İsraillə Türkiyə-Suriya arasında müharibə ola bilər - XƏBƏRDARLIQ
İsrailin Diaspor İşləri naziri Amihay Çiklinin İsrailin gec-tez Suriya ilə müharibəyə girə biləcəyi və Türkiyə ilə Suriyanın İranla müqayisədə daha çox narahatlıq yaratdığı barədə açıqlaması regionda yeni geosiyasi müzakirələrə səbəb olub. Yaxın Şərqdə son illər güc balansının dəyişməsi, Suriyada yeni siyasi və hərbi reallıqların formalaşması, eləcə də regional aktorların təsir imkanlarının yenidən bölüşdürülməsi fonunda bu cür bəyanatlar diqqətlə izlənilir. İsrailin təhlükəsizlik doktrinasında sərhədyanı risklər, hərbi infrastrukturun yaxınlığı və potensial regional ittifaqlar xüsusi yer tutur. Bu baxımdan, İsrail–Suriya münasibətlərində mümkün eskalasiya ssenarisinin nə dərəcədə real olduğu və İsrailin niyə bəzi hallarda Türkiyə və Suriya faktorunu İranla müqayisədə daha həssas hesab etdiyi sualları aktuallaşır.
Mövzu ilə bağlı politoloq Vaqif Hüseyn Crossmedia.az-a açıqlama verib:
“İsrailin Suriya ilə bağlı narahatlığını müəyyən mənada başa düşmək olar. Birincisi, İsrail Suriya ilə birbaşa sərhəddə yerləşir və regionun təhlükəsizlik dinamikası onun üçün həssas məsələdir. İkincisi, İsrail hazırda Suriyaya məxsus hesab edilən Qolan təpələrinə nəzarət edir və bu məsələ uzun illərdir regional mübahisə mövzusudur. Türkiyə isə Aralıq dənizi hövzəsinin mühüm dövlətlərindən biridir və güclü hərbi dəniz qüvvələrinə malikdir. Yaxın illərdə donanmanın yeni gəmilərlə gücləndirilməsi planları da Türkiyənin hərbi potensialını artıran amillərdən biri kimi qiymətləndirilir”.

Politoloq əlavə edib ki, bu kontekstdə bəzi yanaşmalara görə, Türkiyə və Suriya istiqamətində baş verən proseslər İsrail üçün təhlükəsizlik baxımından xüsusi diqqət tələb edir: “Digər tərəfdən, İranın İsrailə birbaşa hərbi təsir imkanlarının, xüsusilə hava və dəniz komponentləri baxımından məhdud olduğu, əsas təsir imkanlarının isə regional müttəfiqlər və quru marşrutları üzərindən formalaşdığı tez-tez vurğulanır. Son illərdə Suriyada İranın hərbi iştirakının müəyyən dərəcədə zəifləməsi ilə bağlı da müxtəlif qiymətləndirmələr səsləndirilir. Bu baxımdan İsrailin təhlükəsizlik yanaşmasının əsas motivlərindən biri sərhədyanı və regional güc balansına nəzarət etmək kimi izah olunur”.
Ayhan
15:47 22.06.2026
Oxunuş sayı: 51