Erməni qəzeti: Paşinyan Simonyandan imtina etdi
Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasının 20-yə yaxın üzvünün baş nazir Nikol Paşinyana Alen Simonyandan şikayət etməsindən sonra parlament sədrliyi üçün başqa namizəd seçilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, Paşinyan partiya daxilində formalaşan narazılığı nəzərə alaraq komandanın əhəmiyyətli hissəsinin mövqeyinə qarşı çıxmamağa qərar verib və parlament sədri postu üçün fərqli namizədə üstünlük verib.
Qəzet yazır ki, Simonyandan narazı olanlar arasında onun varisi kimi göstərilən Ruben Rubinyan, fraksiya rəhbəri Hayk Konjoryan, yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan, parlamentin müdafiə komissiyasının sədri Andranik Koçaryan və hakim partiyanın digər nümayəndələri də var.
Məlumata görə, son aylarda Paşinyana Simonyanı nüfuzdan saldığı iddia edilən bəzi sənədlər də təqdim olunub. Qəzet həmin sənədlərdə korrupsiya sövdələşmələri, himayədarlıq, klan sisteminin formalaşdırılması və partiya üzvlərinin, o cümlədən qadınların alçaldılması ilə bağlı iddiaların yer aldığını yazır.
Qeyd edək ki, bu məlumatlar "Joxovurd" qəzetinin iddialarına əsaslanır və rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
11:24 10.07.2026
Oxunuş sayı: 59