Heydər Əliyev siyasi məktəbi müasir Azərbaycan dövlətinin idarəçilik fəlsəfəsini formalaşdırdı - Rəy
Tarixin elə dönüş nöqtələri var ki, həmin günlər təkcə təqvim hadisəsi deyil, bütöv bir xalqın gələcək taleyini, dövlətin istiqamətini və milli iradənin gücünü müəyyən edən mərhələyə çevrilir. Azərbaycanın müasir dövlətçilik tarixində 15 İyun – Milli Qurtuluş Günü də məhz belə taleyüklü günlərdən biridir. Bu tarix ölkənin siyasi böhrandan çıxaraq sabitlik, inkişaf və müstəqil dövlət quruculuğu yoluna qədəm qoymasının simvolu kimi xüsusi əhəmiyyət daşıyır. Milli Qurtuluş yalnız hakimiyyət dəyişikliyi deyil, dövlətçilik ideyasının qorunması, xalqın gələcək naminə vahid məqsəd ətrafında birləşməsi və Azərbaycanın müstəqil inkişaf modelinin əsasının qoyulması ilə xarakterizə olunan tarixi mərhələdir. Bu günə aparan yol və sonrakı uğurlar göstərir ki, düzgün siyasi seçimlər və uzaqgörən dövlətçilik strategiyası xalqların taleyində həlledici rol oynayır.
Milli Məclisin deputatı Rövşən Muradov 15 iyun Qurtuluş Gününün əhəmiyyəti ilə bağlı Crossmedia.az-a açıqlama verib:
“Azərbaycanın müasir dövlətçilik salnaməsində 15 İyun – Milli Qurtuluş Günü xalqın taleyində sadəcə siyasi dönüş anı kimi deyil, milli varlığın öz dövlətini qorumaq iradəsinin, müstəqillik ideyasının real idarəçilik gücünə çevrilməsinin və tarixin ən ağır sınaqları qarşısında Azərbaycan xalqının müdrik seçim etmək bacarığının parlaq ifadəsi kimi dəyərləndirilməlidir. Bu tarix dövlətçilik yaddaşımızda ona görə müstəsna yer tutur ki, həmin gün Azərbaycan xaosdan sabitliyə, parçalanma təhlükəsindən milli bütövlüyə, siyasi pərakəndəlikdən sistemli idarəçiliyə doğru həlledici istiqamət götürdü.

1990-cı illərin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etsə də, həmin müstəqilliyin qorunması son dərəcə mürəkkəb tarixi şəraitdə baş verirdi. İdarəetmə təcrübəsinin zəifliyi, siyasi məsuliyyətsizlik, iqtisadi tənəzzül, cəbhədə ağır itkilər, separatizm meylləri, qanunsuz silahlı qruplaşmaların fəaliyyəti və xarici təzyiqlər ölkəni dövlətçilik böhranının ən təhlükəli mərhələsinə gətirmişdi. Dövlət institutlarının iflic vəziyyətinə düşməsi, ictimai etimadın sarsılması və milli həmrəyliyin zədələnməsi Azərbaycanın gələcəyini ciddi sual altında qoyurdu. Belə bir məqamda xalq nicat yolunu böyük siyasi təcrübəyə, dərin dövlətçilik təfəkkürünə və sarsılmaz milli iradəyə malik Heydər Əliyevin şəxsiyyətində gördü.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində xilaskarlıq missiyasının başlanğıcı oldu. Bu qayıdış təkcə bir liderin hakimiyyətə gəlməsi anlamı daşımırdı. Bu, dövlətin özünü qoruma refleksinin, xalqın siyasi yetkinliyinin və milli iradənin vahid məqsəd ətrafında səfərbər olunmasının tarixi təntənəsi idi. Heydər Əliyev ilk növbədə ölkədə sabitliyi bərpa etdi, vətəndaş qarşıdurması təhlükəsini aradan qaldırdı, dövlət hakimiyyətinin nüfuzunu yenidən formalaşdırdı və Azərbaycanı idarə olunan, məqsədli, gələcəyə hesablanmış inkişaf xəttinə çıxardı”.
Deputat əlavə edib ki, Ulu Öndərin dövlətçilik xidmətlərinin böyüklüyü yalnız böhranı dayandırmaqla kifayətlənmir, həmçinin onun siyasi dühası dağılmaq təhlükəsi ilə üzləşmiş bir ölkəni yenidən qurmaqda, cəmiyyətdə dövlətə inamı bərpa etməkdə, müstəqilliyi emosional arzu səviyyəsindən institusional reallığa yüksəltməkdə özünü göstərdi:
“Heydər Əliyev çox dəqiq anlayırdı ki, sabitlik olmadan inkişaf, qanunçuluq olmadan təhlükəsizlik, iqtisadi güc olmadan müstəqil xarici siyasət, milli birlik olmadan isə davamlı suverenlik mümkün deyil. Məhz bu dərin dövlətçilik məntiqi sonrakı onilliklərdə Azərbaycanın yüksəlişinin əsas ideya dayağına çevrildi.
Heydər Əliyev siyasi məktəbi müasir Azərbaycan dövlətinin idarəçilik fəlsəfəsini formalaşdırdı. Onun rəhbərliyi ilə qanunçuluq bərpa edildi, siyasi institutlar möhkəmləndirildi, nizami ordu quruculuğuna başlanıldı, ilk Konstitusiya qəbul olundu, çoxşaxəli diplomatik əlaqələr quruldu və Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yerini tutması üçün möhkəm əsaslar yaradıldı. Xüsusilə milli neft strategiyasının həyata keçirilməsi ölkənin iqtisadi gələcəyini müəyyənləşdirən tarixi qərar kimi Azərbaycanın müstəqilliyini maliyyə, enerji və geosiyasi dayaqlarla möhkəmləndirdi. “Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji xəritəsinə çıxışını təmin etməklə yanaşı, ölkəni beynəlxalq sərmayə üçün etibarlı məkana və regionun strateji əhəmiyyətli dövlətinə çevirdi.
Ulu Öndərin xarici siyasət xətti də Azərbaycan dövlətçiliyinin davamlılığı baxımından xüsusi əhəmiyyət daşıyırdı. O, ölkəni təcrid riskindən çıxararaq balanslı, praqmatik və milli maraqlara əsaslanan diplomatiya sistemi qurdu. Müxtəlif güc mərkəzləri ilə münasibətlərdə Azərbaycanın suveren mövqeyinin qorunması, beynəlxalq hüquq prinsiplərinə söykənən siyasi xəttin müdafiəsi, regional əməkdaşlıq imkanlarının genişləndirilməsi və ölkəmizin etibarlı tərəfdaş kimi tanıdılması məhz həmin uzaqgörən siyasətin nəticəsi idi. Bu diplomatik məktəb Azərbaycanın gələcək geosiyasi uğurları üçün strateji zəmin yaratdı.
Tarixin sonrakı mərhələsi göstərdi ki, Heydər Əliyev irsi yalnız qorunmalı siyasi miras kimi qalmadı, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun şəkildə daha böyük strateji məzmuna yüksəldi. Cənab Prezident bu şanlı yolu ardıcıllıqla davam etdirərək Azərbaycanı güclü iqtisadiyyata, qüdrətli orduya, müstəqil xarici siyasətə və artan beynəlxalq nüfuza malik dövlətə çevirdi. Heydər Əliyevin xilas etdiyi Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə öz ərazi bütövlüyünü bərpa edən, suverenliyini tam təmin edən və regionun siyasi-iqtisadi gələcəyinə təsir göstərən qüdrətli dövlət statusu qazandı.
Ölkə başçısının dövlət idarəçiliyində üstünlük verdiyi əsas amil milli maraqların konkret nəticələrə hesablanmış siyasi və iqtisadi strategiyaya çevrilməsində özünü göstərir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika bağlantıları, Orta Dəhliz üzərində Azərbaycanın artan rolu, qeyri-neft sektorunun inkişafı, sənaye və aqrar potensialın genişləndirilməsi, rəqəmsal transformasiya və azad edilmiş ərazilərdə aparılan böyük quruculuq işləri müasir Azərbaycan modelinin əsas istiqamətlərini təşkil edir. Bu siyasət ölkənin daxili inkişafını sürətləndirir, beynəlxalq danışıqlarda mövqeyini gücləndirir, xarici asılılıqları azaldır və iqtisadi dayanıqlığı milli təhlükəsizlik amilinə çevirir.
Xarici siyasət müstəvisində cənab Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın müstəqil iradəyə malik dövlət kimi tanınmasını təmin etmişdir. Azərbaycan bu gün müxtəlif siyasi qütblərlə münasibətlərdə milli maraqlarını qoruyan, beynəlxalq hüququn prinsiplərini ardıcıl müdafiə edən, regional əməkdaşlıq gündəliyini formalaşdıran və qlobal platformalarda öz sözünü inamla ifadə edən dövlətdir. Avropa ilə enerji tərəfdaşlığının genişlənməsi, Türk dünyası ilə inteqrasiyanın dərinləşməsi, Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın nüfuzunun artması və regionda yeni reallıqların yaradılması Prezident İlham Əliyevin uzaqgörən, balanslı və nəticəyönümlü diplomatiyasının mühüm göstəriciləridir".
Parlamentari əlavə edib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər bu siyasi kursun ən ali zirvəsi oldu: "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi Heydər Əliyev ideallarının gerçəkləşməsi, ata vəsiyyətinin yerinə yetirilməsi və Azərbaycan dövlətçiliyinin tarixi qələbəsi kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Şuşanın azadlığı, Qarabağ və Şərqi Zəngəzurda üçrəngli bayrağımızın dalğalanması, Xankəndidə suverenliyimizin tam bərpası Azərbaycan dövlətinin siyasi iradəsinin, hərbi qüdrətinin və xalq-lider birliyinin möhtəşəm ifadəsidir.
Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri Zəfərin yalnız hərbi-siyasi nəticə olaraq qalmadığını, yeni inkişaf mərhələsinə çevrildiyini nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda beynəlxalq hava limanlarının, avtomobil və dəmir yollarının, enerji infrastrukturunun, yaşayış məntəqələrinin, sosial obyektlərin və “ağıllı kənd” konsepsiyasının həyata keçirilməsi Prezident İlham Əliyevin postmüharibə dövrünə strateji baxışla yanaşdığını göstərir. Bu proses Böyük Qayıdışın maddi əsaslarını yaradır, işğalın dağıtdığı torpaqları yenidən həyat, rifah və milli qürur məkanına çevirir.
Milli Qurtuluşdan başlayan tarixi yol bu gün Zəfər dövlətçiliyi mərhələsində öz ən parlaq ifadəsini tapmışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanı dağılmaq təhlükəsindən xilas edərək müstəqil dövlətçiliyin möhkəm əsaslarını yaratdı, Prezident İlham Əliyev isə həmin siyasi irsi yeni tarixi zirvəyə yüksəldərək ölkənin ərazi bütövlüyünü, suverenliyini, iqtisadi dayanıqlığını və beynəlxalq nüfuzunu təmin etdi. Müasir Azərbaycan bu iki böyük tarixi mərhələnin vəhdətində formalaşmış qüdrətli dövlətdir: kökü Milli Qurtuluşda, siyasi dayağı Heydər Əliyev məktəbində, zirvəsi Zəfərdə, gələcəyi isə Prezident İlham Əliyevin uzaqgörən liderliyi, milli iradə və dövlətçilik məsuliyyəti ilə müəyyən olunur”.
Ayhan
16:26 12.06.2026
Oxunuş sayı: 58