Media sektorunda mühüm hadisə: Perspektiv nə vəd edir?
Azərbaycanda media sahəsində vahid qurumun — Media və Yayım Şurasının yaradılması ilə bağlı təklif Milli Məclisdə müzakirə olunur. Bu təşəbbüs media idarəçiliyinin daha sistemli və koordinasiyalı şəkildə həyata keçirilməsi məqsədini daşıyır. Sual yaranır ki, belə bir birləşdirilmiş model nə dərəcədə səmərəli ola bilər və media mühitinə hansı təsirləri göstərə bilər?
Ümumiyyətlə, müasir informasiya mühitində media artıq təkcə klassik televiziya və çap mətbuatı ilə məhdudlaşmır. Onlayn platformalar, rəqəmsal media resursları və sosial şəbəkələr informasiya dövriyyəsində əsas rol oynamağa başlayıb. Bu baxımdan idarəetmə mexanizmlərinin də dəyişən reallığa uyğunlaşdırılması zərurətə çevrilir. Vahid qurumun yaradılması media sahəsində parçalanmış tənzimləmə mexanizmlərinin bir mərkəzdə cəmlənməsinə, qərarların daha operativ qəbul olunmasına və koordinasiyanın güclənməsinə şərait yarada bilər. Eyni zamanda bu model çap mediası, televiziya və onlayn medianın ayrı-ayrı spesifik xüsusiyyətlərini nəzərə alan daha balanslı idarəetmə sisteminin formalaşmasına imkan verə bilər.

Mövzu ilə bağlı Yurd.Media saytının təsisçisi və baş redaktoru Murad Əliyev Crossmedia.az-a açıqlama verib: “Bu, daha çox idarəçilik məsələsidir. Məlum olduğu kimi, bizdə “super nazirliklər” adlandırılan strukturlar var. Məsələn, rabitə, nəqliyyat və digər bir neçə sahəyə eyni vaxtda nəzarət edən və onları idarə edən vahid qurumlar mövcuddur. Əsas məsələ ondan ibarətdir ki, əgər səmərəli idarəçilik təmin olunarsa, heç bir problem yaranmayacaq. Çünki çap mediasının öz problemləri və çətinlikləri var, tələbləri var. Onlayn medianın ayrıca tələbləri mövcuddur, televiziyanın isə tam fərqli yanaşma və ehtiyacları var”.
M.Əliyev əlavə edib ki, əgər bu sahələr düzgün şəkildə bölüşdürülərək, koordinasiyalı formada idarə olunarsa, mən hər hansı ciddi problemin olacağını düşünmürəm: “Əksinə, bəzi məqamlarda bu platformalar arasında ortaq nöqtələr də yaranır. Xüsusilə televiziya ilə onlayn media arasında müəyyən oxşar istiqamətlər mövcuddur. Hesab edirəm ki, yaradılan yeni qurum bu baxımdan televiziya ilə onlayn media arasında mövcud olan bəzi fərqlilikləri aradan qaldırmağa, onların daha koordinasiyalı işləməsinə şərait yaradacaq. Beləliklə, vahid platforma çərçivəsində bu sahələr müzakirə olunacaq və daha səmərəli çıxış yolları tapılacaqdır”.

Media eksperti Müşfiq Ələsgərli də məsələyə münasibət bildirib: “Güclü və dayanıqlı informasiya məkanının mövcudluğu milli təhlükəsizliyin əsas komponentlərindən biri sayılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Vətən müharibəsindəki tarixi Zəfərdən dərhal sonra - 12 yanvar 2021-ci ildə “Azərbaycan Respublikasında media islahatlarının daha da dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Medianın İnkişafı Agentliyinin yaradılması, ardınca "Media haqqında" yeni Qanunun qəbul edilməsi və digər bi kimi kompleks addımların atılmasını təmin etməklə, ölkədə media üzrə yeni hüquqi-institusional mexanizmlərə keçidin bünövrəsini qoydu. Bu gün Milli Məclisdə müzakirəyə təqdim edilən və Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın bazasında Media və Yayım Şurasının yaradılmasını ehtiva edən qanunvericilik təşəbbüsü də ölkədə son illər həyata keçirilən sistemli media islahatlarının məntiqi davamıdır. Bu dəyişiklik rəqəmsal dövrün çağırışlarına uyğun olaraq informasiya siyasətinin daha çevik, koordinasiyalı və vahid yanaşma əsasında formalaşdırılmasına xidmət edir”.
Ekspert əlavə edib ki, rəqəmsal transformasiya medianın klassik təsnifatını aradan qaldırıb: “Çap, onlayn və audiovizual media arasındakı sərhədlər böyük mənada aradan qalxıb, konvergensiya olunmuş media tipi yaranıb. Bu şəraitdə müxtəlif media seqmentlərinin ayrı-ayrı mexanizmlərlə idarə olunması əvvəlki qədər effekt vermir. Milli informasiya məkanının təhlükəsizliyinin təmin olunması, dezinformasiyaya qarşı operativ mübarizə, rəqəmsal platformaların monitorinqi və media subyektlərinin inkişafının stimullaşdırılması daha çevik, koordinasiyalı institusional yanaşma tələb edir. Bu kontekstdə yanaşsaq, Audiovizual Şura ilə Medianın İnkişafı Agentliyinin bazasında kollegial idarəetmə prinsiplərinə əsaslanan Media və Yayım Şurasının yaradılması dövlətin vahid institusional yanaşma strategiyasının təbii davamıdır. Yeni Şuraya verilməsi nəzərdə tutulan səlahiyyətlərin təhlili göstərir ki, burada əsas prioritetlərdən biri media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, peşəkarlığın artırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, milli media məhsullarının inkişafı və dezinformasiyaya qarşı sistemli mübarizənin təşkilidir. Xüsusilə rəqəmsal məzmunun təhlili, ictimai rəyin öyrənilməsi, informasiya təhlükəsizliyinin təmin olunması və dezinformasiyanın yayılması risklərinin minimuma endirilməsi istiqamətində nəzərdə tutulan mexanizmlər müasir dövrün reallıqlarına tam uyğun gəlir. Eyni zamanda diqqətəlayiq məqamlardan biri də Media Reyestri ilə bağlı nəzərdə tutulan yeniliklərdir. Bütün bu faktlara əsaslanaraq deyə bilərik ki, təklif olunan qanunvericilik dəyişiklikləri təsdiqlənərsə, Azərbaycanın informasiya məkanında yeni institusional mərhələ başlayacaq. Bu dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyinin daha etibarlı təmin edilməsinə, milli media məhsullarının inkişafının stimullaşdırılmasına, media subyektlərinin iqtisadi dayanıqlığının gücləndirilməsinə, rəqəmsal çağırışlara adekvat cavab verilməsinə və nəticə etibarilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha effektiv çatdırılmasına əlavə imkanlar yaradacaq”.
Ayhan
09:56 17.06.2026
Oxunuş sayı: 63