ABŞ-də təhsil alan azərbaycanlı tələbələrin sayı artır - Əsas üstünlüklər açıqlandı
Ötən tədris ilində ABŞ-də təhsil alan azərbaycanlı tələbələrin sayı 1 329 nəfərə çatıb ki, bu da əvvəlki illə müqayisədə 18 faiz artım deməkdir. Bu artım artıq ardıcıl dördüncü ildir müşahidə olunur və ABŞ-nin Azərbaycanlı gənclər üçün ali təhsil istiqamətində ən çox seçilən ölkələrdən biri olaraq mövqeyini qoruduğunu göstərir.
Bəs xaricdə təhsil almağı planlaşdıran abituriyentlər ölkə seçimini hansı meyarlar əsasında edirlər? Təhsil keyfiyyəti, diplomun beynəlxalq tanınması, təqaüd imkanları, əmək bazarında rəqabət üstünlüyü, məzunların karyera perspektivləri və ölkənin təqdim etdiyi akademik mühit bu seçimdə nə dərəcədə rol oynayır? Eyni zamanda, niyə məhz ABŞ hər il artan statistika ilə azərbaycanlı tələbələri cəlb etməyə davam edir və bu marağın arxasında hansı əsas faktorlar dayanır?

Mövzu ilə bağl Milli Məclisin deputatı Elnarə Akimova Crossmedia.az-a açıqlama verib: “ABŞ universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayının son bir ildə 18 faiz artaraq 1329 nəfərə çatması həm Azərbaycan gənclərinin qlobal düşüncə tərzinin dəyişdiyini, həm də dünyanın aparıcı ali təhsil mərkəzlərinin ölkəmizdən olan tələbələr üçün daha cəlbedici hala gəldiyini göstərir. Əslində, xaricdə təhsil almaq istəyən abituriyentlərin ölkə seçimi bir neçə mühüm amilə əsaslanır. Burada universitetlərin beynəlxalq reytinqi, tədrisin keyfiyyəti, məzunların əmək bazarındakı nüfuzu, elmi-tədqiqat imkanları, təqaüd proqramları və gələcək karyera perspektivləri əsas rol oynayır. Müasir gənclik artıq diplomun özündən daha çox həmin diplomun açdığı imkanlara diqqət yetirir. Bu baxımdan ABŞ uzun illərdir dünyanın ən güclü ali təhsil məkanlarından biri hesab olunur. Dünyanın ən nüfuzlu universitetlərinin əhəmiyyətli hissəsinin ABŞ-də yerləşməsi azərbaycanlı tələbələrin seçimlərinə birbaşa təsir göstərir. Harvard, Massaçusets Texnologiya İnstitutu, Stanford, Yale, Prinston, Kolumbiya və digər universitetlər təkcə təhsil müəssisəsi deyil, eyni zamanda gələcəyin siyasi liderlərinin, alimlərinin, sahibkarlarının və innovatorlarının yetişdiyi qlobal mərkəzlərdir”.
Deputat əlavə edib ki, belə bir mühitdə təhsil almaq hər bir gənc üçün böyük üstünlük hesab olunur:
“ABŞ-ni fərqləndirən əsas xüsusiyyətlərdən biri də tələbəyə təqdim olunan sərbəst seçim imkanlarıdır. Burada gənclər yalnız ixtisas öyrənmir, eyni zamanda fərqli mədəniyyətlərlə tanış olur, tənqidi düşünmə bacarıqları qazanır, beynəlxalq əlaqələr formalaşdırır və qlobal əmək bazarına inteqrasiya etmək imkanı əldə edirlər. Bu isə XXI əsrin sürətlə dəyişən dünyasında son dərəcə vacib amildir.
Azərbaycanlı tələbələrin ABŞ-yə marağının artmasının digər səbəbi təqaüd və maliyyə dəstəyi proqramlarının genişlənməsidir. Son illər bir çox universitetlər beynəlxalq tələbələr üçün əlavə imkanlar yaradır, istedadlı gənclərin təhsil xərclərinin mühüm hissəsini öz üzərinə götürür. Bu da xaricdə təhsili daha əlçatan edir. Lakin məsələyə yalnız statistik rəqəm kimi baxmaq doğru olmazdı. Burada daha vacib məqam odur ki, xaricdə təhsil alan azərbaycanlı gənclər ölkəmizin intellektual kapitalını formalaşdıran insan resursuna çevrilirlər. Onlar dünyanın qabaqcıl elmi və texnoloji nailiyyətlərini mənimsəyərək gələcəkdə Azərbaycan iqtisadiyyatının, elminin, təhsilinin və dövlət idarəçiliyinin inkişafına töhfə verə bilərlər. Bu gün ABŞ universitetlərinə üz tutan hər azərbaycanlı tələbə əslində yalnız öz gələcəyini deyil, ölkəsinin gələcəyini də formalaşdırmalıdır. Çünki müasir dünyada dövlətlərin gücü təkcə təbii sərvətlərlə deyil, insan kapitalının səviyyəsi ilə ölçülür. Azərbaycanın xaricdə təhsil alan gənclərinin sayının artması isə göstərir ki, ölkə yeni dövrün əsas sərvəti olan bilik və intellekt uğrunda qlobal rəqabətdə daha fəal iştirak etməyə başlayıb. Bəlkə də, bu statistikanın ən mühüm mesajı məhz budur: Azərbaycan gəncliyi artıq dünyanın ən yaxşı universitetlərinin qapısını döymür, həmin qapılardan inamla içəri daxil olur”.

Təhsil eksperti Elçin Süleymanov isə qeyd edib ki, ABŞ demək olar, dünyada təhsilin əsas mərkəzlərindən biri hesab olunur: “Çünki burada universitetlər kifayət qədər güclü maddi-texniki baza ilə təmin olunub. Dünyanın aparıcı ali təhsil müəssisələrinin böyük hissəsi məhz Amerikada yerləşir. Müxtəlif reytinq qurumlarının statistikasına əsasən, dünyanın top 100 universitetinin təxminən 60–70 faizi ABŞ universitetləridir. Bu isə, şübhəsiz ki, həmin universitetlərin güclü maddi-texniki imkanları, yüksək maliyyə resursları, dünyanın ən güclü beyinlərini cəlb etməsi, həmçinin tələbə, müəllim və universitet mühitində mövcud olan liberal və sərbəst akademik yanaşma ilə əlaqədardır. Azərbaycanda keyfiyyətli təhsil axtarışında olanlar üçün də ən uyğun istiqamətlərdən biri ABŞ hesab olunur. Burada əsasən iki xətt üzrə təhsil almaq mümkündür. Birinci istiqamət dövlət proqramları vasitəsilə dünyanın aparıcı universitetlərində təhsil almaq imkanıdır. İkinci istiqamət isə universitetlərin təqdim etdiyi təqaüd proqramları və ya abituriyentlərin öz maliyyə imkanları hesabına təhsil almasıdır”.
Ekspert əlavə edib ki, Amerikada təhsil almaq, xüsusilə keyfiyyətli təhsil əldə etmək istəyən abituriyentlər üçün daha cəlbedici görünür və buna görə də hər il bu ölkədə oxumaq istəyənlərin sayı artır: “Burada təhsil alan əvvəlki məzunların müxtəlif ölkələrdə iş tapmaq imkanlarının geniş olması, Azərbaycana qayıtdıqdan sonra həm özəl sektorda, həm də dövlət qurumlarında kifayət qədər yüksək vəzifələrdə fəaliyyət göstərməsi də bu marağın formalaşmasında və statistik göstəricilərin artmasında mühüm rol oynayır".
Ayhan
14:49 08.06.2026
Oxunuş sayı: 50