Azərbaycan İrana ciddi təpki verməlidir
İranın İslam Bankının mötəbər tədbiri ərəfəsində Azərbaycana qarşı informasiya hücumuna başlaması diqqət çəkən əsas məqamlardan biridir. Xüsusilə Azərbaycanın beynəlxalq nüfuzunun artdığı, bir sıra qlobal və regional maliyyə institutları ilə əməkdaşlığın genişləndiyi bir dövrdə bu cür informasiya kampaniyalarının intensivləşməsi suallar doğurur. Mövzuya yanaşarkən əsas məqamlardan biri ondan ibarətdir ki, İranın ABŞ ilə müəyyən razılaşmalara getməyə məcbur qaldığı və regional güc balansında təzyiqlərlə üzləşdiyi bir şəraitdə belə addımların nə dərəcədə siyasi və diplomatik məqsəd daşıdığı diqqət mərkəzinə çıxır. Xüsusilə nüfuzlu beynəlxalq tədbirlər ərəfəsində Azərbaycanın hədəf seçilməsi bu prosesin təsadüfi olub-olmaması ilə bağlı müzakirələri daha da aktuallaşdırır. Bu kontekstdə əsas sual ondan ibarətdir ki, İranın regionda artan informasiya aktivliyi və Azərbaycana yönəlmiş iddialar hansı məqsədlərə xidmət edir və bu, iki ölkə arasında münasibətlərin gələcək dinamikasına necə təsir göstərə bilər? Eyni zamanda, Azərbaycanın artan beynəlxalq mövqeyi fonunda belə informasiya hücumlarının effektivliyi və davamlılığı da ciddi müzakirə mövzusudur.
Mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama verib:
Böyük Azərbaycan partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev açıqlamasında qeyd edib ki, belə gərgin bir dövrdə — İran, İsrail və Amerika Birləşmiş Ştatları arasında gərginliyin davam etdiyi, dünyanın müxtəlif ölkələri tərəfindən İranla bağlı təzyiqlərin olduğu bir şəraitdə İran yenə də öz qərəzindən və Azərbaycana qarşı xoşagəlməz münasibətindən əl çəkmir: “Reallıq təəssüflər olsun ki, belədir. İran və Azərbaycan prezidentlərinin görüşünə və münasibətlər müəyyən qədər yumşalmağına baxmayaraq görürük ki, İranı nə vilayət-fəqih idarə edir, nə də prezident. İranı faktiki olaraq SEPAH idarə edir. Onların güc strukturları təəssüflər olsun ki, əsas siyasi quruma çevriliblər və Azərbaycana qarşı qərəzli şəkildə hücumlar, ümumilikdə siyasi hücumlar və informasiya hücumlarına dəstək verirlər”.

Deputat əlavə edib ki, biz bunu qərəzli hesab edirik: “Azərbaycana qarşı aparılan informasiya hücumları İran tərəfindən qəbuledilməzdir, biz bunu rədd edirik və bütün hallarda Azərbaycan, ölkəmizin siyasi qüvvələri və hakimiyyət bir yerdə İranın müvafiq qurumlarına ciddi şəkildə təpki verməlidir. İndi elə bir dövrdə yaşayırıq ki, İranla Azərbaycan arasında münasibətlərin yaxşı olmasına maraqlıyıq və bunu açıq şəkildə bildiririk. İranda Azərbaycan səfirliyinə hücum oldu, basqın edildi və nəticədə soydaşımız öldürüldü. Bundan sonra xeyli gərginliklər yarandı. Münasibətlərin nisbətən normallaşacağına ümid etdik, müəyyən qədər təmaslar da oldu, amma təəssüflər olsun ki, İran tərəfindən həm informasiya müharibəsi davam etdirilir. Eyni zamanda, əvvəllər belə idi ki, Naxçıvanla İran ərazisi vasitəsilə ölkənin əsas hissəsinə yol mövcud idi. Təəssüflər olsun ki, İran bunu da bağlayıb. Nə avtobuslar işləyir, nə də insanların şəxsi minik avtomobilləri hərəkət edə bilir. Bu da nə qonşuluğa, nə orada yaşayan çoxsaylı azərbaycanlılara, nə də ümumilikdə müsəlmançılığa və insanlığa sığan bir davranış deyil. Yəni İran tərəfindən təəssüflər olsun ki, bu cür təzyiqlər mövcuddur və biz bunu qətiyyətlə pisləyirik. Eyni zamanda onu da bildirmək istəyirəm ki, bizim heç bir dövlətlə, o cümlədən İranla düşmənçilik niyyətimiz yoxdur. İran tərəfi də nəhayət bunu anlamalı və bərabərhüquqlu qonşuluq siyasətini davam etdirməlidir”.
Yeni Nəsil Jurnalistlər birliyinin sədri Arif Əliyev isə açıqlamasında bildirib ki, İranla uzun illərdir müxtəlif sahələrdə — həm diplomatik sahədə, həm də informasiya sahəsində — bəzən düşmənçilik, bəzən isə ciddi rəqabət müşahidə olunur: “Bu prosesdə dezinformasiyanın rolu da böyükdür. Bu mövzu vaxtaşırı gündəmə gəlir və gələcəkdə də gələcək. Çünki Azərbaycanla İran arasında mövcud olan problemlər müəyyən mərhələlərdə yumşalsa da, köklü xarakter daşıyır. İran Azərbaycanın güclənməsini, Azərbaycanın beynəlxalq dəstəyinin və beynəlxalq nüfuzunun artmasını həmişə böyük qısqanclıqla qarşılayır və müxtəlif sahələrdə hətta Azərbaycanı özünə rəqib kimi görür. Odur ki, bu, bir ilin və ya on ilin söhbəti deyil, köklü bir məsələdir”.

A.Əliyev bildirib ki, İran və Rusiyadan Azərbaycana yönələn dezinformasiya dalğaları da bu kontekstdə qiymətləndirilməlidir: “Buna əlbəttə ki, hazır olmaq lazımdır. Bu, bir səbəbdir. İkinci səbəb isə ondan ibarətdir ki, son dövrlərdə İranla Azərbaycan arasında anlaşma xətti müəyyən qədər güclənib. Lakin İranda hələ də vahid idarəçilik və vahid ideoloji mərkəz formalaşmayıb. Bir mərkəz Azərbaycanla yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır, digər mərkəz isə Azərbaycana demək olar ki, düşmən münasibəti göstərir. Ona görə də bu iki amil bizə bir daha xatırladır ki, İran istiqamətində informasiya məsələlərində həmişə ehtiyatlı olmaq lazımdır. İranın Azərbaycanla münasibətlərdə dezinformasiyaya əl atması, təəssüf ki, yaxın zamanda həll olunacaq bir məsələ deyil. Yəni bu prosesdə hər zaman diqqətli olmaq lazımdır”.
Ayhan
16:42 19.06.2026
Oxunuş sayı: 60