Keçidlərdə mahnı oxumaq ictimai davranış qaydalarına ziddir
Son illər Bakıdakı yeraltı piyada keçidlərində küçə musiqiçilərinin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu gün paytaxtın bir çox keçidlərində müxtəlif musiqi alətlərində ifa edən və ya mahnı oxuyan gənclərə rast gəlmək mümkündür. Bəziləri bunu gənclərin öz istedadını nümayiş etdirməsi, yaradıcılıqlarını insanlara çatdırması və şəhərin mədəni həyatına rəng qatan bir ənənə kimi qiymətləndirir. Dünyanın bir çox böyük şəhərlərində küçə musiqiçilərinin fəaliyyət göstərməsi adi hal hesab olunur və bu, şəhər mədəniyyətinin ayrılmaz hissəsi kimi qəbul edilir. Lakin məsələnin digər tərəfi də var. Bir sıra vətəndaşlar yeraltı keçidlərdə yüksək səsli ifaların narahatlıq yaratdığını, insanların rahat hərəkətinə mane olduğunu, bəzən isə səs avadanlıqlarından həddindən artıq istifadə edildiyini bildirirlər. Sosial şəbəkələrdə bu mövzu ətrafında gedən müzakirələr də göstərir ki, cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil. Kimlərsə küçə musiqiçilərinə dəstək göstərdiyi halda, digərləri onların fəaliyyətinin müəyyən qaydalar çərçivəsində tənzimlənməsinin vacibliyini vurğulayır.
Sosioloq Rəvan Əliyev Crossmedia.az-a açıqlamasında qeyd edib ki, yeraltı piyada keçidlərində musiqi ifa edən gənclərə qarşı yaranan aqressiyanı yalnız onların fəaliyyəti ilə izah etmək düzgün olmaz: "Burada əsas məsələ insanların musiqiyə münasibəti deyil, ictimai məkanlardan istifadə mədəniyyəti və qarşılıqlı hörmət məsələsidir. Şəhər məkanı bütün vətəndaşlar üçün bərabər istifadə hüququ olan ictimai mühitdir. İnsanlar yeraltı keçidlərdən ilk növbədə təhlükəsiz və rahat şəkildə hərəkət etmək üçün istifadə edirlər. Bu məkanlarda yüksək səs, keçidi çətinləşdirən fəaliyyət və ya məcburi şəkildə insanların diqqətini cəlb etməyə yönəlmiş davranışlar müəyyən narahatlıq yaradır. Nəticədə insanlar bunu sənət fəaliyyəti kimi deyil, şəxsi rahatlıqlarına müdaxilə kimi qəbul edirlər və aqressiya da məhz bu səbəbdən formalaşır".

Sosioloq qeyd edib ki, digər tərəfdən, küçə musiqiçiliyi dünyanın bir çox şəhərlərində normal qarşılanan mədəni fəaliyyət növüdür: "Lakin bu fəaliyyət müvafiq qaydalar, müəyyən edilmiş məkanlar və səs səviyyəsinə dair tələblər çərçivəsində həyata keçirilir. Belə olduqda həm musiqiçilərin özlərini ifadə etmək hüququ qorunur, həm də vətəndaşların rahat hərəkət və sakit mühit hüququ pozulmur. Bu səbəbdən məsələyə emosional deyil, institusional yanaşmaq lazımdır. Tam qadağalar problemi həll etməyə bilər. Daha məqsədəuyğun yanaşma küçə ifaçılığı üçün xüsusi yerlərin müəyyənləşdirilməsi, icazə mexanizminin yaradılması, səs səviyyəsinin tənzimlənməsi və ictimai davranış qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsidir".
Ayhan
11:00 14.07.2026
Oxunuş sayı: 60