ALİ MƏHKƏMƏ QƏRAR VERDİ - Daşınmaz əmlak alarkən diqqətli olun
Daşınmaz əmlak bazarında alqı-satqı, qeydiyyat və etibarnamə əməliyyatları zamanı vətəndaşların üzləşdiyi hüquqi risklər hələ də aktual olaraq qalır. Ali Məhkəmə daşınmaz əmlak üzərində hüquqların əldə edilməsi ilə bağlı ən çox rast gəlinən problemləri açıqlayaraq, dövlət reyestri və notariat sistemində yol verilən nöqsanların həm mülkiyyətçilər, həm də əmlak əldə edən şəxslər üçün ciddi hüquqi mübahisələrə səbəb ola biləcəyini vurğulayıb. Məhkəmə xüsusilə ikili qeydiyyat, əsassız mülkiyyət rəsmiləşdirilməsi, etibarnamələrdən sui-istifadə və borc münasibətlərinin alqı-satqı müqavilələri ilə rəsmiləşdirilməsi kimi halların daşınmaz əmlak bazarında ən böyük risklər sırasında yer aldığını bildirib.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan hüquq elmləri doktoru Vüsalə Əhmədova bildirib ki, daşınmaz əmlakla bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsi alqı-satqı zamanı hüquqi vəziyyətin lazımi səviyyədə araşdırılmamasından qaynaqlanır.

Onun sözlərinə görə, ən çox rast gəlinən problemlərdən biri satılan əmlakın hüquqi statusunun qeyri-müəyyən olmasıdır: "Məsələn, satıcı özünü mülkiyyətçi kimi təqdim edir, lakin əmlak üzərində hüquqları tam rəsmiləşdirilməmiş olur və ya uyğunsuzluqlar səbəbindən əmlak üzərində heç bir hüququ olmur. Məhkəmə təcrübəsində tez-tez rast gəlinən problemlərdən biri də etibarnamə əsasında həyata keçirilən satışlardır. Bu zaman ya etibarnamənin müddəti bitmiş olur, ya etibarnamə ləğv edilmiş olur, yaxud da verilən səlahiyyətlər satış hüququnu əhatə etmir."
V.Əhmədova qeyd edib ki, əmlak üzərində həbs, ipoteka və ya üçüncü şəxslərin hüquqlarının olması da alıcılar üçün ciddi risk yaradır: "Birgə nikah dövründə əldə edilmiş əmlakların satışı üçün həyat yoldaşının razılığı olmalıdır, paylı mülkiyyətlərdə digər pay sahiblərinin, miras əmlaklarda isə digər vərəsələrin razılığı tələb olunur. Qanunsuz tikililərin və ya sənədləşdirilməmiş əlavələrin satışı da gələcəkdə ciddi problemlərə səbəb ola bilər. Alıcılar daşınmaz əmlak əldə etməzdən əvvəl bütün hüquqi sənədləri diqqətlə yoxlamalıdırlar. Alıcı mütləq çıxarışın mövcudluğunu, çıxarışdakı məlumatların faktiki vəziyyətlə uyğunluğunu yoxlamalıdır. Əmlak üzərində həbs və ya ipoteka olub-olmadığı dəqiqləşdirilməlidir. Etibarnamə ilə satış zamanı isə onun qüvvədə olub-olmadığı və konkret satış səlahiyyəti verib-vermədiyi araşdırılmalıdır."
Hüquqşünasın sözlərinə görə, xüsusilə yeni tikililərdə mənzil alan şəxslər tikinti şirkətinin hüquqi statusunu və layihənin qanuniliyini araşdırmadan müqavilə bağlamamalıdırlar. O, bütün müqavilələrin notariat qaydasında və qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməsinin vacibliyini qeyd edib.
Zeynəb Həsən
15:10 24.06.2026
Oxunuş sayı: 67