Azərbaycanın Müstəqillik Günü münasibətilə Bratislavada rəsmi qəbul təşkil olunub
Slovakiyanın paytaxtı Bratislavada 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın Slovakiyadakı səfirliyi və fəxri konsulluğu tərəfindən təşkil olunmuş tədbirdə Slovakiya Respublikasının Milli Şurasının (parlament) sədri Rixard Raşi, Slovakiya Respublikası Prezidentinin Ofis rəhbəri Peter Vodraşka, Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Rastislav Xovanets, Slovakiya parlamentinin və hökumətinin üzvləri, bu ölkənin Xarici İşlər Nazirliyinin və müxtəlif dövlət qurumlarının səlahiyyətli əməkdaşları, Bratislavada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və diplomatları, Slovakiya ictimaiyyətinin nümayəndələri, o cümlədən elm xadimləri və iş adamları, həmçinin Slovakiyada yaşayan həmvətənlərimiz iştirak ediblər.
Azərbaycan və Slovakiyanın Dövlət himnləri səsləndirildikdən sonra səfir Vüsal Abdullayev çıxış edərək, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının müsəlman Şərqində ilk dünyəvi və demokratik respublika kimi tarixə düşdüyünü vurğulayıb. Diplomat qeyd edib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik, demokratiya və milli kimlik sahəsində zəngin irs formalaşdırıb.
Səfir bildirib ki, Azərbaycan qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olub və parlamentdə müxtəlif siyasi qüvvələrin, eləcə də etnik icmaların təmsil olunması ölkədə plüralizm və tolerantlıq ənənələrinin formalaşmasına töhfə verib.
Vüsal Abdullayev müasir Azərbaycanın uğurlarının Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına əsaslandığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin beynəlxalq arenada mövqelərini daha da gücləndirdiyini diqqətə çatdırıb. O, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş kimi nüfuzunun göstəricisi olduğunu bildirib.
DiplomatıAzərbaycan-Slovakiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edərək, Prezident İlham Əliyevin 2025-ci ilin dekabrında Bratislavaya ilk rəsmi səfərinin əlaqələrdə yeni mərhələ açdığını vurğulayıb. O, Slovakiya parlamentinin sədri Rixard Raşinin Azərbaycana səfərinin də parlamentlərarası əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini deyib. Səfir öz nitqini xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” müdrik sözləri ilə tamamlayıb.
Tədbirdə fəxri qonaq qismində çıxış edən Slovakiya Respublikası Milli Şurasının (parlament) sədri Rixard Raşi Azərbaycanın Slovakiya üçün dost və tərəfdaş ölkə olduğunu bildirib. O, Azərbaycana son səfərinin onda dərin təəssüratlar yaratdığını, ölkənin qonaqpərvərliyi və səmimiyyətini yüksək qiymətləndirdiyini qeyd edib. Rixard Raşi iki ölkə arasında iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiyalar və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Slovakiya şirkətlərinin Qarabağın bərpası layihələrində iştirakını qarşılıqlı etimadın göstəricisi kimi dəyərləndirib.
Parlament sədri Bratislava-Bakı birbaşa hava əlaqəsinin xalqlar arasında münasibətlərin inkişafına, turizm, ticarət və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Rixard Raşi Azərbaycanın zəngin tarixə və güclü mədəniyyətə malik ölkə olduğunu bildirərək, Slovakiyanın Azərbaycanla dostluq və əməkdaşlığı bundan sonra da inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.
Tədbir çərçivəsində qonaqlar səfirlik tərəfindən təşkil edilmiş “Azərbaycan: Müstəqillikdən Zəfərə” adlı fotosərgi ilə tanış olublar. Sərgidə Ümummilli Lider Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətləri, Prezident İlham Əliyevin müstəqil və güclü dövlət quruculuğu sahəsində gördüyü işlər, habelə Azərbaycan-Slovakiya ikitərəfli münasibətlərindən bəhs edən fotoşəkillər nümayiş olunub. 2020-ci ildə Prezident İlham Əliyevin əsgərlərlə qələbə sevincini paylaşdığı və səmimi anları əks etdirən tarixi fotoşəkil qonaqların diqqətini xüsusilə cəlb edib.
Sonda qonaqlara ziyafət verilib. Ziyafətdə Azərbaycan istehsalı olan məhsullar qonaqlara təqdim olunub, habelə Azərbaycanın tarixi, mədəniyyəti və inkişafını əks etdirən, ölkəmizin klassik musiqi əsərlərini ehtiva edən videoçarxlar nümayiş olunub.
12:21 29.05.2026
Oxunuş sayı: 66