Azərbaycan NATO-ya üzv olmağı qarşısına məqsəd qoymayıb, amma...
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na əsasən, Bakıda NATO Quru Qoşunları Komandanlığının Mobil Təlim Qrupu tərəfindən kurs keçirilir.
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi İdarəetmə Kursunun dinləyicilərinin cəlb olunduğu kursun əsas məqsədi hərbi qulluqçuların nəzəri və praktiki biliklərinin dövrün tələblərinə uyğun artırılması, müasir texnoloji həll üsul və vasitələrinin tətbiqinin tədris edilməsi, həmçinin iştirakçılara bu sahədə NATO standartları və prosedurlarının öyrədilməsidir.
Azərbaycanın NATO ilə münasibətləri sadəcə bir tərəfdaşlıq deyil: bu, milli maraqların, qlobal təhlükəsizlik arxitekturasının və müasir hərbi reallıqların kəsişməsində formalaşan strateji bir balans sənətidir. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin uzaqgörən addımı ilə əsası qoyulan "Sülh naminə tərəfdaşlıq" proqramı, bu gün Bakıda keçirilən NATO hərbi təlimləri ilə yeni bir mərhələyə qədəm qoyur. Bununla belə, qlobal güc mərkəzlərinin daxili ziddiyyətlər girdabında boğulduğu və NATO-nun gələcək taleyinin müzakirə edildiyi müasir geosiyasi arenada, Azərbaycan rəsmi üzvlük müraciəti etmək yerinə, daha müdrik bir yol seçmişdir: alyansın ən qabaqcıl standartlarını mənimsəmək, lakin öz suveren və çevik xarici siyasət kursunu qoruyub saxlamaq. Türkiyə ilə imzalanan Şuşa bəyannaməsindən qaynaqlanan sarsılmaz müttəfiqlik və güclü yerli müdafiə sənayesi, Azərbaycanı hər hansı bir hərbi bloka ehtiyac duymadan regionun əsas güc sahibinə çevirir.

Məsələ ilə bağlı hərbi ekspert Emin Həsənli Crossmedia.az-a açıqlama verib: "Azərbaycan Respublikası 1994-cü ilin 4 mayından etibarən ulu öndər, ümummilli lider Heydər Əliyevin NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramını imzalaması ilə NATO ilə əməkdaşlığı yaxından davam etdirir. Cənab Prezident də fəaliyyətində NATO ilə əlaqələrə böyük önəm verir. NATO-nun və dünyanın ən önəmli ordularından biri olan qardaş Türkiyə dövlətinin bizim ordunun formalaşmasında böyük rolu var. Ordumuz müasir standartlara keçir. Müasir təhsil sisteminin, hərbi təhsil sisteminin yaradılması prosesi, Türkiyə ilə birgə təlimlər və birgə təhsil davam etdirilməlidir. Bu, olduqca önəmlidir və bu istiqamətdə vacib addımlar atılıb. Ən vacib amillərdən birincisi odur ki, Azərbaycan NATO ilə birgə təlimlər keçirib və NATO-nun təlimlərində fəal iştirak edib".
Ekspert eyni zamanda qeyd edib ki, Kosovo, Əfqanıstan və İraqda sülhyaratma proseslərində Azərbaycan dövləti yaxından iştirak edib.
"Azərbaycanın əvvəl bir tağımı, sonra isə bir bölüyü qardaş Türkiyə taborunun tərkibində həm Əfqanıstanda, həm də Kosovoda yüksək səviyyədə xidmət göstərərək NATO-nun yüksək medallarına layiq görülmüşdür. Azərbaycanda müxtəlif fikirlər var. Azərbaycan NATO kimi hərbi-siyasi bir təşkilata üzv olmağı qarşısına məqsəd və hədəf qoymayıb, lakin dünyanın ən müasir hərbi standartlarını qəbul edir, aparıcı ölkələrlə ikitərəfli əməkdaşlıq edir. Xüsusilə, bizim NATO-nun üzvü olan və dünyada quru qoşunları sayına görə ən önəmli ordulardan birinə sahib Türkiyə ilə əməkdaşlığımız yüksək səviyyədədir. Pakistanla da əməkdaşlığımız mövcuddur. Dünyanın bir çox ölkələrindən biz silah alırıq. Azərbaycan dövləti silahı həm idxal, həm istifadə edir, həm də özü istehsal edir; ölkəmizin güclü müdafiə sənayesi potensialı var. Təbii ki, Azərbaycan dövləti NATO ilə əməkdaşlığa da böyük önəm verir. Yaxınlarda NATO-nun Türkiyədə böyük bir toplantısı olacaq, lakin zaman-zaman NATO-nun gələcək mövcudluğu da sual altına düşür. Rusiya-Ukrayna müharibəsi fonunda, Tramp hakimiyyətə gələndən sonra NATO-da fərqli fikirlər yarandı. Tramp hətta silahları yardımla vermək istəmirdi, sonradan bəyan etdi ki, silahlar pulla veriləcək ki, Avropa dövlətləri bunun pulunu ödəsin. Fransa və Almaniya üçün prioritet Ukraynanın müdafiəsi və Rusiyanın Avropaya hücumunun qarşısını almaqdır. Amerika üçün isə əsas prioritet Çindir.
Amerika-İsrail-İran gərginliyində də bilirsiniz ki, NATO ölkələri Amerikanın çağırışlarına tam olaraq məhəl qoymadı və Amerika ilə İsrailə gözlənilən dəstəyi vermədi. Ona görə də zaman-zaman NATO-da olan dövlətlərin özlərinin fərqli maraqları ortaya çıxır. Gələcəkdə NATO-nun mövcudluğu-yəni vaxtilə Sovetlər dönəmində olduğu kimi vahid komandanlıq halında fəaliyyət göstərməsi-o qədər də mümkün görünmür.
Azərbaycan dövləti bütün dünyada və o cümlədən NATO-da baş verən prosesləri yaxından izləyir, təhlil edir və Azərbaycanın milli maraqlarına uyğun olan addımlar atır".
Turqut Ansari
10:30 02.07.2026
Oxunuş sayı: 52