Ədəbi tənqid yoxa çıxır? - Tənqidçilər narazıdır
Azərbaycan ədəbi mühitində uzun illərdir davam edən əsas müzakirə mövzularından biri ədəbi tənqidin vəziyyəti və onun ədəbiyyat prosesinə təsir imkanlarıdır. Bu gün də tez-tez “ədəbi tənqid yoxdur”, “tənqid zəifdir” və ya “tənqid ədəbiyyata təsir etmir” kimi fikirlər səsləndirilir. Lakin reallıq bu qənaətlərin birmənalı olmadığını göstərir. Müasir Azərbaycan ədəbi tənqidi mövcuddur, fəaliyyət göstərir və müxtəlif nəsillərə mənsub tənqidçilərin yazılarında özünü göstərir. Bununla belə, onun ədəbi prosesə təsir gücü, ictimai rezonansı və ədəbiyyatla dialoq səviyyəsi barədə fərqli yanaşmalar mövcuddur. Bir tərəfdən, tənqid ədəbiyyatı analiz edən, istiqamətləndirən və qiymətləndirən intellektual fəaliyyət kimi çıxış edir; digər tərəfdən isə bəzən resenziya xarakterli, təsviri və ümumiləşdirici yazılarla kifayətlənməkdə ittiham olunur.
Mövzu ilə bağlı ədəbi tənqidçilər Crossmedia.az-a açıqlama verib:
Akademik, tənqidçi Nizami Cəfərov:
“Birinci onu deyə bilərəm ki, ədəbi tənqid heç vaxt heç kimi qane etməyib. Yəni əgər biz XX əsrin, məsələn, 20–30-cu illərini, 50–60-cı illərini və daha sonra 70–80-ci illərini götürsək, həmin dövrlərin müzakirələrini, ədəbi prosesə və ədəbiyyata münasibətləri müqayisə etsək, görəcəyik ki, həmişə ədəbiyyatdan daha çox ədəbi tənqid qınaq obyektinə çevrilib. Əslində burada bir paradoks da var. Bir qayda olaraq, ədəbiyyatı ədəbi tənqid təhlil etməli, onu analiz etməli və öz tənqidi mülahizələrini, adından da göründüyü kimi, ifadə etməlidir. Məsələ ondadır ki, həmin tənqidi mülahizələr söylənib, amma ədəbiyyat həmişə daha güclü olub. Ədəbiyyat heç zaman ədəbi tənqidlə tam razılaşmayıb, lakin bu qarşılıqlı iddiaya əsaslanan prosesin özü də maraqlıdır. Ümumiyyətlə, ədəbiyyatın mövcud olduğu dövrdə ona münasibətin olmaması mümkün deyil. Bu münasibət həm peşəkar, həm də qeyri-peşəkar, daha doğrusu kütləvi xarakter daşıya bilər. Yəni ədəbiyyat əsəri meydana çıxır və ya bəyənilmir, ya bir qrup tərəfindən bəyənilir, digər qrup tərəfindən bəyənilmir, ya da tamamilə qəbul olunur. Bunun özü də bir münasibət formasıdır”.

Akademik əlavə edib ki, amma sonradan ədəbi tənqidçi obrazı formalaşdı, müəyyən dövrlərin tələbi ilə bu obraz daha da aktuallaşdı: “Məsələn, Sovet dövründə ən mükəmməl, döyüşkən ədəbi tənqidçi obrazını Vissarion Belinski formalaşdırmışdı. Azərbaycanda isə bu rolda böyük yazıçımız və eyni zamanda tənqidçimiz Mehdi Hüseyn çıxış edirdi. Sonrakı dövrlərdə də yaxşı tənqidçilər yetişdi, amma hər dəfə görünür ki, ədəbi tənqidçi funksiyasını yerinə yetirən ziyalı nəticə etibarilə ya ədəbiyyatşünasa, ya da ən yaxşı halda ədəbiyyat filosofuna çevrilib. Bunun mükəmməl nümunələri kimi Yaşar Qarayev və Asif Əfəndiyevi göstərmək olar. Amma bu gün də həmin proses davam edir; ədəbiyyat haqqında maraqlı fikirlər söylənilir və kifayət qədər söz sahibi olan tənqidçilər mövcuddur. Məsələn, onların sırasında Rüstəm Kamalı, Əsəd Cahangiri qeyd etmək olar. Gənclər də var ki, onlar da bu sahədə çalışırlar”.
N.Cəfərov bildirib ki, diqqəti cəlb edən əsas məqam heç bir böyük ədəbiyyat adamının yalnız ədəbi tənqidlə kifayətlənmək istəməməsi, onun çərçivəsində qalmaq istəməməsidir. Ona görə də biz ədəbiyyat tənqidçisi adını bir qədər ehtiyatla çəkirik. Yaşar Qarayev ədəbi tənqidin mükəmməl obrazlarından biridir, amma mən onun sırf ədəbi tənqid məqalələrini xatırlamaqda çox çətinlik çəkirəm. Onun ədəbi-tənqidi fikirlərini, ayrı-ayrı mülahizələrini xatırlayıram, amma ümumi yaradıcılığına baxanda o nəhənglik, fundamentallıq, analitik dərinlik və yüksək pafos tənqid çərçivəsindən çox-çox kənara çıxır. Bu gün də vəziyyət belədir. İnanmıram ki, kimsə cəsarətlə sırf ədəbi tənqid məqalələri yazaraq həmin sahədə sonadək qala bilsin. Buna klassik və maraqlı nümunə kimi təcrübəli tənqidçimiz Vaqif Yusiflini göstərmək olar. Lakin onda da tənqidçi vərdişi, davranışı və psixologiyası hiss olunsa da, o daha çox təhlilçi səviyyəsində görünür. O da çalışır ki, ya zəif əsərlər haqqında yazmasın, ya da yazanda həmin zəif əsərlərdən müəyyən bir dəyər tapsın və onun üzərində dayansın. Halbuki xüsusilə XXI əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında kifayət qədər zəif əsərlər var. Lakin bu əsərlərin zəif olduğunu deməyə sanki hamının dili gəlmir, ya da buna vaxt və enerji sərf etmək istəmirlər. Belə bir təsəvvür yaranır ki, XXI əsrin əvvəllərində yaranan əsərlərin əksəriyyəti zəifdir; ya peşəkarlıq çatışmır, ya da bugünkü həyat ədəbiyyata yetərincə material vermir, yaxud da müasir Azərbaycan yazıçısı lazımi hazırlıqdan məhrumdur. Digər tərəfdən, cəmiyyət də artıq böyük ədəbiyyat yox, daha çox yüngül ədəbiyyat tələb edir və yazıçı da buna uyğun hərəkət edir. Bütün bunlar artıq məlumdur. Biz artıq ayrı-ayrı böyük yazıçılar haqqında deyil, daha çox ədəbi hadisələr haqqında düşünürük. Məsələn, böyük ədəbiyyat xətti ilə İsa Hüseynov, Yusif Səmədoğlu, Kamal Abdulla kimi adları qeyd etmək olar. Bu adlar ilk ağlıma gələnlərdir. Eyni zamanda Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, Ramiz Rövşən kimi xətlər də var və bu xətlərlə bu gün də yazıb yaradanlar mövcuddur. Onları təbii ki, görmək lazımdır və görürük də. Əgər ədəbiyyat haqqında düşünən adamıqsa, bu barədə söz demək səlahiyyətimiz varsa, bunu deyirik. Amma bu fikirlər çox vaxt ədəbi tənqid sözü kimi deyil, daha çox ədəbiyyatşünaslıq fikri kimi səslənir və dərhal da statistikaya düşür. Məsələn, bizim çox böyük ədəbiyyatşünasımız Tehran Əlişanoğlu onun təhlilləri və araşdırmaları tam analitik səviyyədədir. Amma sonra bir sual yaranır: bütün bunlar təsbit olunandan sonra nə olsun? Bu nəticələr əsasında biz yazıçıdan nə tələb etməliyik və ümumiyyətlə tələb etməyə haqqımız varmı? İstər-istəməz bu təhlillər aparılır, bunlar lazımdır və davam edəcək. Amma hər halda qarşımıza həmişə müəyyən bir absurdluq çıxır və bu mücərrədlikdən çıxış yolu tapmaq çətin olur. Bununla belə, ədəbiyyat öz yoluna davam edir”.
“Ədəbiyyat” qəzetinin baş redaktoru, ədəbi tənqidçi Azər Turan:

“Hər dəfə təkrarladığım fikri bir daha xatırladıram. Azərbaycanda ədəbi tənqidin missiyası tarixən fərqli olub. Hətta XX yüzilin əvvəllərində dövlət təfəkkürümüzün formalaşması prosesində də Azərbaycan ədəbi tənqidinin həlledici rolu olmuşdur. Hətta milli triadamız belə bir ədəbi tənqid məqaləsində ifadə olunub və həmin məqalənin adı da “İntiqad ediyoruz, intiqad olunuyoruz”, yəni tənqid edirik, tənqid olunuruq adlanırdı. Etiraf etməliyik ki, çağdaş Azərbaycan ədəbi tənqidi dünya ədəbi tənqidi ilə həmahəng bir miqyasda yaranmaqdadır. Çağdaş ədəbi tənqid müstəqillik dövrümüzün ədəbi tənqididir və bu tənqid kifayət qədər demokratik ruhdadır. Amma məncə sənətdə demokratik dəyərlərdən daha ucada estetik dəyərlər dayanır. Bu baxımdan ədəbi tənqidimizin müasir dünya ədəbi tənqidi ilə fikri təması təmin olunub. Bu da yaxşıdır ki, ədəbi estetikalar təkcə tənqidçilərimizin deyil, yazıçılarımızın, şairlərimizin də yaradıcılıq prosesinə əsaslı şəkildə daxil olub”.
Ədəbi tənqidçi Vaqif Yusifli:
“Həmişə ədəbi tənqidin yoxluğundan söhbət açılır. Amma belə deyil. Ədəbi tənqid var, mən də onun bir nümayəndəsiyəm və çalışıram ki, tənqidçi adını yaxşı mənada doğruldum. Mənim məqalələrim “Azərbaycan” jurnalında, “Ədəbiyyat” qəzetində, “Ulduz”da dərc olunub. Bunlar təbii ki, mənim fəaliyyətimin məhsuludur. Amma digər tənqidçilər də var: Cavanşir Yusifli, Əsəd Cahangir, Tehran Əlişanoğlu, Elnarə Akimova, Nərgiz Cabbarlı və s. Bunlar da yazıb-yaradırlar. Ədəbi tənqidin vəziyyətindən şikayətlənmək düzgün olmaz. Hər halda bu gün məntiqlə yanaşsaq, ədəbi tənqid var. Çünki poeziyamızla müqayisədə, nəsrimizlə müqayisədə ədəbi tənqiddə vəziyyət tam yox deyil”.

Tənqidçi qeyd edib ki, şairlərə baxanda deyə bilərik ki, hər ay, hər iki ayda, hər beş aydan bir yaxşı bir şairin adını çəkə bilirik: “Bu müqayisədən çıxış edərək demək olar ki, tənqidçi kimi yetişmək çox ağır və çətin bir işdir. Tənqidçi Jül Renarın dediyi kimi, “öz rotasına atəş açan bir əsgərdir”. Bunu bir az sərt şəkildə deyib, amma mahiyyət etibarilə ədəbi prosesi izləyən, ədəbi prosesin içində olan şəxs tənqidçi adlanırsa, belə də olmalıdır. Amma belə tənqidçilərin sayı azdır. Kəmiyyət azdır. Bu Sovet dövründə də belə olub, o dövrdə də yaxşı tənqidçilər mövcud idi. Əlbəttə, mənfi məqamlar da var. Məsələn, müasir ədəbi tənqid Sovet dövründən gələn ənənəvi tənqidin bəzi mənfi xüsusiyyətlərini hələ də daşıyır. Məsələn, çox zaman resenziya xarakterli yazılar yazılır. Bu isə kim nə yazdısa, onun haqqında ümumi, səthi yanaşmaların ortaya çıxmasına səbəb olur. Bəzən təqdim olunan kitablar haqqında yazılarda və ya yazıçının şəxsiyyəti, həyatı ilə bağlı materiallarda o qədər təhriflər olur ki, insan düşünür: “İlahi, bizdə bu qədər böyük şairlər, bu qədər böyük nasirlər var, amma yanaşma niyə belədir?” Digər bir məsələ isə budur ki, ədəbi tənqid bəzən ədəbi prosesin içərisinə dərindən daxil olmur, onu saf-çürük etmir, yaxşını pisdən ayırmaqda gecikir və ya bəzən buna cəsarət etmir. Nəticədə ədəbi prosesin ümumi istiqamətini, hansı səviyyədə və hansı xətt üzrə getdiyini tam aydın şəkildə göstərə bilmir”.
Ayhan
12:00 18.06.2026
Oxunuş sayı: 63