Ukrayna Belarusdan gələn təhlükəyə görə yeni briqadalar yarada bilər
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski Belarus istiqamətindən yarana biləcək təhlükəyə qarşı yeni hərbi briqadaların formalaşdırılmasının vacib olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
O bildirib ki, Rusiya əsas istiqamətlərdə istədiyi nəticəni əldə edə bilmədiyi üçün hərbi fəallığını Ukraynanın şimalında genişləndirməyə çalışır.
Sırskinin sözlərinə görə, bu addım cəbhə xəttinin təxminən 160 kilometr uzanmasına səbəb ola bilər.
Baş komandan qeyd edib ki, Rusiya canlı qüvvə və silah baxımından üstünlüyünü qoruyur. Buna görə də Ukraynanın mümkün təhlükələrin qarşısını almaq üçün yeni briqadalar yaratması zəruridir.
Sırski bildirib ki, mövcud briqadaların say tərkibini artırmaq cəbhə xəttinin əhatə dairəsini genişləndirmir. Onun sözlərinə görə, cəbhə həm eninə, həm də dərinliyinə böyüdüyündən yeni hərbi hissələrin yaradılmasına ehtiyac yaranır.
Qeyd edək ki, Belarusun Qrodno vilayətində iyulun 2-dək davam edəcək səfərbərlik təlimləri keçirilir. Təlimlər çərçivəsində minlərlə hərbi mükəlləfin məlumatları yenilənir və hazırlıq tədbirləri həyata keçirilir.
20:14 25.06.2026
Oxunuş sayı: 66