Ərəb ölkələri üçün təhlükə: İranın bir səhvi neçə düzü aparacaq?
Ankarada keçirilən NATO sammiti Türkiyənin alyans daxilində artan strateji çəkisini bir daha ön plana çıxarıb. ABŞ və İran arasında onsuz da yüksək olan gərginlik növbəti sərt bəyanatlarla daha da dərinləşir. Tehranın Vaşinqtonu memorandumun pozulmasında ittiham etməsi və mümkün təxribatlara sərt cavab veriləcəyi barədə xəbərdarlığı Yaxın Şərqdə təhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-a açıqlamasında bildirib ki, İranla ABŞ arasında əldə olunmuş memorandum faktiki olaraq öz əhəmiyyətini itirib:
"İranın Hörmüz boğazında ticarət gəmilərinə qarşı hücumları bu anlaşmanı faktiki olaraq fiaskoya uğradıb. ABŞ hesab edir ki, İran memorandum çərçivəsində nüvə silahına sahib olmamaq öhdəliyini üzərinə götürmüşdü və bu öhdəliyə sadiq qalması əsas şərtlərdən biri idi. Lakin görünən odur ki, İrandakı mühafizəkar qüvvələr bu razılaşmanın əleyhinə çıxaraq prosesi pozmağa çalışırdılar və buna nail oldular."
Politoloqun sözlərinə görə, hazırkı gərginlik İranı daha ağır vəziyyətlə üz-üzə qoya bilər:
"Baş verən proseslər və İranın bombalanması ölkə üçün ciddi nəticələr doğuracaq. ABŞ mümkün hərbi əməliyyatlarda əsasən İranın nüvə obyektlərini hədəfə alacaq. Bununla yanaşı, İranın tam məğlubiyyətə uğraması da regionun maraqlarına uyğun deyil. Belə bir ssenari region ölkələrinə, xüsusilə də ərəb dövlətlərinə ciddi təsir göstərə bilər."
M.Əsədullazadə hesab edir ki, yaranmış vəziyyətə görə əsas məsuliyyət İran rəhbərliyinin üzərinə düşür:
"Ən doğru yol məsələnin danışıqlar vasitəsilə həll olunması və İranın nüvə silahından imtina etməsi idi. Əgər Tehran bundan sonra da başqa yollarla nüvə silahı əldə etməyə çalışarsa, ABŞ buna imkan verməyəcək. Bu isə regionda gərginliyi daha da artıracaq və xüsusilə ərəb ölkələri üçün ciddi təhlükəsizlik riskləri yaradacaq."
Nigar Xəlilli
18:50 09.07.2026
Oxunuş sayı: 64