Yaxın Şərqdə davamlı sülh üçün şərtlər açıqlandı
ABŞ-in İrana qarşı həyata keçirdiyi son hərbi əməliyyat Vaşinqton ilə Tehran arasında gərginliyin yeni mərhələyə keçdiyini göstərir. CENTCOM-un açıqladığı məlumatda strateji hərbi obyektlərin və Hörmüz boğazında İranın imkanlarının hədəfə alındığı bildirilir. Bu hadisə Yaxın Şərqdə təhlükəsizlik balansı, enerji marşrutlarının gələcəyi və regional güclər arasındakı qarşıdurmanın dərinləşməsi ilə bağlı yeni suallar doğurur.

Siyasi şərhçi Aydın Quliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, ABŞ-in İrana endirdiyi zərbələr və bölgədə atəşkəsin pozulması Yaxın Şərqdə sülh perspektivlərini daha da zəiflədib:
"ABŞ-İran və İran-İsrail qarşıdurması fonunda Yaxın Şərqdə onsuz da pozulmuş təhlükəsizlik balansı daha da ağırlaşıb. Hazırkı mərhələdə bölgədə sülh ehtimalı müharibə riskindən daha zəif görünür."
Ekspertin sözlərinə görə, son hərbi əməliyyatlar və tərəflərin qəbul etdiyi qərarlar əvvəlki razılaşmaların faktiki olaraq qüvvədən düşdüyünü göstərir:
"ABŞ-in İrana endirdiyi zərbələrdən sonra qarşıdurma yeni mərhələyə keçib. İran parlamentinin əvvəlki razılaşmaların ləğvi ilə bağlı qərarı da onu göstərir ki, tərəflər arasında əldə olunmuş siyasi anlaşmalar artıq praktik əhəmiyyətini itirib."
A.Quliyev bildirib ki, hazırda ABŞ və İran arasında hərbi gərginlik davam edir və bu, regionun təhlükəsizlik mühitinə birbaşa təsir göstərir:
"ABŞ-in Hörmüz boğazı ətrafında həyata keçirdiyi əməliyyatlar, İranın isə bölgədəki ABŞ hərbi obyektlərini hədəfə alması qarşıdurmanın davam etdiyini göstərir. Bununla yanaşı, İran və İsrail arasında birbaşa hərbi toqquşma ehtimalı da qalmaqdadır".
Siyasi şərhçinin fikrincə, Livan istiqamətində də vəziyyət sabit deyil və Hizbullah məsələsi regional gərginliyin əsas faktorlarından biri olaraq qalır:
"İran Hizbullahın siyasi və hərbi təsirinin zəiflədilməsi ilə razılaşmır və hesab edir ki, bölgədə əldə olunacaq hər hansı razılaşma Livanı da əhatə etməlidir. Bu mövqe isə yeni kompromislərin əldə olunmasını çətinləşdirir".
Ekspert hesab edir ki, mövcud şəraitdə Yaxın Şərqdə yaxın perspektivdə sülhün bərqərar olacağını gözləmək çətindir:
"Regionda sabitliyin təmin olunması üçün güclü beynəlxalq vasitəçiliyə və bütün tərəflərin sülhə real siyasi iradə nümayiş etdirməsinə ehtiyac var. Münaqişələrin əsas səbəbləri aradan qaldırılmadan və tərəflər danışıqlar masasına qayıtmadan Yaxın Şərqdə davamlı sülhdən danışmaq mümkün deyil".
Nigar Xəlilli
13:00 17.07.2026
Oxunuş sayı: 72