İran üçün çətin seçim: İşıq gələn tərəf, yoxsa?..
İranın siyasi arxitekturasında adətən pərdəarxası və toxunulmaz bir statusa malik olan Ekspertlər Məclisinin Vaşinqtonla geosiyasi dialoq və Hörmüz boğazının statusu kimi kritik mövzuların mərkəzində yer alması, ölkədəki ənənəvi güc balanslarının sınağa çəkildiyini göstərir. Bu vəziyyət sadəcə strukturdaxili bir mübahisə deyil, həm də Tehranın daxili siyasi qütbləşməsinin və regional strategiyasındakı dərin dilemmanın vizual təzahürüdür. Köklü konservativ baxışlar, islahatçı gözləntilər və SEPAH-ın reallıqları arasında sıxışan İran cəmiyyəti, kənar təzyiqlər qarşısında "müqavimət" ilə "kompromis" arasında öz gələcək taleyini müəyyən edəcək tarixi bir yol ayrıcındadır.

Məsələ ilə bağlı politoloq, professor Əlimusa İbrahimov Crossmedia.az-a açıqlama verib: "Əlbəttə ki, bu gün İranda cəmiyyətin bütün təbəqələri arasında ABŞ ilə İran arasında bağlanan, yaxud da bağlanması nəzərdə tutulan müqavilə haqqında müxtəlif fikirlər səsləndirilir. Amma bu fikirlərin heç də hamısı bir-biri ilə üst-üstə düşmür. İran cəmiyyəti bu mənada fərqli qütblərə bölünüb: konservatorlar bir cür düşünürlər, reformatorlar başqa cür, ruhanilər və adi insanlar isə tamamilə fərqli yanaşırlar. Əslındə bu, tamamilə təbiidir. Ona görə ki, bu gün İran cəmiyyəti çox ciddi bir məsələnin müzakirəsini aparır və ölkə hazırda strateji bir yol ayrıcındadır.
İran üçün iki seçim var: ya danışıqları aparıb sülhə nail olmaq və beləliklə, dövlətin bütövlüyünü qoruyub saxlamaq, ya da danışıqlara getməyərək müqavimət göstərmək və bununla da ölkəni ABŞ-nin birbaşa hücum riskinəatmaq. Təbii ki, burada Ekspertlər Məclisi (və ya Ekspertlər Şurası) də istisna deyil. Bu qurumun daxilində də ABŞ ilə müqavilə bağlamaq və ya razılaşmaq məsələsi ciddi şəkildə müzakirə olunur".
Ekspert bu təşkilatın bağlanması nəzərdə tutulan müqaviləyə mane olmaq imkanına da aydınlıq gətirib: "Düşünmürəm ki, bu gün İran rəhbərliyi və cəmiyyəti buna icazə versin; yəni məsələ sadəcə müzakirə səviyyəsində qala bilər. Bu qurumda müxtəlif dini xadimlərin təmsil olunması, təbii ki, müzakirələrin birmənalı aparılmamasına gətirib çıxarır. Onun daxilindəki müxtəlif qruplar qərarla razı ola da bilərlər, razılaşmaya da bilərlər.
Hesab edirəm ki, keçmiş ali dini rəhbərin ölümündən sonra Amerikanın gələcəkdə kiminlə müqavilə bağlayacağı, yaxud hansı rəsmi dövlət instansiyası ilə razılaşma əldə edəcəyi sualı onları çətin vəziyyətə salıb. Onlar bir müddət əvvəl özlərinə rəhbər olan şəxsin yoxluğunda vahid qərara gələ bilmirlər. Bu, cəmiyyətdə baş verən fikir ayrılığının göstəricisidirmi? Bunu demək bir qədər çətin olar. Mən buna fikir ayrılığı yox, bəlkə də fikir pluralizmi, yaxud fərqli baxışların mövcudluğu deyərdim. Ona görə ki, pluralizm-yəni müxtəlif fikirlərin olması cəmiyyətin inkişafına müsbət təsir göstərir. Amma əgər dərin bir fikir ayrılığı baş verərsə, bu, cəmiyyətin mənafeyinə xidmət edən zəruri qərarların qəbul edilməsini çətinləşdirə bilər.
Mən hesab edirəm ki, bu gün İran daxilində əsas söz sahibi SEPAH-dır (İslam İnqilabı Keşikçiləri Korpusu) və digər qüvvələr də bu təşkilatın qəbul etdiyi qərara qarşı çıxmağın qeyri-mümkün olduğunu yaxşı başa düşürlər. Yəni əgər İran rəhbərliyi, SEPAH komandanlığı, ölkənin ali dini rəhbəri, prezidenti və digər əsas siyasi qüvvələr ABŞ ilə danışıqlara getməkdə maraqlıdırsa, Ekspertlər Şurasının buna mane ola biləcəyini düşünmürəm. Hesab edirəm ki, hazırda İran rəhbərliyində Ekspertlər Şurasını bu qərarların düzgünlüyünə inandırmağa gücü çatan nüfuzlu şəxslər var və onlar Şuranın bu prosesə əngəl törətməsinin qarşısını alacaqlar.
Amma bu da başqa bir məsələdir ki, bəzi siyasi qüvvələr-məsələn, müəyyən hərbi qanadlar və SEPAH-öz siyasi xətlərini həyata keçirmək üçün Ekspertlər Şurasından bir vasitə kimi istifadə etməyə çalışa bilərlər. Lakin yekunda hesab edirəm ki, buna da elə bir ehtiyac və ya şərait qalmayacaq".
Turqut Ansari
18:00 02.07.2026
Oxunuş sayı: 48