20 Sentyabr- Milli yaddaş və dövlətçilik şüuru
Hər bir müstəqil dövlətin tarixində elə tarixlər olur ki, onlar sadəcə təqvim vərəqləri olaraq qalmır, xalqın yaddaşı, milli qüruru və dövlətçilik iradəsinin əbədi rəmzinə çevrilir. Məhz 20 sentyabr da Azərbaycan xalqı üçün belə tarixlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 2024-cü ildən etibarən ölkəmizdə rəsmi olaraq Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Dövlət suverenliyi hər bir xalqın öz taleyini müstəqil müəyyənləşdirmək hüququnun ən yüksək təzahürüdür və Azərbaycan xalqı bu hüququ əsrlər boyu davam edən mübarizə, itkilər, tarixi Zəfərlər bahasına qazanmışdır. Bu tarix həm də 2023-cü ilin sentyabrında Azərbaycan Respublikasının bütün ərazisində dövlət hakimiyyətinin və konstitusiya quruluşunun bərpasını, digər tərəfdən isə müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyin bir-biri ilə bağlı siyasi-hüquqi kateqoriyalar kimi tamamlanmasını ifadə edir. Azərbaycan üçün 20 Sentyabr milli yaddaş simvoluna Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə müasir dövlətçilik ənənələrinin davamı kimi düşdü. Suverenlik həm də yalnız statik bir hüquqi status deyil, o daim qorunmalı, möhkəmləndirilməli və lazım gəldikdə hərbi-siyasi vasitələrlə bərpa edilməli olan dinamik dəyərdir. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra sentyabrın 20-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Suverenliyi haqqında Bəyannamə”ni qəbul etdi. Azərbaycanın gələcək müstəqillik aktının yəni, 18 oktyabr 1991-ci ildə qəbul olunan “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın əsasını təşkil etdi. Bu mənada 20 sentyabr 1991 hadisəsi Azərbaycan müstəqilliyinin hüquqi başlanğıc nöqtəsi kimi tarixə düşdü. Beləliklə, 20 Sentyabr yalnız keçmiş hadisənin xatırlanması deyil, dövlətçilik ideyasının gələcək nəsillərə ötürülməsi üçün institusional yaddaş elementinə çevrilmişdir.
BMT Nizamnaməsi suveren bərabərlik prinsipini və dövlətlərin ərazi bütövlüyünə qarşı güc tətbiqindən çəkinmək öhdəliyini beynəlxalq sistemin əsas prinsipləri kimi təsbit edir. Azərbaycan məsələsində də ərazi bütövlüyü və dövlətlərin suverenliyi beynəlxalq hüquqi müzakirənin əsas elementlərindən biridir. Azərbaycan öz ərazi bütövlüyünü sırf hərbi gücə deyil, həm də beynəlxalq hüququn və BMT qətnamələrinin tələblərinin yerinə yetirilməsinə əsaslanaraq bərpa edib. 20 Sentyabr müasir Azərbaycan dövlətçiliyinin suverenliyin bərpası ilə yanaşı, bölgədə sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin olunması, azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması kimi mühüm vəzifələri özündə ehtiva edir. 20 Sentyabrın eyni zamanda siyasi-hüquqi əhəmiyyəti sonrakı bərpa və quruculuq prosesləri ilə tamamlanır. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış siyasəti yalnız infrastruktur layihəsi deyil, həm də dövlətin öz ərazisində sosial, iqtisadi və inzibati funksiyalarını yenidən qurması prosesidir.
20 Sentyabr — Dövlət Suverenliyi Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik mübarizəsinin məntiqi yekunu və eyni zamanda yeni inkişaf mərhələsinin rəsmi başlanğıcıdır. Suverenlik yalnız bir dövlətin hüquqi statusu deyil, xalqın həyat qabiliyyətini, iradəsini və gələcəyə inamını nümayiş etdirən ən başlıca amillərdən biridir.
Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə bu günün rəsmi dövlət təqvimində əbədiləşdirilməsi Azərbaycan dövlətinin öz tarixi Zəfərini gələcək nəsillərə ötürmək, milli yaddaşı və vətənpərvərlik hisslərini gücləndirmək iradəsinin təzahürüdür.
Afaq Sadıqova
BDU-nun elmi işçi
14:11 21.09.2026
Oxunuş sayı: 53