Volqoqraddakı hərbi müəssisəyə zərbə: Zelenski açıqlama verdi
Ukrayna Prezidenti Volodimir Zelenski Volqoqradda yerləşən “Titan-Barikadı” müdafiə sənayesi müəssisəsinə endirilən zərbəni təsdiqləyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, müəssisə Ukraynaya qarşı müharibədə istifadə olunan artilleriya sistemləri, xüsusi hərbi texnika və raket buraxılış qurğularının elementlərinin istehsalında iştirak edir. O bildirib ki, gecə saatlarında FP-5 “Flaminqo” raketləri zavodu uğurla vurub və ərazidə yanğın baş verib.
Ukrayna lideri əlavə edib ki, Rusiyanın hərbi sənayesinə xidmət edən bütün obyektlər Ukrayna üçün legitim hədəf hesab olunur. O, zərbənin həyata keçirilməsində iştirak edən Ukrayna Müdafiə Qüvvələrinə və uzaqmənzilli silahların hazırlanmasında çalışan mütəxəssislərə təşəkkür edib.
13:35 27.06.2026
Oxunuş sayı: 64