Qəzzada dağıntılar altından 100 nəfərin cəsədi çıxarıldı
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıdılmış evlərin dağıntıları altından çıxarılan 100 nəfərin cənazəsi ilə bağlı kütləvi dəfn mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
Mərasimdə ölənlərin yaxınları, icma və siyasi nümayəndələr də daxil olmaqla minlərlə fələstinli iştirak edib. Cənazələr və insan qalıqları dağıdılmış evlərin xarabalıqları yaxınlığındakı əraziyə gətirilib və üzərləri Fələstin bayraqları ilə örtülüb.
Mərasimdə Qəzza Mülki Müdafiə qüvvələrinin nümayəndələri, həlak olanların ailə üzvləri və icma təmsilçiləri çıxış ediblər. Cənazələrin namazdan sonra Zeytun məhəlləsində yerləşən Əl-Əhli qəbiristanlığında dəfn ediləcəyi bildirilib.
Mülki Müdafiə dəstələri həmin şəxslərin cəsədlərini son günlər ərzində dağıntılar altından çıxarıb. Bu iş İsrailin müharibə zamanı dağıtdığı binaların dağıntıları altında qalan fələstinlilərin cəsədlərinin çıxarılması məqsədilə iyulun 19-da başladılan layihənin ikinci mərhələsi çərçivəsində həyata keçirilib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, həlak olanlar Rəhim, Bəlavi, Mələka, Qənbur və Səlmi ailələrinin üzvləridir. Onların təxminən iki il yarım əvvəl İsrail qüvvələrinin bir neçə yaşayış evinə zərbələri nəticəsində öldüyü bildirilir.
Axtarış və xilasetmə işləri məhdud imkanlarla aparılır. Mülki Müdafiə qüvvələrinin sərəncamında az sayda ekskavator və köhnəlmiş texnika olduğu, İsrailin isə dağıntıların altında qalan insanların axtarılması üçün zəruri ağır texnika və avadanlıqların Qəzzaya daxil olmasına məhdudiyyətlər tətbiq etdiyi qeyd olunur.
Anadolu Agentliyinin hesablamalarına görə, bazar günü keçirilən mərasim cəsədlərin və insan qalıqlarının sayı baxımından Fələstin tarixinin ən böyük dəfn mərasimlərindən biri olub. Avqustun əvvəlində Qəzza şəhərinin Səbri məhəlləsində dağıntılar altından çıxarılan 112 fələstinli üçün də oxşar dəfn mərasimi keçirilib.
Layihənin ikinci mərhələsi Qəzza şəhəri, eləcə də anklavın şimal və mərkəzi hissələrində dağıdılmış 147 yaşayış evində ümumilikdə 800 saatlıq işin aparılmasını nəzərdə tutur. Hazırda həmin ərazilərdə təxminən 1 072 nəfərin cəsədinin dağıntılar altında qaldığı ehtimal edilir.
Layihənin birinci mərhələsinə 2025-ci ilin noyabrında başlanılıb və 500 saatlıq iş aparılıb. Bu mərhələdə 54 ev və binanın dağıntıları altında itkin düşdüyü ehtimal edilən 559 nəfərdən təxminən 333 nəfərin cəsədi və insan qalıqları çıxarılıb.
Fələstin tərəfinin məlumatına görə, 10 oktyabr 2025-ci ildən qüvvədə olan atəşkəs razılaşmasının ilk mərhələsi çərçivəsində İsrail ağır texnika və axtarış-xilasetmə avadanlıqlarının Qəzzaya daxil olmasına şərait yaratmalı idi.
Atəşkəs Qəzzaya qarşı təxminən iki il davam edən İsrail hərbi əməliyyatlarından sonra əldə olunub. Fələstin rəsmilərinin məlumatına əsasən, həmin müddətdə 73 mindən çox fələstinli həlak olub, 174 mindən çox insan yaralanıb, anklavın mülki infrastrukturunun böyük hissəsi dağıdılıb və ya zərər görüb.
21:40 06.09.2026
Oxunuş sayı: 42