Türkiyə kinematoqrafçıları Azərbaycan tarixi ilə bağlı mövzuları bizi qıcıqlandıracaq tərzdə işləyirlər - Rəy
Azərbaycan tarixi son illərdə Türkiyə istehsalı olan serial və ekran işlərində daha çox görünməyə başlayıb. Tarixi şəxsiyyətlər, dövlətlər və müxtəlif dövrlərlə bağlı mövzuların geniş auditoriyaya təqdim olunması həmin ekran işlərini təkcə əyləncə vasitəsi deyil, həm də tarixi yaddaş və təqdimat baxımından müzakirə mövzusuna çevirir. Türkiyə serialları isə artıq yalnız ölkə daxilində deyil, müxtəlif regionlarda yayımlanır və xarici auditoriyaya da çatır. Bu səbəbdən tarixi mövzuların ekranlaşdırılması zamanı seçilən süjet, obrazlar və hadisələrə verilən bədii yanaşma Azərbaycanda da maraq doğurur.
Azərbaycan kinosunda isə tarixi mövzuların bədii ekranlaşdırılması istiqamətində yeni layihələr hazırlanır. Son dövrdə ayrı-ayrı tarixi şəxsiyyətlər və hadisələrlə bağlı bədii-sənədli, eləcə də müasir texnologiyalardan istifadə edilən ekran işləri təqdim olunub. Qarşıdakı illərdə yeni tarixi filmlərin tamaşaçıya təqdim edilməsi gözlənilir. Bəs Azərbaycan tarixi ilə bağlı mövzuların Türkiyə ekranlarında geniş əks-səda doğurmasının səbəbi nədir və yerli kino bu sahədə hansı mərhələyə qədəm qoyur?

Mövzu ilə bağlı kinoşünas Vüsal Məmmədov Crossmedia.az-a açıqlamasında bildirib:
“Bunun bir neçə səbəbi var. Türkiyə kinematoqrafçıları Azərbaycan tarixi ilə bağlı mövzuları bizim cəmiyyəti qıcıqlandıracaq tərzdə işləyirlər. Bu isə istər-istəməz geniş ictimai müzakirələrə rəvac verir. Türkiyədə serial istehsalı hazırda dünya miqyaslı sənayeyə çevrilib və bir çox ölkələrdə geniş bazara malikdir. Bizdə hələ ki o miqyası heç təsəvvür etmək də olmur.
Azərbaycanda kino sahəsində müsbət dinamika hələ yeni başlayır və qarşıdakı illərdə biz bir neçə maraqlı tarixi filmə tamaşa edə biləcəyik. Hələ ki ortada müzakirə ediləcək bədii film yoxdur. “Atabəylər” bədii-sənədli film idi. “Uzun Həsən” süni intellektlə generasiya olunduğundan, onu ayrı siyahıya salmaq lazımdır. Bu il həmçinin “İşquz dövləti” və “Memar Əcəmi” bədii-sənədli filmlərini maraqla gözləyirik, ikisi də keyfiyyətli ekran işi olacaq.
2028-ci ildə ekranlara çıxacaq “Türkmənçay” Azərbaycan kinosunun yeni mərhələdə əsas tarixi film nümunəsi olacaq”.
Zeynəb Həsən
17:00 21.09.2026
Oxunuş sayı: 69