Erməni meyvələri alın: Aİ komissarından çağırış
Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos avropalıları Ermənistan istehsalı olan meyvələri almağa çağırıb.
Crossmedia.az xəbər verir ki, Marta Kos bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, ötən ay Ermənistanda keçirilən seçkilərdə seçicilərin əksəriyyəti Avropa İttifaqı ilə daha sıx tərəfdaşlığı dəstəkləyən siyasi qüvvələrə səs verib. Onun sözlərinə görə, Rusiya səsvermənin nəticələrinə təsir göstərməyə çalışaraq Ermənistanın meyvə və gül ixracına məhdudiyyətlər tətbiq edib.
Marta Kos qeyd edib ki, Avropa İttifaqı buna cavab olaraq Ermənistan istehsalı olan bir çox məhsul üçün öz bazarını açıb.
"Keçən həftə Ermənistanda olarkən Brüsselə böyük bir səbət ərik gətirdim. Onların bir hissəsini dostlarıma payladım, qalanından isə mürəbbə hazırladım. Supermarketə gedəndə Ermənistan əriklərinə, gavalılarına və ya gilaslarına diqqət yetirin. Bu, erməni fermerlərinə kömək etmək və ölkələrinin demokratik seçiminə dəstək vermək üçün kiçik, amma əhəmiyyətli addım ola bilər", – deyə Aİ komissarı bildirib.
12:28 07.07.2026
Oxunuş sayı: 57