ABŞ-İran qarşıdurması: Vaşinqtonun yeni strategiyası və regionda geosiyasi gərginlik
Yaxın Şərqdə İran ətrafında baş verən proseslər beynəlxalq siyasətin əsas müzakirə mövzularından biri olaraq qalır. ABŞ-nin İrana qarşı həyata keçirdiyi siyasət, bölgədə artan gərginlik və böyük güclərin prosesə yanaşması yeni geosiyasi balansların formalaşdığını göstərir. Ekspertlərin fikrincə, Vaşinqton hazırda həm beynəlxalq arenada, həm də daxili siyasi müstəvidə mövqeyini qorumaq üçün İran məsələsində yeni taktiki addımlar atmağa çalışır. Bu fonda Çin, Rusiya və Pakistan kimi dövlətlərin mövqeyi də xüsusi diqqət çəkir.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlama verib:
“ABŞ-nin İranla bağlı həyata keçirdiyi siyasətin gözlənilən nəticəni verməməsindən sonra Vaşinqton yeni taktiki gedişlər etməyə çalışır. Hazırda əsas məqsəd İranla müəyyən bir sənədin imzalanmasına nail olmaq və bunu həm beynəlxalq ictimaiyyətə, həm də ABŞ daxilində siyasi uğur kimi təqdim etməkdir. Xüsusilə Donald Tramp hakimiyyəti bu prosesi öz qələbəsi kimi göstərməyə çalışır. Pakistanın vasitəçilik təşəbbüsü də ABŞ tərəfindən müəyyən mənada bu prosesdə alət kimi istifadə olunmaq istənilir. ABŞ strateji baxımdan İranı regionda mühüm geosiyasi məkan hesab edir. Vaşinqton həm Çini, həm Rusiyanı, həm də Türk Dövlətləri Təşkilatı fonunda formalaşa biləcək Turan birliyini potensial təhlükə kimi qiymətləndirir. Bu baxımdan İran üzərində təsir imkanları əldə etmək ABŞ üçün mühüm hədəflərdən biridir. Hazırda aparılan danışıqlar, atəşkəs çağırışları və mümkün razılaşmalar isə daha çox Vaşinqtonun vaxt qazanmaq cəhdi kimi qiymətləndirilir. Çin də ABŞ-nin bu siyasətini anlayır və hesab edir ki, Vaşinqtonun əsas məqsədi sadəcə prosesi uzatmaqdır. ABŞ-də qarşıdan gələn Konqres seçkiləri fonunda Respublikaçıların reytinqinin aşağı düşməsi, Donald Trampın daxili auditoriyada zəifləyən mövqeyi də bu siyasətə təsir göstərir. İran və Ukrayna siyasəti nəticəsində ABŞ-nin beynəlxalq imicinə müəyyən zərbələrin dəydiyi, NATO daxilində fikir ayrılıqlarının yarandığı barədə fikirlər səslənir”.

Politoloq əlavə edib ki, bu baxımdan Tramp administrasiyası İranla bağlı müəyyən sənədin imzalanmasına nail olaraq bunu siyasi uğur kimi təqdim etməyə çalışır: “Lakin bəzi siyasi yanaşmalara görə, İran ABŞ-nin istədiyi sənədə imza atsa belə, Vaşinqton uzunmüddətli perspektivdə Tehranla tam barışmayacaq. Çünki ABŞ-nin əsas strateji məqsədinin İran üzərində nəzarəti gücləndirmək olduğu iddia edilir. Çin və Rusiya isə İranın əsas strateji tərəfdaşları kimi bu prosesləri diqqətlə izləyirlər. Pakistanın vasitəçilik təşəbbüsü isə daha çox humanitar və diplomatik addım kimi qiymətləndirilir. Məqsəd regionda gərginliyin azalmasına, atəşkəsin əldə olunmasına və problemlərin diplomatik yollarla həllinə töhfə verməkdir. Bu təşəbbüsün bölgədə sabitliyin qorunması baxımından əhəmiyyətli olduğu vurğulanır. ABŞ-nin uzun illərdir İrana qarşı müxtəlif təzyiq mexanizmlərindən istifadə etdiyi də qeyd olunur. Vaxtilə İran terrora dəstək verməkdə ittiham edilərək sanksiyalarla üzləşmiş, beynəlxalq iqtisadi sistemdən müəyyən mənada təcrid olunmuşdu. Məqsəd iqtisadi təzyiqlər vasitəsilə ölkədaxili sosial narazılığı artırmaq idi. Daha sonra isə uranın zənginləşdirilməsi məsələsi əsas gətirilərək İrana qarşı hərbi təzyiqlər gücləndirildi. Bu siyasətin nəticəsində ABŞ-nin həm siyasi, həm də iqtisadi baxımdan müəyyən itkilərlə üzləşdiyi, beynəlxalq aləmdə nüfuzuna təsir edən proseslərin yaşandığı bildirilir. ABŞ-nin müxtəlif dövrlərdə fərqli bəhanələrlə hərbi müdaxilələr etməsi də misal kimi göstərilir. İraqın işğalı zamanı kütləvi qırğın silahları iddiasının sonradan təsdiqlənməməsi bu baxımdan tez-tez xatırladılır. Bütün bunların fonunda belə hesab olunur ki, İranla hər hansı razılaşma əldə edilsə belə, gələcəkdə yenidən müxtəlif səbəblərlə gərginliyin artması mümkündür. Çin də məhz bu səbəbdən ABŞ-nin siyasətinə ehtiyatla yanaşır və İran ətrafında formalaşan strateji prosesləri diqqətlə izləyir. Ümumilikdə Pakistanın vasitəçilik missiyası bölgədə humanitar vəziyyətin ağırlaşmasının qarşısını almağa yönəlmiş addım kimi qiymətləndirilir. İranda hərbi əməliyyatların dayandırılması və regionda sabitliyin qorunması isə humanitar baxımdan vacib hesab olunur. Ümid edilir ki, İran ətrafında baş verən hadisələr qısa zamanda diplomatik yollarla həllini tapacaq”.
Ayhan
14:00 29.05.2026
Oxunuş sayı: 142