KİV: Səudiyyə Ərəbistanı ABŞ-nin hərbi əməliyyatına əvvəlcə icazə verməyib
İranla münaqişə zamanı Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə planlaşdırdığı hərbi əməliyyat üçün öz hərbi bazaları və hava məkanından istifadəyə əvvəlcə icazə verməyib.
Crossmedia.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Prezident Donald Trampın təsdiqlədiyi "Azadlıq Layihəsi" əməliyyatı çərçivəsində Vaşinqton Səudiyyə Ərəbistanının dəstəyinə ümid etsə də, Ər-Riyadın imtinası səbəbindən missiya müvəqqəti dayandırılıb.
Məlumata əsasən, Ağ Ev buna cavab olaraq Səudiyyə Ərəbistanının raketdən müdafiə sistemi üçün nəzərdə tutulan tutucu raketlərin tədarükünü dayandıracağı ilə hədələyib. Bildirilir ki, bundan sonra Ər-Riyad mövqeyini dəyişib və əməkdaşlığa razılıq verib.
Jurnal qeyd edir ki, bu hadisə ABŞ ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərə ciddi təsir göstərib.
Nəşrin iddiasına görə, Ər-Riyad Vaşinqtonun son diplomatik addımlarını krallığın maraqlarına laqeyd yanaşma kimi qiymətləndirir. Həmçinin ABŞ-ın Səudiyyə Ərəbistanındakı hərbi mövcudluğunu azaltmağı və resursların bir hissəsini İsrail və İordaniyaya yönəltməyi nəzərdən keçirdiyi bildirilir.
17:46 02.07.2026
Oxunuş sayı: 54