Fəlsəfəsiz təhsil düşünən insan yetişdirə bilməz
Son illər dünyanın bir çox ölkəsində təhsil sistemləri ciddi arayış və müzakirələrin mərkəzindədir. Rəqəmsallaşma, süni intellekt, əmək bazarının dəyişməsi, imtahan modelləri, müəllim hazırlığı və gənclərin gələcəyə hazırlanması kimi məsələlər təhsilin yalnız texniki bir sahə olmadığını göstərir. Artıq əsas sual təkcə “uşaqlara nə öyrədək?” deyil, həm də “necə insan yetişdirək?” sualıdır.
Crossmedia.az-a açıqlama gerən Gazi Universiteti Təhsil Fakültəsinin dosenti Doç. Dr. Fahri Atasoy da bu məqamı önə çəkir. Onun fikrincə, təhsil haqqında danışarkən yalnız proqramlardan, məktəblərdən, imtahan sistemindən və texnoloji yeniliklərdən bəhs etmək kifayət deyil. Əsas məsələ təhsilin arxasında dayanan fəlsəfi baxışı müəyyənləşdirməkdir. Çünki təhsilin fəlsəfəsi zəifləyəndə, insan yetişdirmə idealı da zəifləyir.

"Fəlsəfə insanın düşünmə, mühakimə etmə, anlama və həqiqəti axtarma qabiliyyətidir. İnsan sadəcə məlumat alan və onu təkrar edən varlıq deyil. Onu insan edən əsas güc düşünməsidir. Bu səbəbdən təhsilin mərkəzində düşünmə təlimi dayanmalıdır. Çünki düşünməyən insan asan yönləndirilir, sual verməyən insan yalnız əzbərləyir, tənqid etməyən insan isə həqiqəti axtarmaqdan uzaqlaşır".
F. Atasoya görə, təhsil fəlsəfə ilə qidalanmadıqca, insanı yalnız sistemə uyğunlaşdırır, amma onu azad, yaradıcı və məsuliyyətli şəxsiyyətə çevirə bilmir.
Atasoy hesab edir ki, insanlığın bütün böyük uğurlarının arxasında düşünən insan dayanır. Elm, sənət, texnologiya, hüquq, siyasət, tibb və mühəndislik sistemli düşünmənin nəticəsidir. Ona görə də təhsil yalnız peşə qazandıran mexanizm olmamalı, insanın zehnini oyadan, ona sual vermə və həqiqəti axtarma cəsarəti verən bir proses olmalıdır.
"Bu baxımdan “həqiqət dərdi” anlayışı xüsusi əhəmiyyət daşıyır. Atasoya görə, fəlsəfənin əsas qayəsi sadəcə bilmək deyil, doğru bilgiyə çatmaqdır. Həqiqət dərdi olmayan bilgi asanlıqla manipulyasiyaya çevrilə bilər. Qədim dövrdə Sofistlərlə Sokrat arasındakı mübahisə də bunu göstərirdi. Sofistlər üçün əsas məsələ həqiqət deyil, təsir və üstün gəlmək idi. Sokrat isə doğru bilginin və əxlaqi prinsiplərin ardınca gedirdi".
Bu mübahisə bu gün də aktualdır. Müasir dövrdə informasiya çoxalıb, amma həqiqətə çatmaq asanlaşmayıb. Sosial media, rəqəmsal platformalar və süni intellekt insanın qarşısına saysız-hesabsız məlumat çıxarır. Lakin məlumatın çoxluğu hələ bilik demək deyil. İnsan bu məlumat selinin içində doğru ilə yanlışı ayırd etməyi bacarmalıdır. Bu bacarığın əsasında isə tənqidi və fəlsəfi düşüncə dayanır.
Atasoyun fikrincə, məktəb yalnız dərs keçilən yer olmamalıdır. Məktəb düşüncənin mayalandığı, sualın dəyər qazandığı, uşağın öz potensialını kəşf etdiyi məkan olmalıdır. Müəllim də yalnız məlumat ötürən şəxs deyil, düşünməyə yol açan bələdçi kimi çıxış etməlidir. Çünki uşaq sual vermirsə, düşünmür. Düşünmürsə, həqiqi mənada öyrənmir, sadəcə əzbərləyir.
Əzbər insanı imtahandan keçirə bilər, amma həyatdan keçirə bilməz.
Yeni dövrdə təhsilin əsas vəzifəsi uşağa yalnız “nəyi bilməliyəm?” sualının cavabını vermək deyil. Təhsil ona “niyə bilməliyəm?”, “necə düşünməliyəm?”, “bu bilginin insan və cəmiyyət üçün mənası nədir?” suallarını da öyrətməlidir. Süni intellekt və rəqəmsallaşma dövründə daha çox cihazdan əvvəl daha çox düşünən insana ehtiyac var.
Fahri Atasoya görə, fəlsəfə təhsildə ikinci dərəcəli məsələ deyil, insan yetişdirmənin əsas istiqamətlərindən biridir. Fəlsəfə insana düşünməyi, düşüncə isə insana azad olmağı öyrədir. Bu səbəbdən müəllim yetişdirərkən yalnız fənn biliyi deyil, düşünmə metodları, sual vermə mədəniyyəti və tənqidi yanaşma da öyrədilməlidir.
Bir cəmiyyətin inkişafı yalnız binalarla, texnologiya ilə və iqtisadi göstəricilərlə ölçülmür. Əsas məsələ insanın içindəki düşüncə potensialını oyatmaqdır. Düşünən, mühakimə edən, həqiqət dərdi olan fərdlər yetişdirməyən toplumlar başqalarının istehsal etdiyi bilik və texnologiyadan asılı qalmağa məhkumdur.
Bu mənada Atasoya görə, təhsil diplom verməkdən daha dərin mahiyyət daşıyır. Onun əsas vəzifəsi insanın zehnini oyatmaq, ona düşünmə cəsarəti qazandırmaq və həqiqətin arxasınca getməyi öyrətməkdir.
Fatimə Məmmədova
10:50 10.06.2026
Oxunuş sayı: 67