Trampdan G20-ə dəvət - İlham Əliyevin artan qlobal nüfuzu
ABŞ Prezidenti Donald Trampın dekabr ayında Mayamidə keçiriləcək G20 sammitinə Azərbaycan Prezidenti İlham Əliyevi dəvət etməsi beynəlxalq siyasi gündəmdə xüsusi diqqət çəkən hadisələrdən biridir. Dünyanın aparıcı iqtisadiyyatlarını və qlobal siyasətə təsir göstərən dövlətləri bir araya gətirən bu platformada Azərbaycanın yer alması ölkəmizin beynəlxalq nüfuzunun artmasının, etibarlı tərəfdaş kimi qəbul edilməsinin və regional proseslərdə oynadığı mühüm rolun göstəricisi hesab olunur. Xüsusilə son illərdə Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, Cənubi Qafqazda sülh təşəbbüsləri və çoxtərəfli diplomatiyada fəal iştirakı beynəlxalq tərəfdaşların ölkəmizə marağını daha da artırıb. Bu baxımdan G20 sammitinə dəvət təkcə protokol xarakteri daşımır, həm də Azərbaycanın qlobal siyasi və iqtisadi gündəlikdə artan çəkisinin növbəti təsdiqi kimi qiymətləndirilməlidir.
Mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama veriblər.

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar
komitəsinin sədri Fazil Mustafa qeyd edib ki, Azərbaycanın G20 sammitinə dəvət
olunması çox mühüm, tarixi bir hadisədir: “Çünki iqtisadiyyatı nəhəng dövlətlərin
sırasında yer almaq Azərbaycan üçün onlardan faydalanmaq deməkdir. Bu tədbirdə
onların da Azərbaycanın resurslarından
faydalanması üçün əlverişli şərait yaranacaq. Bu ölkə prezidenti İlham Əliyevin
apardığı məqsədyönlü siyasətin nəticəsi hesab olunmalıdır. Çünki hər dövləti bu
cür tədbirlərə çağırmağa maraqlı olmurlar. Azərbaycan artıq neçənci dəfədir bu
cür platformalarda yer alır və bu bizim uğurumuz sayılmalıdır”.
Politoloq Sahil Kərimli açıqlamasında qeyd edib ki, ABŞ
Prezidenti Donald Trampın dekabrda keçiriləcək G20 sammitinə Azərbaycan
Prezidenti cənab İlham Əliyevi dəvət etməsi, ilk növbədə, Amerika kimi dünyanın
aparıcı güclərindən birinin Azərbaycana göstərdiyi xüsusi diqqət və ehtiramın,
eyni zamanda cənab Prezidentə olan yüksək rəğbətin ifadəsidir: “ABŞ–Azərbaycan
münasibətləri, xüsusilə də Donald Trampın həm birinci prezidentliyi dövründə, həm
də hazırkı administrasiyası zamanı yüksələn xətt üzrə inkişaf edib və bu əməkdaşlıq
davamlı şəkildə genişlənməkdədir. Donald Trampın Azərbaycan Prezidenti cənab
İlham Əliyevə olan xüsusi münasibəti, Azərbaycana göstərilən diqqət, ölkəmizin
Cənubi Qafqazda etibarlı və əvəzolunmaz tərəfdaş kimi çıxış etməsi, regionun əsas
güc mərkəzlərindən biri olması ABŞ-ın Azərbaycana marağını daha da artırır. Təbii
ki, G20 sammitində Azərbaycan Prezidentinin iştirakı dünya əhəmiyyətli hadisədir.
Hesab edirəm ki, bu gün Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, möhkəmlənən
mövqeyi və rolu danılmazdır və bu mövqe gələcəkdə daha da güclənəcək”.

Politoloq vurğulayıb ki, ABŞ Prezidenti tərəfindən
bir sıra türk dövlətlərinin, o cümlədən Qazaxıstan və Özbəkistanın da bu tədbirə
dəvət edilməsi türk dünyasına, Türk Dövlətləri Təşkilatına və bu təşkilatın
üzvü olan ölkələrə verilən önəmin göstəricisidir: “Azərbaycanın bu sırada yer
alması xüsusi əhəmiyyət daşıyır. Bu addım eyni zamanda beynəlxalq ictimaiyyətə
ünvanlanmış mühüm siyasi mesaj kimi də qiymətləndirilməlidir. Azərbaycanın Türk
Dövlətləri Təşkilatında birləşdirici rol oynaması, təşkilat çərçivəsində əməkdaşlığın
möhkəmləndirilməsinə verdiyi töhfələr də xüsusi qeyd olunmalıdır. Hesab edirəm
ki, ABŞ Prezidentinin bu addımı, xüsusilə də Azərbaycana göstərilən bu diqqət və
jest yüksək qiymətləndirilməlidir. Bu, Azərbaycanın beynəlxalq münasibətlər
sistemində nə qədər mühüm aktor və etibarlı tərəfdaş olduğunu göstərən əsas
amillərdən biridir”.
Ayhan
19:30 07.07.2026
Oxunuş sayı: 64