Kombuça nədir? Faydası və zərərləri ilə
Fermentləşdirilmiş içkilərə marağın artması kombuçanı da son illərdə gündəlik qidalanmada daha çox görünən məhsullardan birinə çevirib. Xüsusilə sosial şəbəkələrdə kombuça bağırsaq sağlamlığı, immunitet, həzm və hətta stresslə mübarizə ilə əlaqələndirilir. İçkinin əsasını fermentasiya olunmuş çay təşkil edir və bu proses zamanı müxtəlif mikroorqanizmlər və üzvi turşular yaranır. Məhz bu xüsusiyyət kombuçanın bağırsaq mikrobiotasına təsiri ilə bağlı marağı artırıb. Lakin bir məhsulun tərkibində faydalı hesab edilən mikroorqanizmlərin və birləşmələrin olması onun avtomatik olaraq bütün insanlarda eyni sağlamlıq effektini yaradacağı anlamına gəlmir.
Kombuçanın sağlamlıq üçün mümkün faydaları ilə bağlı araşdırmalar davam etsə də, xüsusilə stress və psixoloji sağlamlıq kimi sahələrdə geniş və uzunmüddətli insan tədqiqatlarının nəticələri hələ kifayət qədər deyil. Digər tərəfdən, hazır məhsulların tərkibindəki şəkərin miqdarı, saxlanma şəraiti və fermentasiya nəticəsində yarana bilən az miqdarda spirt də nəzərə alınmalı məqamlardandır. Ev şəraitində hazırlanan kombuçada isə gigiyena və düzgün fermentasiya şərtləri xüsusi əhəmiyyət daşıyır. Bəs kombuçanı gündəlik qidalanmaya daxil edərkən hansı məqamlara diqqət etmək lazımdır və onu həqiqətən “sağlamlıq içkisi” adlandırmaq olarmı?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Crossmedia.az-a açıqlamasında bildirib:

“Kombuça fermentasiya olunmuş çay içkisidir və tərkibində üzvi turşular, müxtəlif mikroorqanizmlər və fermentasiya prosesindən yaranan digər birləşmələr ola bilər. Buna görə onun bağırsaq mikrobiotasına müsbət təsir göstərə biləcəyi ehtimal olunur. Lakin “bağırsaq sağlamlığını yaxşılaşdırır”, “immuniteti gücləndirir” və ya “stresi azaldır” kimi iddialara ehtiyatla yanaşmaq lazımdır. Mövcud araşdırmalar bəzi bioloji dəyişikliklər göstərsə də, xüsusilə stres və psixoloji sağlamlıqla bağlı faydalar üçün daha geniş və uzunmüddətli insan tədqiqatlarına ehtiyac var. Bu səbəbdən kombuçanı gündəlik qidalanmaya möcüzəvi və ya müalicəvi içki kimi deyil, müxtəlif və balanslı qidalanmanın bir hissəsi kimi daxil etmək daha doğrudur. Sağlam insan üçün ölçülü miqdarda kombuça istehlakı ümumilikdə problem yaratmaya bilər, amma hər kəs üçün eyni dərəcədə faydalı olduğu söylənilə bilməz. İstehlakçı məhsul seçərkən ilk növbədə etiketə, şəkər miqdarına, tərkibə, son istifadə tarixinə və saxlanma şəraitinə diqqət yetirməlidir. Xüsusilə əlavə şəkərin miqdarı vacibdir: “təbii” və ya “fermentləşdirilmiş” yazılması məhsulun şəkərinin az olduğu anlamına gəlmir. Fermentasiya olunmuş, xüsusilə ev şəraitində hazırlanan kombuçada isə gigiyena, düzgün fermentasiya və saxlanma şərtləri mühüm əhəmiyyət daşıyır. Bundan başqa, bəzi kombuça məhsullarında fermentasiya nəticəsində az miqdarda spirt yarana bilər. Ona görə hamiləlik dövründə, uşaqlar üçün və spirt qəbulundan çəkinməli olan şəxslərdə məhsul seçiminə xüsusi diqqət yetirilməlidir. Nəticə olaraq, kombuçanı faydalı qida seçimlərindən biri kimi qiymətləndirmək mümkündür, lakin onu bağırsaq problemlərinin, stressin və ya digər sağlamlıq məsələlərinin müalicəsi kimi təqdim etmək düzgün deyil. Əsas prinsip yenə də balanslı qidalanma, kifayət qədər lif, su, tərəvəz-meyvə və müxtəlif fermentləşdirilmiş qidaların birlikdə qəbul edilməsidir”.
Zeynəb Həsən
15:30 21.09.2026
Oxunuş sayı: 55