Ukrayna müharibəni illərlə uzatmağa hazırlaşır - İDDİA
Ukrayna hakimiyyəti ölkəni daha 2–3 illik müharibə ssenarisinə hazırlayır və Rusiya ordusunun tükənməsi strategiyasına üstünlük verir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Economist” nəşri məlumat yayıb.
Nəşrin iddiasına əsasən, Kiyevdə artıq uzunmüddətli müharibə yeni reallıq kimi qəbul edilir. Hökumət mənbələri isə Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən bir neçə il davam edə biləcək döyüşlərə hazırlıq tapşırığı verildiyini bildirir.
“The Economist” yazır ki, cəbhə xətti ümumilikdə sabitləşib, Ukrayna dron və uzaqmənzilli silah istehsalını sürətlə artırır, Rusiya arxa cəbhəsinə endirilən zərbələrin effektivliyi isə yüksəlir.
Ukraynalı komandirlərdən biri hazırda Rusiyanın dərinliklərindəki hədəflərə zərbə endirməyin əvvəlki dövrlərlə müqayisədə üç dəfə daha asan olduğunu deyib.
Bununla belə, ölkə daxilində problemlərin də artdığı bildirilir: cəmiyyətdə yorğunluq, səfərbərliklə bağlı mübahisələr, insan resursu çatışmazlığı, enerji təhlükələri və hökumətə etimadın azalması.
Məqalədə, həmçinin Kiyev yaxınlığında müharibəyə hazırlaşan gənclərlə, səfərbərlikdən yayınaraq normal həyatdan uzaqlaşan kişilərin paralel reallıqlarından bəhs olunur.
Ukrayna Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Taras Çmut isə bildirib:
“Müharibələr ordularla deyil, cəmiyyətlərlə aparılır. Əgər dözümlülük inamı sarsılarsa, mübarizə iradəsi də dağılır.”
15:10 27.05.2026
Oxunuş sayı: 53