Aİ Ermənistana təhlükəsizlik üzrə yeni müşavir missiyası göndərir
Avropa İttifaqı(Aİ) Ermənistan hakimiyyətinə dəstək məqsədilə təhlükəsizlik və "hibrid təhdidlər" üzrə müşavirlərdən ibarət yeni missiya göndərəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatına istinadən "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, missiya Aİ-nin Ümumi Xarici və Təhlükəsizlik Siyasəti çərçivəsində fəaliyyət göstərəcək.
Missiyanın əsas vəzifələrinə kibertəhdidlərə qarşı mübarizə, xarici informasiya manipulyasiyası və müdaxilələrin qarşısının alınması, eləcə də qanunsuz maliyyə axınları ilə mübarizə daxildir.
İlkin mərhələdə missiyanın fəaliyyət müddəti iki il nəzərdə tutulub. Ona əvvəllər Moldovada analoji missiyaya rəhbərlik etmiş Kosmin Georqe Dinesku başçılıq edəcək.
Sputnik Armenia xatırladır ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl "hibrid təhdidlər" anlayışının əslində Moskva ilə əməkdaşlığa qarşı yönəldildiyini bildirmişdi. Onun sözlərinə görə, Avropa İttifaqı indiki vəziyyətdə Ermənistana iqtisadi durğunluq, silahlanma yarışının sürətlənməsi və təhlükəli avantüralardan başqa heç nə təklif edə bilməz.
15:49 13.07.2026
Oxunuş sayı: 73