Uşaqların onlayn təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsidir
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin IV Şuşa
Qlobal Media Forumu çərçivəsində TikTok və LinkedIn-in məsul şəxsləri, eləcə də
beynəlxalq ekspertlərlə keçirdiyi görüşlər aktual mövzuya diqqət çəkdi. Görüşlərdə
rəqəmsal idarəetmə, Azərbaycanın yeni qanunvericiliyinin tətbiqi və uşaqların
onlayn mühitdə daha effektiv qorunması məsələləri müzakirə olunub. Bu, təsadüfi
deyil. Bu gün sosial şəbəkələr uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib.
TikTok kimi platformalar əyləncə və yaradıcılıq fürsəti versə də, eyni zamanda
məzmunun idarəolunmaz axını, alqoritmlərin bağımlılıq yaradan mexanizmləri,
kiberzorakılıq, seksual istismar riskləri və yanlış məlumat təhlükəsi daşıyır.
LinkedIn kimi “yetkin” platformalarda belə yaş məhdudiyyətləri və məzmun filtrləri
yetərli səviyyədə işləmir. Uşaqların onlayn qorunması artıq milli təhlükəsizlik,
psixoloji sağlamlıq və gələcək nəslin inkişafı məsələsidir. Hikmət Hacıyevin
qeyd etdiyi kimi, bu sahədə beynəlxalq əməkdaşlıq və milli qanunvericiliyin
gücləndirilməsi vacibdir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova açıqlamasında qeyd edib ki, süni intellektin, internet texnologiyalarının sürətli inkişafı, kiçik şəhərlərdə, hətta ucqar kəndlərdə belə hamıya, o cümlədən, uşaqlara yeni imkanlar təqdim edir: “Onlar maariflənir, yeni bilik və bacarıqlar qazanırlar. Lakin bununla yanaşı, hökumətlərin, valideynlərin və cəmiyyətin diqqətini tələb edən ciddi risklər də yaradır. Uşağın hansı ölkədə yaşamasından asılı olmayaraq, sosial media, onlayn oyunlar və digər rəqəmsal platformalardan istifadə etməsi müəyyən təhdidlərlə əlaqələndirilir. Məsələn, bu gün dünyada məktəb yaşlı hər altı uşaqdan biri kiberzorakılıqla qarşılaşır. Lakin bu, rəqəmsal zorakılığın yalnız bir formasıdır. Kibertəcavüz, kibertrafik və insan hüquqlarının pozulmasının digər formaları onlayn rejimdə də mövcuddur. Onlayn pedofiliya və yeniyetmələrin onlayn ünsiyyət vasitəsilə intihar halları da dünya miqyasında qeydə alınır. Buna görə də, problem ümumilikdə düşündüyümüzdən daha geniş və dərin olduğunu deyə bilərik. Bu fonda bir çox ölkələr sosial mediada uşaqların təhlükəsizliyinə getdikcə daha çox diqqət yetirirlər: qanunvericilik təkmilləşdirilir, yeni müdafiə mexanizmləri tətbiq olunur. Hazırda rəqəmsal məkanda uşaqların təhlükəsizliyini təmin etməyə yönəlmiş beynəlxalq hüquqi çərçivə mövcuddur. Azərbaycanın qoşulduğu Avropa Şurasının Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi haqqında Konvensiyası (Lanzarote Konvensiyası), BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası və Avropa Şurasının Kibercinayətkarlıq haqqında Konvensiyası qüvvədədir. Bundan əlavə, BMT-nin Kibercinayətkarlıq haqqında Konvensiyası 2024-cü ilin dekabr ayında qəbul edilmişdir. Azərbaycan bu sənədi ratifikasiya edən ilk ölkələrdən biridir. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması halları ilə bağlı fiziki, vəzifəli və hüquqi şəxslərə cərimə sanksiyaları tətbiq edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa uşaqları qorumaq üçün jarqon, qeyri-əxlaqi ifadələri, narkotik vasitələri, psixotrop maddələri, alkoqolu təbliğ edən informasiya axınının qarşısını alması istiqamətində çox vacib əlavə və dəyişiklik olundu. Yaş məhdudiyyətinin tətbiq edilməsi və ondan irəli gələn digər məsələlərlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişiklik edildi. Dövlətimiz bu məsələyə xüsusi diqqət və həssaslıq göstərir”.

Deputat qeyd edib ki, Prezidenti İlham Əliyevin
“Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər
haqqında” sərəncamı məhz bu diqqətin təzahürüdür: “Həmin sənədə əsasən, uşaqları rəqəmsal mühitdəki zərərli təsirlərdən
qorumaq üçün sosial şəbəkələrdə yaş məhdudiyyətləri, məktəblərdə elektron cihaz
istifadəsi qaydaları və kiber-təhlükəsizlik tədrisi nəzərdə tutulur. Nazirlər
Kabineti və müvafiq qurumlar tərəfindən
uşaqların onlayn təhlükəsizliyini təmin edən hüquqi və texnoloji mexanizmlərin təkmilləşdirilməsi
ilə bağlı müvafiq işlər görülür. Bu günlərdə Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında
aparılan müzakirələr, qarşıya qoyulan vəzifələr bir daha göstərir ki, dövlətin rəqəmsal transformasiyası prosesində
vacib sahələrdən biri də vətəndaşların,
xüsusi ilə də uşaqların hüquqlarının qorunmasıdır. Əsas məqsəd uşaqlar üçün
daha təhlükəsiz rəqəmsal mühit yaratmaq, zorakılığın təşviqini aradan
qaldırmaq, uşaq hüquqlarının pozulmasının qarşısını almaq və yetkinlik yaşına
çatmayanların fiziki və ya psixoloji inkişafına zərər verə biləcək məzmunun
yayılmasını məhdudlaşdırmaqdır. Əlbəttə ki, güclü qanunvericilik, görülən işlərlə
yanaşı, burada valideynlərin hüquqi məsuliyyət
məsələsini də vurğulamalıyıq. Çünki onlar, uşaqların müdafiəsi sistemində əsas
rol oynayır. Və uşaqların təhlükəsizliyi və tərbiyəsi üçün öhdəlik və vəzifələri
var. Buna görə də, ailə təhlükəsiz onlayn davranış mədəniyyətinin inkişaf
etdirilməsində mühüm rol oynayır. Valideyn nəzarəti, tərbiyə prosesində iştirak
və uşağın boş vaxtını necə keçirdiyinə, maraqlarına və istifadə etdiyi rəqəmsal
resurslara diqqət yetirmək çox vacibdir. Eyni dərəcədə uşaqların hərtərəfli
inkişafı üçün şərait yaratmaqdır: idmanı, yaradıcılığı, oxumağı, həmyaşıdları
ilə qarşılıqlı əlaqəni və sosiallaşmanı təşviq edən digər fəaliyyətləri təbliğ
etmək”.
H.Hüseynova qeyd edib ki, rəqəmsal dünyanın yalnız risklər deyil, həm də böyük imkanlar gətirdiyini başa düşmək vacibdir: “Buna görə də, qanunvericilik orqanı olaraq, məqsədimiz uşaqların müasir texnologiyalara çıxışını məhdudlaşdırmaq deyil, onların istifadəsi üçün təhlükəsiz mühit yaratmaqdır. Biz uşaq və gənclərin təkcə rəqəmsal xidmətlərdən inamla istifadə etməsində deyil, həm də İT bacarıqlarını fəal şəkildə inkişaf etdirməsində maraqlıyıq. Buna görə də, uşaq və gənclərə ideyalarını həyata keçirməyə, praktik bacarıqlar qazanmağa və ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verən təhsil proqramları, hakatonlar, startap akseleratorları və digər layihələr böyük əhəmiyyət kəsb edir. Bu yanaşma eyni zamanda, uşaqların təhlükəsizliyini təmin edir və onların rəqəmsal sahədə potensiallarını reallaşdırmaları üçün şərait yaradır. Əsas məsələ texnologiyanı nə tərifləmək, nə də qınamaqdır. Əksinə, bu, sadə bir həqiqəti qəbul etməkdir: ətrafımızdakı rəqəmsal mühit nəinki böyük fayda gətirə bilər, həm də uşaqların sağlamlığı və inkişafı üçün ciddi risklər yarada bilər. Bizim məsuliyyətimiz onun faydalarını maksimum dərəcədə artırmaqla yanaşı, eyni zamanda bu risklərin qarşısını almaqdır. Bu istiqamətdə bütün maraqlı tərəflərin birgə iştirakı, əməkdaşlığı, verdiyi töhfələr olduqca vacibdir”.
İKT eksperti Elvin Abbasov isə qeyd edib ki, uşaqların
onlayn mühitdə, xüsusən də fərqli alqoritmlərə və auditoriyaya malik sosial şəbəkələrdə
qorunması məsələsi həm dövlət tənzimlənməsi, həm də ailədaxili rəqəmsal
gigiyena qaydalarının vəhdətini tələb edir: “Bu istiqamətdə dövlət və texnoloji
platformalar səviyyəsində atılmalı olan zəruri addımlardan biri qanunvericilik
tərəfindən "standart olaraq təhlükəsiz" modelinin tələb edilməsidir.
Bu modelə əsasən, 18 yaşdan aşağı istifadəçilərin profilləri qeydiyyat zamanı
avtomatik olaraq gizli rejimdə aktivləşdirilməli və coğrafi məkan
koordinatlarının izlənilməsi funksiyası standart olaraq qapalı saxlanılmalıdır.
Eyni zamanda, sadəcə doğum tarixini əllə daxil etməklə qeydiyyatdan keçmək
mexanizminin uşaqlar tərəfindən manipulyasiya olunmasının qarşısını almaq üçün
süni intellekt əsaslı yaş təyinetmə texnologiyalarından istifadə edilməklə daha
etibarlı yoxlama sistemlərinin tətbiqi nəzərdə tutula bilər. Yeniyetmələrin
psixologiyasında asılılıq yaradan "sonsuz sürüşdürmə" və avtomatik
video oynatma funksiyalarının uşaq profilləri üçün məhdudlaşdırılması və ya müəyyən
saat limitlərindən sonra avtomatik qapadılması da platformalar səviyyəsində tətbiq
oluna biləcək mexanizmlər sırasındadır”.
Uşaqların onlayn təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələ
E.Abbasov qeyd edib ki, süni intellekt və alqoritmlərin
bu qədər inkişaf etdiyi bir dövrdə valideynlərin də üzərinə ciddi öhdəliklər və
fərqli davranış modelləri düşür: “Valideynlər yalnız platformadaxili təhlükəsizlik
tənzimləmələri ilə kifayətlənməməli, həm də əməliyyat sistemi səviyyəsində işləyən
rəqəmsal nəzarət proqramlarından istifadə edərək tətbiqlərin yüklənməsinə icazə
mexanizmi qurmalı və gündəlik ekran vaxtı limitləri təyin etməlidirlər. Bununla
yanaşı, valideynlər fərqli şəbəkələrin risk profillərini düzgün differensiasiya
etməyi bacarmalıdırlar; çünki "TikTok" kimi platformalarda əsas təhlükə
asılılıq yaradan qısa videolar və uyğunsuz məzmunlara asan çıxışdırsa,
"LinkedIn" kimi peşəkar şəbəkələrdə, xüsusən yeniyetmələr karyera məqsədilə
bura erkən daxil olduqda, əsas risk fərdi məlumatların, təhsil müəssisəsinin və
yerləşdiyi məkanın kənar şəxslərə tam açıq olmasıdır. Nəticə etibarilə, tam
qadağalar əksər hallarda uşaqların gizli profillər açmasına və ya alternativ
yollar aramasına səbəb olduğu üçün, əsas diqqət qadağalardan rəqəmsal
savadlılığa keçidə yönəldilməlidir. Uşaqlara şəbəkədə rəqəmsal ayaq izinin nə
olduğu, fərdi məlumatların qorunmasının vacibliyi və onlayn mühitdə kənar şəxslərlə
ünsiyyətin potensial təhlükələri barədə mütəmadi məlumat verilməklə onlarda
güclü kiber-gigiyena vərdişləri formalaşdırılmalıdır”.
Ayhan
20:00 14.07.2026
Oxunuş sayı: 54