Ekspert alternativ hərbi xidmətin əleyhinədir: Pul hesabına...
Son dövrlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə “ödəniş edib hərbi xidmətdən yayınmaq” modeli yenidən gündəmə gəlib. Bəzi ölkələrdə tətbiq olunan alternativ hərbi xidmət və ya ödənişli xidmət mexanizmlərinin Azərbaycanda da tətbiq olunub-olunmayacağı sual doğurur. Xüsusilə regionda davam edən gərgin geosiyasi vəziyyət fonunda bu məsələnin real olub-olmaması müzakirə edilir. Maraqlıdır, Azərbaycanda gələcəkdə ödəniş qarşılığında hərbi xidmətə getməmək mümkün ola bilərmi?

Mövzu ilə bağlı hərbi ekspert İbrahim Rüstəmli Crossmedia.az-a açıqlama verib.
Ekspert vurğulayıb ki, dünyanın bir sıra ölkələrində, məsələn, ən güclü orduya sahib və ordusu ilə yadda qalan Almaniyada bu təcrübə ilə bağlı müəyyən təsəvvürlər var: “Almaniyada ümumiyyətlə hərbi xidmət könüllülük əsasında həyata keçirilir. Almanlar hərbi xidmətə gəncləri müəyyən stimullaşdırıcı şərtlər altında cəlb edirlər və qətiyyən bu sistemi bəyənmirlər. Çünki orduda xidmət etmək istəyənlərin sayı çox azdır. Əgər nəzərə alsaq ki, Almaniyada iş yeri problemi yaşanmır, insanların məşğulluq problemi yoxdur, əlbəttə, belə bir dövlətdə orduda kim xidmət etmək istəyər ki? Orduda əsgər haradasa 3 000 avro pul alır, həmin pulu istənilən yerdə, yəni işləyərək də qazana bilir”.
Ekspert Azərbaycanda bu məsələnin kütləvi şəkildə qəbulunun mümkünlüyünü real hesab etmir:
“Lakin müəyyən şərtlər altında, məsələn, çox yüksək ixtisaslı, istedadlı şəxslər var ki, Azərbaycanda onların hərbi xidmət keçməsi üçün artıq müəyyən şərait yaradılıb. Xüsusilə Silah Sənayesi İnstitutunda, ali hərbi məktəblərdə bu gənclərin potensialından istifadə olunur. 500 baldan yuxarı nəticə göstərənlər bir mərkəzdə cəmləşdirilirlər. Bununla belə, Azərbaycanda bu sistemin tətbiqi yaxın vaxtlar üçün aktual görülmür. Çünki hazırda Ermənistanda seçki kampaniyası gedir və oradakı çağırışları nəzərə alanda, Azərbaycan Prezidentinin son çıxışlarında həmişə olduğu kimi vacib bir məsələyə toxunması təbii görünür. Azərbaycan daim öz ordusunu ayaqda saxlamalı, bu sahədə hər hansı bir boşluğun yaranmasına imkan verməməlidir. Bu mənada alternativ xidmət ordumuz üçün o qədər də sərfəli variant deyil. Bizim ordumuz onsuz da çox ağır yollardan keçib. 1990-cı illərdə biz döyüşə-döyüşə bu ordunu yaratdıq, çox çətin və ağır şərtlər altında. İndi bu ordu az-çox ayaq üstə dayanır, onun cəbbəxanası, kadr potensialı müəyyən mənada təmin olunur. Ordumuzun daim inkişaf etmiş ölkələrlə hərbi təlimlərdə birgə iştirakı, təcrübə mübadiləsi və beynəlxalq əlaqələri onun bugünkü uğurlarından biridir. Əgər biz alternativ xidmətə keçsək, boşluq yaranacaq. Son vaxtlar xəstəliklə bağlı ağır bilet alan şəxslərin bir çoxu yenidən hərbi xidmətə cəlb olundu. Məlum oldu ki, onların böyük əksəriyyəti pul hesabına ordudan yayınıblar. Bütün bunlar ordunun hərbi qulluqçulara olan tələbatının göstəricisidir. Tələbat artdıqca şərtlər də ağırlaşır, qanunlar da sərtləşir və belə bir məqamda alternativ xidmət məsələsi aktual görünmür”.
İ.Rüstəmlinin sözlərinə görə, gələcəkdə bu barədə müəyyən qərarlar qəbul edilə bilər. Amma bunun üçün Azərbaycanın rahat nəfəs alması, xarici təhdidlərlə bağlı sığortalanması və təhlükəsizlik zəmanətinin olması vacibdir. Əks təqdirdə, bu variant Azərbaycan üçün sərfəli deyil.
Fatimə Məmmədova
18:21 29.05.2026
Oxunuş sayı: 51