"İslam NATO"-su gəlir – qlobal güc mərkəzləri bu reallıqla hesablaşmalıdır
Pakistanın Baş naziri Şahbaz Şərifin Ankarada keçiriləcək NATO sammiti ərəfəsində Türkiyəyə etdiyi səfər və Prezident Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqlar regionda yeni təhlükəsizlik formatının formalaşa biləcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Son dövrlər Türkiyə ilə Pakistan arasında müdafiə sənayesi, hərbi texnologiyalar və strateji əməkdaşlığın sürətlə dərinləşməsi, eyni zamanda Yaxın Şərqdə dəyişən geosiyasi reallıqlar bəzi ekspertlər tərəfindən yeni hərbi-siyasi blokun yarana biləcəyi kimi qiymətləndirilir. Bu fonda belə bir sual meydana çıxır: Türkiyə və Pakistanın hərbi-siyasi əməkdaşlığı gələcəkdə İslam ölkələrinin təhlükəsizlik platformasına çevrilə bilərmi?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Natiq Miri qeyd edib ki, ABŞ-İsrail–İran müharibəsindən sonra bir çox gerçəklər üzə çıxmağa başladı: “Xüsusilə də məlum oldu ki, nə qədər böyük gücə söykənsə də, Amerika Birləşmiş Ştatları və onun Prezidenti Donald Tramp iddialı bəyanatlar versə də, İranla qarşıdurma zamanı Yaxın Şərqdəki Körfəz ərəb ölkələrini öz təhlükəsizlik çətiri altında tam şəkildə müdafiə edə bilmədi. Bu isə müəyyən boşluqların mövcud olduğunu ortaya çıxarmaqla yanaşı, həmin təhlükəsizlik çətiri altında gizlənən və bu məqsədlə ABŞ üçün milyardlarla dollar xərcləyən ərəb ölkələrini də ciddi şəkildə düşündürdü. Bundan başqa, müharibədən sonra yaranan yeni reallıqlar və müəyyən boşluqlar var ki, onların doldurulmasına ehtiyac olduğu açıq şəkildə görünür. Yəni ABŞ-nin perspektivdə müəyyən mənada Yaxın Şərqdən uzaqlaşacağı və ya birdəfəlik bölgədən çəkilə biləcəyi halda yaranacaq boşluğun doldurulmasına zərurət meydana çıxıb. ABŞ-İran müharibəsi kontekstində İranın radikal qanadının iştahı daha da artıb. Onlar hesab edirlər ki, əgər ABŞ-a və Körfəz ölkələrinə ciddi zərər vurmaq mümkün olubsa, deməli, Yaxın Şərqdə əsas geosiyasi və dominant güc də İran olmalıdır. Əslində, bu iddia hər zaman İranda mövcud olub. Şiə qövsünün yaradılması, eyni zamanda proksi qüvvələrə dəstək verilməsi və onların maliyyələşdirilməsi bilavasitə İranın bölgədə təsir dairəsini genişləndirməyə yönəlmiş siyasətin tərkib hissəsi idi. Ona görə də heç kəs yanlış qənaətə gəlməsin. Hazırda müəyyən toparlanmaların şahidi oluruq. ABŞ-nin təhlükəsizlik çətirinin İran raketləri qarşısında tam effektiv olmadığını anlayan Səudiyyə Ərəbistanı alternativlər axtarmağa başlayıb. Bu kontekstdə Pakistanla müəyyən müdafiə sazişləri imzalanıb. Eyni zamanda qardaş Türkiyə ilə danışıqlar aparılıb və Türkiyənin hərbi-sənaye kompleksindən ciddi silahların alınmasına dair bir sıra razılaşmalar əldə olunub”.

Politoloq qeyd edib ki, bu məsələdə əsas lokomotiv güc qardaş Türkiyə və Pakistan dövlətləridir: “Bununla yanaşı, Yaxın Şərqin hərbi baxımdan ən güclü ərəb ölkələrindən biri olan Misirlə də danışıqlar aparılıb. Misir də bu prosesdən xəbərdar olmaqla yanaşı, yeni təhlükəsizlik mexanizminin tərkib hissəsinə çevrilməyə razılıq verib. Bu baxımdan Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanının iştirakı ilə yeni bir hərbi təhlükəsizlik arxitekturasının formalaşması artıq üfüqdə görünməkdədir. Ona görə də ABŞ–İran müharibəsi bir çox gerçəkləri ortaya qoymaqla yanaşı, bu hadisələrdən düzgün nəticə çıxaran dövlətlərin də konkret addımlar atmasının zəruriliyini göstərdi. Məhz buna görə də bu toparlanmanı həmin kontekstdə qiymətləndirmək lazımdır. Çünki region nə sahibsizdir, nə də boşdur. ABŞ çəkilsə də, çəkilməsə də, ən azı regionda yeni təhlükəsizlik arxitekturası, yeni hərbi blok formalaşacağı təqdirdə hər kəs bu hərbi güc mərkəzi ilə hesablaşmaq məcburiyyətində qalacaq. İstər İsrail, istər İran, istərsə də bəzi Avropa ölkələri bu reallığı nəzərə almağa məcbur olacaqlar. Ancaq burada iştirak edən dövlətlərin maliyyə imkanlarını, hərbi potensialını və hərbi-sənaye kompleksinin gücünü nəzərə alsaq, artıq belə bir hərbi güc mərkəzi ilə hesablaşmamaq mümkün deyil. İstər ABŞ, istərsə də digər qlobal güc mərkəzləri üçün bu reallıq nəzərə alınmalıdır”.
N.Miri
son olaraq bildirib ki, hələlik proses başa çatmayıb: “Bu, davam edən bir
prosesdir və təbii ki, bu proses zamanı müəyyən çətinliklər, təzyiqlər, hətta
bu bloku parçalamaq məqsədilə müxtəlif cəlbedici təkliflər də olacaq. Ancaq
düşünürəm ki, bu, artıq qaçılmaz zərurətə çevrilən siyasi və geosiyasi qərardır.
Bunu anlayan dövlətlər dərk edirlər ki, Yaxın Şərqdə belə bir hərbi güc mərkəzinin
mövcudluğu regionun təhlükəsizliyi baxımından ciddi çəkindirici amilə çevrilə
bilər. Belə bir blok və hərbi güc mərkəzi formalaşarsa, hesab edirəm ki, bu,
digər müsəlman ölkələrinin də gələcəkdə həmin prosesə qoşulmasını stimullaşdıra
bilər”.
Ayhan
20:00 07.07.2026
Oxunuş sayı: 46