İsrail Türkiyə əleyhinə ittifaqlar yaratmağa çalışır
ABŞ və İran arasında aparılan danışıqlarda irəliləyiş olduğu bildirilir. Tərəflər memorandum layihəsi, regional təhlükəsizlik və İranın dondurulmuş aktivləri ətrafında müzakirələri davam etdirirlər. Qətərdəki təmaslardan sonra mümkün razılaşma ilə bağlı məlumatlar prosesin yeni mərhələyə keçdiyini göstərir. Həmçinin bu danışıqlar Yaxın Şərqdə geosiyasi balans və enerji bazarlarına təsir edə bilər.
Politoloq Natiq Miri Crossmedia.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə qüvvələr balansının dəyişməsi ilə bağlı səslən fikirlər hələ ki fərziyyə xarakterlidir:

"Regionda nə sülh var, nə də hər hansı razılaşma. Bu şəraitdə qüvvələr nisbətinin dəyişməsindən danışmaq düzgün olmazdı."
Politoloqun sözlərinə görə, İran və ABŞ tərəfinin irəli sürdüyü iddialar reallıqdan uzaqdır:
“İran hesab edir ki, guya ABŞ-İsrail müharibəsində qalib gəlib və bundan sonra regionda əsas həlledici geosiyasi amil İran olmalıdır. Digər tərəfdən ABŞ bütün region ölkələrindən, o cümlədən qardaş Türkiyədən İbrahim Anlaşmasını imzalamasını tələb edir. Hər iki iddia qeyri-realdır. Çünki nə Türkiyə, nə də digər region ölkələri Fələstin müstəqil dövlətinin formalaşması məsələsi həll olunmadığı halda belə bir anlaşmanı imzalayacaq. Hətta bəzi ölkələr imzalasa belə, bu status-kvonu dəyişməyəcək. Çünki İsrail aqressiv siyasətini davam etdirir, Qəzza ilə yanaşı Qərbi İordan çayında, Livanda, Suriyada, eləcə də Kiprdə Türkiyə əleyhinə ittifaqlar yaratmağa çalışır və İrana qarşı müharibə tərəfdarı mövqeyini qoruyur. Bu şəraitdə İbrahim Anlaşmasının mümkün olması real görünmür.
İranın iddiaları da əsassızdır. Çökmüş iqtisadiyyatı, dağılmış hərbi və enerji infrastrukturu ilə İranın regionun yeganə güc mərkəzi olmasına kim imkan verəcək? Müharibə hələ bitməyib və bir neçə həftə də davam edərsə, İranın sənayesi onilliklər boyu bərpa olunmayacaq dərəcədə ziyan görə bilər”.
N. Miri vurğulayıb ki, müharibə kontekstində region ölkələri özləri üçün nəticə çıxarıb:
“Ölkələr anladılar ki, ABŞ-nin təhlükəsizlik çətiri tam təhlükəsizliyi təmin etmir və indiyədək ABŞ-a xərclən milyardlar effektsiz olub. Bu da alternativ təhlükəsizlik arxitekturası axtarışına gətirib çıxarır.
Hazırda regionda yeni bir konsolidasiya hiss olunur. Bir tərəfdə qardaş Türkiyə, digər tərəfdə Pakistan, Ərəbistanı, Qətər, perspektivdə Misir. Bu, regionda yeni bir güc mərkəzinin yaranmasından xəbər verir. Ona görə də qüvvələr nisbəti nə ABŞ-ın, nə də İranın istəyi ilə deyil, məhz bu alternativ cəbhənin toparlanması kontekstində baş verə bilər və bu, region ölkələrinin xeyrinə olar”.
Politoloq hesab edir ki, müsəlman ölkələrinin həqi hərbi birliyi yaransa, bu, region üçün yeni təhlükəsizlik arxitekturası deməkdir:
“Əgər Yaxın Şərq, Körfəz və ərəb ölkələri ilə birlikdə qardaş Türkiyə və dost Pakistanın ciddi hərbi güc mərkəzi yaratması mümkün olarsa, bu İran üçün “dur” əmri deməkdir. Eyni zamanda ABŞ-ın Yaxın Şərqdə zərərsizləşdirilməsi və İsrailə nəzarətin güclənməsi deməkdir. İsrail bundan sonra özbaşına hərəkət edə bilməyəcək, çünki qarşısında parçalanmış müsəlman dünyası deyil, hərbi, texnoloji və maliyyə gücünü birləşdirən ciddi bir ittifaq olacaq.
Qətər və Səudiyyə Ərəbistanının maliyyəsi, Türkiyənin hərbi sənaye kompleksi və Pakistanın nüvə potensialı bir araya gəlsə, qüvvələr balansı sözün əsl mənasında müsəlman ölkələrinin xeyrinə dəyişə bilər.
Hələlik isə ABŞ və İran rəhbərliyinin dedikləri yalnız sözdən, riyadan ibarətdir”.
Nigar Xəlilli
20:34 29.05.2026
Oxunuş sayı: 73