Bakıda ictimai nəqliyyatda mühüm dəyişiklik olacaq: Detallar açıqlandı
Tbilisidə tətbiq olunan 90 dəqiqəlik transfer sistemi müasir ictimai nəqliyyat modelləri arasında ən uğurlu nümunələrdən biri hesab olunur. Bu sistem sərnişinlərə bir dəfə ödəniş etməklə müəyyən müddət ərzində avtobus və metrodan əlavə ödənişsiz istifadə imkanı yaradır. Nəticədə vətəndaşlar həm daha rahat hərəkət edir, həm də gündəlik nəqliyyat xərclərinə qənaət etmiş olurlar. Eyni zamanda, bu model şəxsi avtomobildən istifadənin azalmasına, ictimai nəqliyyata marağın artmasına və şəhərdə nəqliyyat axınının daha səmərəli təşkilinə töhfə verir.

Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev Crossmedia.az-a mövcud sistemin Azərbaycanda gözlənilmə ehtimalından danışıb: "Tbilisidə tətbiq olunan 90 dəqiqəlik transfer sistemi müasir ictimai nəqliyyatda ən uğurlu modellərdən biri hesab olunur. Bu sistemdə sərnişin bir dəfə ödəniş etməklə, müəyyən müddət ərzində əlavə ödəniş etmədən avtobus və metrodan yenidən istifadə edə bilir. Bu model həm ictimai nəqliyyata marağı artırır, həm də vətəndaşların gündəlik nəqliyyat xərclərini azaltmağa kömək edir. Bakıda da oxşar sistemin tətbiqi tam mümkündür. Son dövrlərdə bununla bağlı müxtəlif müzakirələr aparılır. Xüsusilə, vahid bilet sistemi, gündəlik və aylıq nəqliyyat paketləri, eləcə də 90 dəqiqəlik transfer imkanının yaradılması ilə bağlı açıqlamalar verilib. Bu da göstərir ki, paytaxtda ictimai nəqliyyatın daha inteqrasiya olunmuş modelə keçidi planlaşdırılır. Belə sistem Bakı üçün bir sıra üstünlüklər yarada bilər. İlk növbədə, sərnişinlər əlavə ödəniş etmədən müxtəlif nəqliyyat vasitələri arasında rahat keçid edə biləcək. Bu isə həm vaxt itkisini, həm də nəqliyyat xərclərini azaldacaq. Eyni zamanda, metro ilə avtobus arasında əlaqənin güclənməsi ictimai nəqliyyatın ümumi effektivliyini artıracaq. Şəxsi avtomobildən istifadənin azalması isə şəhərdəki tıxac probleminə müsbət təsir göstərə bilər".
Ekspertin sözlərinə görə, son illərdə avtobus zolaqlarının genişləndirilməsi, marşrut şəbəkəsinin yenilənməsi və “brutto müqaviləsi” modelinin gündəmə gəlməsi göstərir ki, Bakı ictimai nəqliyyat sistemi mərhələli şəkildə yenilənməyə çalışır9: "0 dəqiqəlik transfer sistemi də bu islahatların davamı kimi qiymətləndirilə bilər. Lakin belə bir sistemin tam tətbiqi üçün vahid elektron ödəniş infrastrukturu, daşıyıcı şirkətlərin inteqrasiyası, texniki nəzarət və tarif mexanizmlərinin tam hazır vəziyyətə gətirilməsi vacibdir. Bu səbəbdən, ilin sonuna qədər sistemin pilot və ya məhdud formada tətbiqi mümkün görünsə də, bütün şəhəri əhatə edən tam funksional modelin formalaşmasının bir qədər zaman aparacağı ehtimal olunur".
Fatimə Məmmədova
19:11 26.05.2026
Oxunuş sayı: 47