Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləməkdə çətinlik çəkir
Avropa İttifaqında Rusiyaya qarşı hazırlanmış 21-ci sanksiyalar paketinin qəbul olunmaması ehtimalı qalır.
Crossmedia.az xəbər verir ki, bu barədə Euractiv nəşri adı açıqlanmayan yüksəkvəzifəli Aİ diplomatına istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, üzv ölkələr arasında danışıqlar davam edir və yeni sanksiyalar paketi hələ də təsdiqlənməyə bilər.
Nəşr qeyd edir ki, Aİ ölkələrinin nümayəndələri bazar ertəsi xarici işlər nazirlərinə təqdim olunacaq kompromis variant üzərində işləyirlər. Bildirilir ki, razılıq əldə etmək üçün paketdə nəzərdə tutulan ən sərt tədbirlərin əhəmiyyətli hissəsinin yumşaldılması müzakirə olunur.
Fransanın xarici işlər naziri Jan-Noel Barro daha əvvəl Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin iyulun 13-də qəbul ediləcəyini bildirmişdi.
Rusiya isə dəfələrlə Qərbin sanksiya təzyiqinə uyğunlaşdığını bəyan edib. Moskva hesab edir ki, Qərb tətbiq etdiyi sanksiyaların gözlənilən nəticəni vermədiyini etiraf etmək istəmir. Eyni zamanda, Qərb ölkələrində də bu məhdudiyyətlərin effektivliyini şübhə altına alan fikirlər səslənməkdədir.
12:04 10.07.2026
Oxunuş sayı: 46