Tramp cəsarətsizlikdə ittiham olundu
Qlobal enerji daşımalarının əsas keçid məntəqələrindən olan Hörmüz boğazında gəmilərin təhlükəsizliyi və regional hərbi gərginlik beynəlxalq analitik müstəvidə ciddi müzakirə olunan mövzulardandır. İranın boğazdan keçən yük gəmilərinə qarşı hərbi güc tətbiq etməsi və tranzit marşrutlarına nəzarəti gücləndirmək cəhdləri, Yaxın Şərqdəki mövcud geosiyasi qarşıdurmanı daha da dərinləşdirir. ABŞ və İsrail koalisiyasının regiondakı hərbi fəaliyyəti fonunda rəsmi Tehranın boğazda diktə etdiyi şərtlər, qlobal güclərin bölgədəki təhlükəsizlik və çəkindiricilik mexanizmlərini yenidən dəyərləndirməyi zəruri edir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, mövcud situasiyada diplomatik yanaşmalardan bəhs etmək real mənzərəni əks etdirmir və proses birbaşa ABŞ-İsrail təcavüzünün nəticəsidir: "Bu məsələdə müqayisəolunmaz məqamlar var. ABŞ öz daxilində məktəblərdə uşaqların öldürülməsi reallığı fonunda hansısa beynəlxalq humanitar prinsiplərdən danışa bilməz. Fakt odur ki, bu müharibədə əsas təcavüzkar tərəf Amerika və İsraildir. ABŞ-nin ən böyük strateji səhvi isə son dönəmlərdə küncə sıxılmış İran rejimini yenidən dirçəltməsi oldu. Atılan addımlar nəticəsində İran öz gücünü dünyaya nümayiş etdirdi və artıq Hörmüz boğazında faktiki ağalıq etməyə başladı. Tehran hazırda boğazdan keçid üçün bir növ xərac tələb edir və şərtləri diktə edir".

Ekspertin sözlərinə görə, münaqişənin indiki mərhələsi beynəlxalq koalisiyanın texnoloji üstünlüyü barədə rəyləri sarsıdıb və Tramp administrasiyasının addımları gərginliyin miqyasını müəyyən edəcək: "Bu müharibədə İsrail müəyyən yeni ərazilər işğal etsə də,bu yetərli olmadı.İran sübut etdi ki, Amerikanın hücumlarını dəf etmək mümkündür və ABŞ-İsrail cütlüyünün yüksək texnologiyalı silahlarla hər kəsə mütləq qalib gələcəyi barədə tezis artıq keçərli deyil. Münaqişənin şiddətlənmə dərəcəsinə gəldikdə isə, yaxın gələcəkdə prosesin daha da alovlanacağını düşünmürəm. Çünki bunun üçün ABŞ regiona əlavə qoşunlar yeritməli və strateji nöqtələri nəzarətə götürməlidir, lakin mən Donald Trampdan bu cür hərbi cəsarət gözləmirəm.
Fatimə Cabbarlı
12:00 27.06.2026
Oxunuş sayı: 67