Azərbaycan və Türkiyə arasındakı möhkəm birlik bütün Türk dünyası üçün inteqrasiya rolunu oynayır -RƏY
Azərbaycan–Türkiyə münasibətlərinin strateji tarixində xüsusi yer tutan Şuşa Bəyannaməsinin imzalanmasının bu il növbəti ildönümüdür. Məhz Şuşada imzalanan bu sənəd iki qardaş ölkə arasında mövcud olan münasibətləri yeni mərhələyə daşıyaraq siyasi, hərbi, iqtisadi və humanitar əməkdaşlığın hüquqi-siyasi əsaslarını daha da gücləndirdi.
Bəyannamə təkcə iki dövlət arasındakı tərəfdaşlığın deyil, eyni zamanda regionda yeni geosiyasi reallıqların formalaşmasının da mühüm göstəricilərindən biri kimi qiymətləndirilir.

Şuşa bəyannaməsinin əhəmiyyəti ilə bağlı Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-a açıqlama verib: “2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsini rəsmiləşdirən mühüm siyasi sənəd kimi tarixə düşmüşdür. Sənəd Azərbaycan və Türkiyə arasında mövcud strateji tərəfdaşlığın hüquqi və siyasi əsaslarını gücləndirərək regional əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Sənədin Şuşa şəhərində imzalanması da xüsusi rəmzi məna daşıyır. Qarabağın incisi hesab olunan Şuşa Azərbaycanın tarixi, mədəni və siyasi iradəsinin simvolu olmaqla yanaşı, Vətən müharibəsində qazanılmış Zəfərin ən mühüm rəmzlərindən biridir. Buna görə də Bəyannamənin məhz Şuşada imzalanması Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin gücünü nümayiş etdirən mühüm mesaj kimi qiymətləndirilir”.
Deputat əlavə edib ki, bu əməkdaşlıq ikitərəfli çərçivəni aşaraq daha geniş coğrafi və strateji məna kəsb edir: “Azərbaycan və Türkiyə arasındakı möhkəm birlik bütün Türk dünyası üçün inteqrasiya, əməkdaşlıq baxımından mühüm bir model rolunu oynayır. Bu əlaqələr Türk dövlətləri arasında qarşılıqlı etimadın güclənməsinə və ortaq məqsədlər ətrafında daha sıx birləşməsinə zəmin yaradır. Xüsusilə vurğulamaq lazımdır ki, Şuşa Bəyannaməsinin imzalanması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, uzaqgörən və milli maraqlara əsaslanan xarici siyasətin mühüm nəticələrindən biridir. Son illərdə Azərbaycanın beynəlxalq nüfuzunun artması, regional proseslərdə aparıcı aktora çevrilməsi və Türkiyə ilə münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsi məhz bu siyasətin uğurlu nəticələrindəndir”.
Ayhan
16:50 11.06.2026
Oxunuş sayı: 51