Prezidentin köməkçisi: Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı inqilabi islahatlar həyata keçirilib
Azərbaycanda 2015-2025-ci illərdə aqrar sahənin inkişafı ilə bağlı inqilabi islahatlar həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi məqsədilə keçirilən regional müşavirədə bildirib.
Onun sözlərinə görə, bu proses Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti altında həyata keçirilib: "Bu dövr ərzində üzümçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq, fındıqçılıq, tütünçülük, baramaçılıq və pambıqçılığın inkişafına dair dövlət proqramları qəbul edilib. Aqrar sahəyə dövlət dəstəyi artırılıb, görülən tədbirlər nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrdə istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb, bir sıra əsas məhsullar üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb, meyvə-tərəvəz və yumurta üzrə tam özünütəminetmə səviyyəsinə nail olunub. Ət, süd, balıq və kartof məhsulları üzrə də özünütəminetmə səviyyəsində müsbət dinamika müşahidə olunmuşdur. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün bir çox iri layihələr icra edilmiş, müasir suvarma sistemlərinin tətbiqi genişləndirilib, böyük su anbarları inşa edilmiş, suvarma kanalları yenidən qurulub və bu proses hazırda da davam etdirilir".
Z. Nağdəliyev bildirib ki, kənd təsərrüfatı sahəsinin texnika ilə təminatı istiqamətində çox böyük işlər görülüb, texnika parkı demək olar tam yenilənib: "Ölkəmizdə həyata keçirilən bu islahatlar əkin dövriyyəsinə əlavə torpaq sahələrinin qatılmasını da zəruri etmişdir. Ölkə Prezidentinin tapşırıqlarına əsasən ayrı-ayrı şəxslər tərəfindən mülkiyyətə alınmış və ya uzunmüddətli icarəyə götürülməklə əkin dövriyyəsindən çıxarılmış və tamamilə istifadə olunmayan əlavə 169,1 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb". (Report )
11:25 12.06.2026
Oxunuş sayı: 65