KİV: London metrosu isti hava şəraitinə hazır deyil
London metrosu isti hava şəraitinə hazır deyil. Şəhərin bəzi metro xətlərində sərnişinlər daha uzun illər yüksək temperaturla üzləşə bilərlər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Nəşrin məlumatına görə, London metrosu artıq doqquz ildən çoxdur ki, kondisionerli yeni qatarlar qəbul etmir. Texniki problemlər və maliyyə məhdudiyyətləri səbəbindən bəzi xətlərdə kondisioner sisteminin tətbiqi onilliklər çəkə bilər.
Bu həftə London ilin üçüncü istilik dalğasının təsiri altına düşüb. Havanın temperaturunun 34 dərəcəyə çatacağı gözlənilir. İyun ayında isə "Central" və digər dərin metro xətlərində temperaturun təxminən 40 dərəcə olduğu qeydə alınıb.
Hazırda London metrosunda təxminən 190 kondisionerli qatar fəaliyyət göstərir. Lakin bu qatarların hamısı "District" və "Circle" kimi yerüstünə yaxın xətlərdə istifadə olunur.
Metro şəbəkəsinin təxminən 60 faizini təşkil edən dərin xətlərdə isə hələ də kondisioner sistemi yoxdur.
2022-ci ildə istifadəyə verilən və London metrosu sisteminə daxil olmayan Elizabeth Line xəttində isə kondisionerli qatarlar işləyir.
Məlumata görə, ilin sonunda yeni kondisionerli qatarların Piccadilly Line xəttində istifadəyə verilməsi planlaşdırılır. Bu, dərin metro xətləri arasında ilk belə xətt olacaq. Lakin sınaqlar zamanı texniki problemlər aşkarlandığı üçün qatarların istismara verilməsi artıq təxirə salınıb.
London Nəqliyyat İdarəsi gələcəkdə Bakerloo, Central və Waterloo–City xətləri üçün də kondisionerli qatarlar almağı planlaşdırır. Lakin bu layihələr üçün maliyyə hələ təsdiqlənməyib.
Northern, Jubilee və Victoria xətlərində isə qatarların dəyişdirilməsi üçün dəqiq tarix müəyyən edilməyib. Bu səbəbdən həmin xətlərin sərnişinləri kondisionerli vaqonları daha uzun illər gözləməli ola bilərlər.
14:26 07.07.2026
Oxunuş sayı: 47