəb Tayyib Ərdoğan və AK Partinin hakimiyyətdə qalmasını ona görə istəyirik ki, həm nümunədir, həm də bizi bir araya gətirə biləcək gücdür. Türkiyə ilə ən yaxşı münasibətlərimiz məhz Ərdoğanın dövründə qurulub. O, ümumi ideyaya xidmət edir. Təbii ki, Azərbaycanın bu xətti də davam etməlidir. Əlbəttə, Azərbaycanda heç də hamı bu ideyanı dəstəkləmir.
Xatırlayırsınızsa, Azərbaycanda Şəhidlər məscidinin üzərindən Türk bayraqlarını endirdilər. Kimlər? Ramiz Mehdiyevin tayfası, rus kafalılar, rus, İran agentləri.
Biz bunu aşa bilsək, bu mərhələdən keçə bilsək, bəlkə də, 1800-cü illərdən bəri — Nadir Şahdan, Qacarlardan bu yana — bu regionda, yəni indiki Azərbaycan ərazisində nəhayət ki, müstəqil siyasət yürüdən bir dövlət ola biləcəyik. Yox, əgər Turan qurulmasa, biz yenə də saatlarımızı ya Kremlə uyğunlaşdırmalı olacağıq, ya Vaşinqtona, ya Brüsselə... ən yaxşı halda isə Pekinə.
- Artıq TDT+ layihəsi ilə bağlı fikirlər səsləndirilir. Sizcə, təşkilat Avropaya doğru genişlənə bilər?
- Əlbəttə. Albaniya, Bosniya və Hersoqovina gələcəkdə təşkilata üzv ola bilər. Hazırda müşahidəçi olan Macarıstan və Şimali Kipr də tamhüquqlu üzvə çevrilə bilər.
- Həmçinin TRT+ haqqında da danışılır...
- Bu, çox mühümdür. “Diriliş: Ertuğrul” kimi serialların, cizgi filmlərin, filmlərin nümayişi nəticəsində artıq bizim ortaq bir dilimiz formalaşmağa başlayır. Türk dilləri arasında ən az deformasiyaya uğramış dil bizimkidir, Azərbaycan türkcəsidir. Amma biz Türkiyənin sahib olduğu media gücünə malik olmadığımız üçün təbliğat imkanlarımız daha azdır. Türkiyənin mədəni və media sahəsindəki təbliğat gücü isə ona elə bir üstünlük verir ki, artıq təkcə türk dövlətlərində deyil, hətta Ərəbistan və Rusiyada da bu seriallara, filmlərə baxılır. O filmlər sayəsində ortaq dil, ortaq əlifba, ortaq mədəniyyət formalaşır — bunlar çox önəmlidir. Rusiya ilə bizim bu günə qədər bağımızın qopmamağının səbəbi nədir? “Nu, poqadi” cizgi filmi, “skuşonka”, “moloko”, “irislər”. Bunlar SSRİ ölkərini birləşdirən amillərdir. İndi də zaman- zaman həmin alətlərdən təbliğat və siyasi nostalji üçün istifadə olunur. Məsələn, mən indi Ukraynada, Rusiyada, Qazaxıstanda çox rahat yaşaya bilərəm. Niyə? Çünki keçmişdən ortaq nə isə var. Onlar da mənim kimi bağçada eyni yeməkləri yeyib, eyni oyuncaqlarla oynayıblar. Bunlar önəmli məsələlərdir. Rusiyanın əsas təsir imkanları məhz bu məqamlarla bağlıdır. Biz bunu dəyişməliyik. Yeni Türk-İslam dünyasının mədəni tarixini formalaşdırmalıyıq. Bizim AZTV+ yaratmağa gücümüz olmadığı üçün TRT+i dəstəkləməliyik və ona öz qatqılarımızı verməliyik. Ortaq dil olmasa, bu çətin məsələdir.İsmayıl bəy Qaspıralının ideyası da dildə, işdə və əməlində birlik idi. Turan belə qurula bilər. Təəssüf ki, Azərbaycanda AZTV-də türk filmləri hələ də tərcümə ilə verilir. Baxın, bu artıq biabırçılıqdır. Mən bilmirəm, hansı məqsədlə tərcümə ilə verilir. Gülməlisi odur ki, bütün personajlar tərcümə ilə verilir — üzərində Azərbaycan dialekti var — amma Şabanın səsi tərcümə olunmur. Bu nə oyundur?! Ayıbdır. Fikrimcə, Türk ləhcə və Osmanlı türkcəsi Azərbaycanda kimlərinsə qulağını qıcıqlandırır. Bəzən də deyirlər ki, türk serialları bizim əxlaqımızı pozur. Amma Türk serialları ortaya çıxmamışdan əvvəl biz Braziliya seriallarına baxırdıq. orada mətbəxdə çimərlik paltarları ilə oturulurdu. Amma o bizi korlamamışdı. Niyə türk serialları bizi “korladı”? Bu, bilərəkdən yayılan fikirlər, ideyalar ola bilər. Əgər bu fikirlərin qarşısını almasaq, yenə deyirəm, Turan ideyasının reallaşması çətin ola bilər. Ərdoğan yaşlanır. Allah ömr versin, amma əgər siyasətdən gedəcəksə, onun düşüncəsini davam etdirəcək biri gəlməlidir ki, bu ideyalar yaşasın. Çünki şərqdə şəxslər çox önəmlidir. Şəxslər əsas həlledici fiqurlardır. TRT+-i biz də dəstəkləyirik — ortaq dilə, ortaq əlifbaya görə. İlk addımı Türkiyə atıb. Turan birliyini yarada bilsək həm iqtisadi, həm mədəni baxımdan böyük gücə sahib olacağıq.
Türkiyənin əsas asılığı enerji ilə bağlıdır. Türkiyə qazını Türkmənistandan, nefti bizdən alsa qarşısında dayanmaq çətin olar. Sabah Qətər kimi, Küveyt kimi xırda varlı dövlətlər də şeyxlərin pullarını Trampa yox, gəlib sultana verərlər. O sultan da həm öz dövləti üçün çalışar, həm də onları qoruyar. Küveyt Osmanlıda bir kənd olub
Bunlar böyük ideyalar, böyük hədəflərdir. Güman edək ki, dövlətlərimiz bunları davam etdirə biləcəklər. Yeni dünya düzənində söz sahibi olmaq üçün bu bizim şansımızdır. Yoxsa yenə ruslardan, çinlilərdən və ya kimlərdənsə böyük qardaş tapmalıyıq.
- Türk dövlətlərinin inteqrasiyasının gələcəkdə güclənməsi KTMT-nin, NATO-nun dağılmasına səbəb ola bilərmi?
- Təbii ki, KTMT zəifləmiş vəziyyətdədirr. Demək olar ki, dağılmış kimidir. Orada bir-birinə sadiq olan dövlətlər Rusiya və Belarusdur. Ermənistan isə ümumiyyətlə heç kimə sadiq deyil. Digər iki üvz isə də türk dövlətləridir. KTMT Qarabağ müharibəsində öz effektivliyini sübut edə bilmədi. İmtahandan çıxa bilmədi. KTMT artıq BMT kimi bir quruma çevrilib.- effektivliyini itirib. ABŞ-də Donald Trampın gəlməsi ilə NATO-nun da “sabun köpüyü” olduğu görsəndi . ABŞ orada olmasa NATO adlı qurum qalmır. Azərbaycan deyib ki, ordumuzu Türkiyə modeli üzərində qururuq. NATO modeli demirik. Bizim hədəfimiz Türkiyədir. Türkiyən NATO-nun ikinci ən böyük ordusudur. Gələcəkdə Türk dövlətləri “Şuşa Bəyannaməsi” kimi bir bəyannamə imzalaya, üzvlərdən birinə hücum olacağı təqdirdə onu müdafiə edəcəklərinə dair öhdəlik götürə bilər. Beləliklə, məsələn Şuşa Bloku yarana bilər. Varşava Bloku ola bilirsə, Şuşa Bloku da ola bilər. Ümumiyyətlə, NATO öz cəlbediciliyini itirir. Artıq bəlli olub ki, ABŞ istədiyi müddətcə NATO var. Türkiyə indi Türk-İslam dünyasının ordusu ola bilər. Təbii ki, bu hərbi bloklar, hərbi birliklər siyasi blokların və siyasi birliklərin alt qurumu kimi düşünülməlidir və elə də olmalıdır. Bu birliklər yaranacaqsa, təbii ki, KTMT-lər, NATO-lar öz aktuallığını itirəcəklər. Hətta BMT belə, islahatlara getməsə mənasını itirəcək. Çünki BMT-nin qərarlarının icrasını təmin edən mexanizm yoxdur. Ona görə də BMT-nin tərkibi 5-dən böyük olmalıdır. Altıncı dövlət türk dövlətlərinin təmsilçisi olmalıdır. Biz bunun üçün Türkiyənin orada təmsilçiliyinin tərəfdarıyıq. Eyni zamanda İslam dünyasının da bir təmsilçisi olmalıdır — Səudiyyə, Misir və ya kim olarsa. Yoxsa BMT öz funksionallığını itirəcək. Yeni dünya düzəni gəlir. Bu, göz qabağındadır. Buna uyğunlaşmalıyıq. Bizim Turandan başqa yolumuz yoxdur.
- Qeyd elədiniz ki, KTMT artıq funksionallığını itirib və Rusiyanın da tərəfdaşları günü-gündən azalır, üz çevirənlərin sayı artır. Bəs Rusiya–Azərbaycan münasibətlərinin hazırkı durumunu necə qiymətləndirirsiniz? Xüsusilə Azərbaycan lideri İlham Əliyevlə Kreml rəhbəri Vladimir Putinin Düşənbədəki görüşündən sonra münasibətlərdə nə dəyişikliklər baş verdi?
- Dediyim kimi, bir çox halda Şərq dövlətlərində şəxsi münasibətlər əsas rol oynayır. Prezidentlərin şəxsi münasibətləri çox şeyi həll edir. Putinlə Prezident Əliyevin münasibətləri normal idi. İkinci Qarabağ müharibəsindən, əsasən də Xankəndidəki anti- terror əməliyyatından sonra Azərbaycan həm İrana, həm Rusiyaya, həm də digər beynəlxalq güclərə mesaj verdi ki, mənimlə yeni münasibətlər qurun. Bu, o demək idi ki, Azərbaycan artıq bərabərhüquqlu münasibətlərin tərəfdarıdır. Bu, həm ABŞ-yə, həm Avropaya, həm Rusiyaya, həm də İrana verilən mesaj idi. Birinci qarşıdurma Avropa İttifaqının təmsilçisi olan Fransa ilə yarandı. Xatırlayırsınızsa, hətta Fransa daxili işlər naziri demişdi ki, Azərbaycan bizim daxili işlərimizə qarışır. Fransa bizi bərabərhüquqlu qəbul etmirdi. Birinci Yelisey Sarayının rəhbəri Emmanuel Makrona bu qəbul etdirildi. Sonra ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin hakimiyyəti dövründə ikitərəfli münasibətlər qopma səviyyəsinə çatmışdı. Hazırkı prezident Donald Tramp hakimiyyətə gələndən sonra isə münasibətlər düzəldi. Ardınca İranla vəziyyət demək olar ki, hərbi qarşıdurma səviyyəsinə çatmışdı. Onlar bizim sərhəddə hərbi əməliyyatlar keçirirdi, biz də cavab verirdik. İndi vəziyyət düzəlib. Nəhayət, Rusiya ilə gərginlik təxminən 10 ay çəkdi. Kreml rəhbəri bütün dünyanın gözü qarşısında çıxıb hesabat verdi və üzr istədi. Fikrimcə, Düşənbə görüşündən sonra Rusiya artıq Azərbaycanı bərabərhüquqlu dövlət kimi qəbul etdi. Ondan sonra Prezident İlham Əliyev Ağ Ev rəhbəri Donald Trampın dəvəti ilə Şarm əl-Şeyxə getdi. Çünki rəsmi Bakı İsraillə Suriya, İsraillə Türkiyə, Fələstinin HƏMAS təşkilatı ilə İsrail arasında vasitəçilik imkanına malikdir. Görünən odur ki, artıq bütün dövlətlər, qonşular və güc mərkəzləri Azərbaycanı müstəqil siyasi oyunçu kimi qəbul edir. İsraili niyə ərəblər yer üzündən silə bilmir? Ərəb dövlətləri çoxdur, amma İsrailin arxasında Amerika var. Türkiyə bir bölük əsgər göndərsə, İsrail adlı dövlət qalmaz, amma İsrailin yanında ABŞ var. Azərbaycanın müstəqil siyasəti təbii ki, Türkiyənin hərbi-siyasi gücü ilə dəstəklənir.
- Yaxın Şərqdəki müharibənin bitməsi Azərbaycan üçün hansı qazancları gətirdi? Müharibə daha da uzun çəksəydi, Azərbaycan üçün hansı risklər yarana bilərdi?
- İstənilən müharibənin ən pis tərəfi onun nümunə olmasıdır. Rusiya Ukraynaya hücum edib deyə, İsrail də Fələstinə hücum edə bilər. Məsələn, İran da deyə bilər ki, mənim Rusiyadan nə fərqim var, mən də durub Azərbaycana hücum edim. Yəni belə hadisələr bir-birini təkrarlayan domino effekti yaradır. Bunun nəticəsində iqtisadi sabitlik pozulur, sabaha inam azalır. Neftin, qazın, hətta taxılın qiyməti oynayır. Ona görə də istənilən halda müharibələr digər dünya dövlətləri kimi Azərbaycana da zərər vurur. Amma Orta Şərqdə müharibələrin dayanması, Azərbaycan üçün Türkiyə vasitəsilə müəyyən imkanlar yaradır. Məsələn, Suriya indi xarabalığa çevrilib. Suriyanın yenidən qurulmasında, bərpasında Azərbaycan Türkiyənin kölgəsində iştirak edə bilsə, bu, ölkəmiz üçün həm iqtisadi, həm də siyasi qazanc demək olar. Eyni şey Fələstin və İraq üçün də keçərlidir. Türkiyə olmasa, bizi o regionlara heç kim buraxmaz. Amma indi artıq Suriya ilə enerji əməkdaşlığımız var. Bu, Azərbaycanın orada oyunçuya çevrildiyini göstərir. Üstəlik, biz kapital qoyuruq və ordan gəlir əldə edirik. Onsuz da kiçik dövlətik Suriyanın bərpasında kiçik bir layihə belə bizə böyük iqtisadi fayda gətirə bilər. Bu baxımdan bu proseslər həm şans, həm də fürsətdir. Digər tərəfdən, biz tarixi olaraq böyük bir xalqıq. Hər nə qədər bu gün torpaq baxımından kiçik olsaq da, ruh və ideologiya baxımından böyüyük. Böyük bir imperiyanın varisiyik — onun bir hissəsi İran adı altında, digər hissəsi isə Azərbaycan adı altında mövcuddur. Nadir Şah Əfşar Suqovuşanda and içəndə bu torpaqların böyüklüyünü simvolizə etmişdi. O baxımdan biz imperiya yaddaşına malik xalqıq. İndi isə İsrail ilə münasibətlərin yaxşı olması Azərbaycanı həm də vasitəçi mövqeyə gətirir. Məsələn, Türkiyə–İsrail yaxınlaşması Bakıda aparılan danışıqların nəticəsi idi. Dünyada yəhudilərin ən rahat yaşadığı ölkə məhz Azərbaycandır — bəzən deyirlər ki, hətta Bakıda İsraildən də rahat yaşayırlar. Bu isə Azərbaycana İsrail ilə müsəlman dünyası arasında körpü rolu verir. Türkiyə tərəf olduğu üçün bəzi hallarda bu vasitəçiliyi edə bilmir, amma biz edə bilirik. Bəzən çox tolerant oluruq, tolerantlığın həm faydaları, həm də zərərləri var. Faydası odur ki, lazım gələndə türklərlə yəhudiləri barışdırırıq, suriyalılarla dialoq yaradırıq. Ümumiyyətlə, Azərbaycanın xarici siyasəti 2020-ci ildən sonra ideal səviyyədə qurulub. Xüsusilə də Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyevin dediyi kimi, biz müharibədən sonra dövlətlərlə quracağımız münasibətləri onların Qarabağ məsələsinə münasibətinə əsasən müəyyən edəcəyik. Bu prinsip bu gün də özünü doğruldur. Amma düşünürəm ki, xarici siyasət uğurlu olmaqla yanaşı, daxili siyasətlə də uzlaşmalıdır. Çünki daxildə sabitlik olmadan xarici siyasətdəki uğur davamlı ola bilməz. Xatırlayırsınızsa, vaxtilə Ərəbistan ABŞ-yə neft satmadı, embarqo qoydu və nəticədə daxildə çevrilişlər başladı. Xarici münasibətlər zəifləyən kimi, daxildə də vəziyyət qarışdı. Ona görə də xarici siyasətin sağlam irəliləməsi üçün daxildə həmrəylik olmalıdır. Cəmiyyət, iqtidar və müxalifət arasında harmoniya vacibdir. Rəqabət olmalıdır, amma uçurum olmamalıdır. Bir daha qeyd etmək istəyirəm ki, xarici siyasətimiz hazırda uğurludur, amma daxili siyasətdə ictimai harmoniya və sosial diqqət gücləndirilməlidir. Yalnız bu halda Azərbaycan həm regionda, həm də dünyada müstəqil və güclü oyunçu kimi qalacaq.
Kənan Novruzov,
Fatimə Nəzərli
11:00 19.10.2025
Oxunuş sayı: 1849
