MEK-də Dövlət Suverenliyi Gününə həsr olunmuş lektoriya keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “İlham Əliyevin dövlətçilik strategiyasında Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin təminatı” mövzusunda lektoriya keçirilib.
Crossmedia.az xəbər verir ki, Mərkəzi Elmi Kitabxana və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Lektoriyanı giriş sözü ilə açan MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov 20 Sentyabr - Dövlət Suverenliyi Gününün Azərbaycan dövlətçiliyi tarixində əhəmiyyətindən danışıb. Direktor, Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm nəticələr verdiyini diqqətə çatdırıb. Milli dövlətçilik ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılmasının elmi və mədəni müəssisələrin qarşısında mühüm vəzifələr qoyduğunu diqqətə çatdıran natiq, MEK-də mütəmadi olaraq keçirilən lektoriyaların Azərbaycan dövlətçilik tarixinin, milli-mədəni irsin və elmi resursların təbliğində mühüm istiqamətlərdən biri olduğunu bildirib.
Daha sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək Azərbaycanın bugünkü uğurlarının və qələbələrinin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin dayandığını qeyd edib. Bəxtiyar Nəbiyev Azərbaycanın müstəqillik tarixinin ən təlatümlü dövrlərindən olan XX əsrin 90-cı illərindən və həmin dövrdə ölkənin qarşılaşdığı siyasi, ictimai çətinliklərdən, müstəqilliyin qorunması, möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan danışıb.
Bəxtiyar Nəbiyev çıxışı zamanı 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın qabaqcıl ölkələr sırasına çıxmasına, davamlı və dinamik inkişafa nail olmaqla bölgədə yüksək nüfuz sahibinə çevrilməsinə də diqqət yetirib. “Əsrin müqaviləsi”nin Azərbaycanın iqtisadi və siyasi gücünün formalaşmasında mühüm rolundan bəhs edən natiq, həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsindən sonra əldə olunan tarixi Zəfərə və 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsinə diqqət çəkib.
Lektoriyada məruzə ilə çıxış edən AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələləri, ərazi bütövlüyü və dövlət suverenliyi məsələləri barədə geniş məlumat verib.
Alim çıxışında bildirib ki, 20 sentyabr tarixi bir tərəfdən, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın müstəqil neft strategiyasının əsasının qoyulması, digər tərəfdən isə dövlət suverenliyimizin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olan “Əsrin müqaviləsi”nin əhəmiyyətindən geniş bəhs edən vurğulayıb ki, bu yalnız böyük neft sazişi deyil, həm də Azərbaycanın gələcək inkişafının strateji istiqamətlərini müəyyənləşdirən mühüm tarixi hadisədir. Sazişin imzalanması ilə Azərbaycan öz təbii sərvətlərindən milli maraqlarına uyğun istifadə etmək, uzunmüddətli inkişaf strategiyası formalaşdırmaq imkanı əldə edib.
Tarixi proseslərə nəzər salan məruzəçi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi prosesində dövlətçilik ənənələrinin roluna toxunub. C.Bəhramov, həmçinin Azərbaycanın tarixində baş verən mühüm hadisələrin elmi baxımdan araşdırılmasının dünyaya, eləcə də gələcək nəsillərə düzgün çatdırılmasının vacibliyini vurğulayıb.
Sonda çıxış edən MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova bildirib ki, 20 Sentyabr yalnız təqvimdə qeyd olunan əlamətdar gün kimi deyil, eyni zamanda xalqımızın uzun illər davam edən mübarizəsinin, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin və milli suverenliyimizin tam bərpasının rəmzidir.
Bir sutkaya yaxın müddət ərzində 406 kvadrat kilometr ərazinin işğaldan azad edilərək Azərbaycan Ordusunun tam nəzarətinə keçməsi ölkəmizin hərbi qüdrətinin, ordumuzun peşəkarlığının və Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi kimi tarixə düşüb.
Sonda gələcək lektoriyalarda Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələri, əldə etdiyi mühüm nailiyyətlər və gələcək uğurlar ilə bağlı mövzuların geniş müzakirə olunacağı əminliklə vurğulanıb.
Tədbir çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin edilməsi, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və ölkənin müasir inkişaf strategiyasına dair kitab sərgisi təşkil olunub, həmçinin mövzu ilə bağlı videosüjet nümayiş etdirilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
16:12 21.09.2026
Oxunuş sayı: 54