Xristian monastırına qarşı təxribat: Şərqi Qüdsdə yeni insident
İşğal altındakı Şərqi Qüdsün İçəri Şəhərində, Erməni məhəlləsində yerləşən Müqəddəs Yaqub monastırının girişində israilli işğalçının tüpürdüyü bildirilib.
Crossmedia.az xəbər verir ki, Fələstin Qüds Qubernatorluğu bu barədə məlumat yayıb.
Qubernatorluğun açıqlamasında hadisənin İçəri Şəhərdə kilsə, monastır və xristian din xadimlərinə qarşı təkrarlanan hücumlar silsiləsinin bir hissəsi olduğu bildirilib. Qeyd olunub ki, bu hallara tüpürmə, təhqir, fiziki hücum və vandalizm daxildir.
Qubernatorluq insidenti əks etdirən videonu da yayıb. Görüntülərdə israilli işğalçının monastırın girişinə tüpürdüyü görünür.
Hadisədən bir gün əvvəl Fələstin xarici işlər naziri Varsen Aqabekian Şahin Yaxın Şərqdə Sülh naminə Kilsələr təşkilatının nümayəndə heyəti ilə görüşüb. Görüşdə xristianlara qarşı hücumlar, İordan çayının qərb sahilində vəziyyət və Fələstin ərazilərində xristian icmasının qarşılaşdığı problemlər müzakirə olunub.
Nazirlikdən bildirilib ki, Şahin İordan çayının qərb sahilində vəziyyətin pisləşdiyini və İsrail ordusunun himayəsi altında israilli işğalçıların zorakılığının artdığını diqqətə çatdırıb. O, həmçinin Fələstində xristianların sayının azalmasına səbəb olan çətinliklərdən danışıb.
Nümayəndə heyətinin üzvləri səfərlərinin Fələstin xalqına həmrəylik nümayiş etdirmək məqsədi daşıdığını bildiriblər. Onlar Müqəddəs Torpaqda və ümumilikdə Fələstində xristian icmasının sayının azalmasından narahatlıqlarını ifadə ediblər.
Avqustun 11-də Fələstində Kilsə İşləri üzrə Ali Prezident Komitəsi İsrailin xristian icmalarına qarşı hücumlarının onların bölgədə uzunmüddətli mövcudluğunu təhdid etdiyini açıqlayıb. Komitə bu hücumların artıq ayrı-ayrı hadisələr olmadığını, hücumlar, torpaqların müsadirəsi, yaşayış məntəqələrinin genişləndirilməsi və ibadət azadlığına məhdudiyyətlərdən ibarət davamlı proses olduğunu bildirib.
Təxminən bir həftə əvvəl işğal altındakı Şərqi Qüdsdə xristian məktəbləri dərsləri növbəti bildirişə qədər dayandırıb. Buna İsrailin 70-dən çox müəllim və əməkdaşın giriş icazəsini yeniləməməsi və onların məktəblərə gedə bilməməsi səbəb olub.
Məlumata görə, İsrailin 2023-cü ilin oktyabrında Qəzza zolağına qarşı müharibəyə başlamasından sonra işğal altındakı İordan çayının qərb sahilində İsrail ordusunun gündəlik reydləri və israilli işğalçıların hücumları kəskin artıb.
21:45 06.09.2026
Oxunuş sayı: 49