Sülh prosesində əsir və itkin məsələlərinə xüsusi həssaslıqla yanaşılmalıdır - RƏY
Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır humanitar nəticələrindən biri də minlərlə insanın taleyinin bu günədək naməlum qalmasıdır. Rəsmi məlumatlara görə, 4 mindən çox Azərbaycan vətəndaşı hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onilliklər keçməsinə baxmayaraq, bu insanların aqibətinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların aşkarlanması və ailələrinin həqiqəti öyrənmək hüququ beynəlxalq humanitar hüququn mühüm tələblərindən biri olaraq qalır. Sizcə, davam edən sülh prosesində itkin düşmüş şəxslər məsələsi hansı mexanizmlərlə həll olunmalı və tərəflər bu humanitar problemin aradan qaldırılması üçün hansı addımları atmalıdır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Crossmedia.az-a açıqlama verib:
“Məncə, sülhdən danışırıqsa, ilk növbədə insan faktoru öncəlik təşkil etməlidir. İnsanların ağrı-acısına son qoymaq lazımdır. İtkin düşmüş şəxslər məsələsi siyasətdən daha çox insan taleyi məsələsidir. Onilliklərdir minlərlə ailə öz övladının, atasının, qardaşının, bacısının taleyindən xəbərsiz yaşayır, bir ümid gözləyir.

Bu ailələrin ən böyük haqqı həqiqəti bilməkdir. Bəzən insanlar yaxınlarının sağ olmadığını qəbul etməyə belə razıdırlar, təki onların taleyi barədə dəqiq məlumat alsınlar. Çünki ən ağır yük qeyri-müəyyənlikdir.
Ona görə də hesab edirəm ki, sülh prosesində bu məsələyə xüsusi həssaslıqla yanaşılmalı, itkin düşən insanların taleyinin aydınlaşdırılması üçün bütün məlumatlar açıqlanmalı və ailələrin illərlə davam edən gözləntisinə son qoyulmalıdır. Bu, sadəcə siyasi məsələ deyil, insanlıq borcudur. Ümüd edirəm ki, uzun illər keçsə də qayıdanlar olsun!”
Ayhan
18:24 12.06.2026
Oxunuş sayı: 45