"Qəbələ" AFFA-dan ayrılan vəsaitin bir hissəsini uşaq futboluna yönəldəcək
AFFA tərəfindən "Qəbələ"yə yerli futbolçulara görə ayrılan 379 min 987 manat və əlavə 50 min manat vəsaitin bir hissəsi klubun uşaq futboluna yönləndiriləcək.
Crossmedia.az xəbər verir ki, bunu açıqlamasında Qəbələ təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı deyib.
Klub rəsmisi sözügedən vəsaitin hansı istiqamətdə xərclənəcəyi ilə bağlı sualı cavablandırıb:
"Ümumiyyətlə, bu, çox yaxşı, düşünülmüş bir sistemdir. Yerli futbolçuların oynaması üçün gözəl motivasiyadır və klublara əlavə dəstəkdir. Çox maraqlı bir yanaşmadır. Bizim büdcəmiz üçün də xüsusilə yaxşı məbləğdir. Düzü, vəsaitin tam olaraq necə bölünəcəyini hələ dəqiqləşdirməmişik, çünki hazırda büdcənin formalaşdırılması prosesi və planlaşdırma işləri gedir. Amma müəyyən bir hissəsinin aşağı yaş qrupları üzrə komandalara sərf olunacağını artıq planlaşdırmışıq. Proses başa çatdıqdan sonra bu barədə rəsmi açıqlama verəcəyik".
O, yenə də gənclərə şans verəcəklərini söyləyib:
"Qəbələ" hər zaman yerli oyunçuları oynatmaq prinsipləri ilə seçilir. Müəyyən maliyyə çətinliklərinə görə akademiyanın fəaliyyəti bir az məhdudlaşdırılıb. Buna baxmayaraq, ötən mövsüm təhlükəli zonada qərarlaşsaq da, gənclərə güvəndik. Ötən mövsüm bizim üçün çətin keçdi və komanda turnir cədvəlini 11-ci yerdə başa vurdu. Yenə də imkan daxilində səviyyəsi Premyer Liqada çıxış etməyə imkan verən yerli gənclərə şans tanıyacağıq. Elə mövqelər var ki, ora legioner transferi etmirik ki, yerlilər oynasınlar. Təcrübə azlığı səbəbindən uşaqlar üçün çətin olur, lakin baş məşqçi də bu strategiyamızı tam dəstəkləyir. Bir səhvə görə hansısa futbolçunu silib atmırıq. Premyer Liqa səviyyəsinə uyğun gənclər yenidən şans qazanacaqlar".
İdman direktoru klubun akademiyasındakı durumu da açıqlayıb:
"Akademiyada yalnız yuxarı yaş qrupları, yəni U-17 və U-19 komandaları fəaliyyət göstərir. Əvvəlki illərdən fərqli olaraq, 12 yaşından etibarən bölgələrdən uşaqlar gətirib saxlamaq imkanımız yoxdur, fəaliyyətin məhdudlaşdırılması da bununla bağlıdır. İndi yalnız Qəbələ daxilindəki yerli uşaqlar bura cəlb olunur, həmçinin Bakıda da qruplarımız var. Lisenziyalaşdırma şərtlərinə əsasən, klubun nəzdində 10 yaş qrupu olmalıdır. Bizdə də 9-10 yaşdan 19 yaşadək bütün yaş qrupları mövcuddur. Yaxın vaxtlarda Qəbələnin kəndlərində yeni seçim mərhələsi təşkil edəcəyik və ümumi seleksiya işləri aparılacaq".
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Premyer Liqada çıxış edən 12 kluba ümumilikdə 2 milyon 560 min manat ödənilib. Bonus bölgüsündə ən yüksək nəticə göstərən "Qəbələ" klubu 379 min 987 manat vəsait və əlavə 50 min manat xüsusi mükafat əldə edib. (REPORT)
13:39 25.06.2026
Oxunuş sayı: 46