Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
İyunun 8-də Bakıda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Suriya Ərəb Respublikasının Xarici İşlər və Mühacirlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq idarəsinin rəisi Emil Səfərov, Suriya nümayəndə heyətinə isə Konsulluq idarəsinin rəisi Məhəmməd Yaqub əl-Ömər rəhbərlik ediblər.
Görüş zamanı Azərbaycanla Suriya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.
Konsulluq sahəsində həyata keçirilən yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər, iki ölkə vətəndaşlarının hüquq və maraqlarının qorunması, eləcə də Azərbaycan vətəndaşlarının Suriyadan repatriasiyası məsələlərini müzakirə ediblər.
Suriya tərəfi yeni qurulan konsulluq xidmətlərinin təkmilləşdirilməsi üçün Azərbaycanın təcrübəsindən faydalanmaqda maraqlı olduqlarını bildirib.
23:19 08.06.2026
Oxunuş sayı: 50