Yunanıstan şirkətləri Rusiya neftinin daşınmasından milyardlarla dollar qazanıb
Yunanıstanın gəmiçilik şirkətləri son üç ildə Rusiya neftinin daşınmasından azı 3,8 milyard dollar gəlir əldə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Nəşrin yazdığına görə, bu gəlirlər G7 ölkələrinin Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq cəhdlərinə baxmayaraq əldə olunub.
Məlumata əsasən, bu sahədə ən böyük gəliri yunan milyarder Corc Prokopiu tərəfindən təsis edilən Dynacom Tankers şirkəti əldə edib. Şirkət 2023-cü ilin iyul ayından etibarən Rusiya neftinin daşınmasından ən azı 915 milyon dollar qazanıb.
Olympic Shipping and Management şirkətinin təxminən 404 milyon dollar, Stealth Maritime və Polembros Shipping şirkətlərinin isə hər birinin 200 milyon dollardan çox gəlir əldə etdiyi bildirilir.
"Financial Times" qeyd edir ki, yunan gəmi sahiblərinin Rusiya neftinin daşınmasındakı rolu Afina ilə Kiyev arasında gərginlik yaradıb. Belə ki, Ukrayna 2023-cü ildə bir sıra yunan şirkətlərini "müharibənin beynəlxalq sponsorları" siyahısına daxil etsə də, sonradan Yunanıstan hökumətinin təzyiqi ilə həmin şirkətlər siyahıdan çıxarılıb.
Nəşr vurğulayır ki, G7 ölkələrinin müəyyən etdiyi qiymət həddi qorunduğu halda bu daşımalar formal olaraq qanunidir. Bununla belə, ABŞ və Avropa İttifaqı hazırda Rusiyanın enerji gəlirlərinə qarşı sanksiyaların daha da sərtləşdirilməsini müzakirə edir ki, bu da Yunanıstanın neft daşımaları sektoruna mənfi təsir göstərə bilər.
13:47 07.07.2026
Oxunuş sayı: 81