Alim: Vahid onlayn lüğət sistemi yaradılmalıdır
Tarixi min illər bundan öncəyə dayanan Azərbaycan dili əzəldən bəri şeirin, sənətin dili olmuş, müxtəlif yüzilliklərdə regionda hakim dil rolunu oynamışdır. Buna nümunə olaraq 1501-ci ildən 1736-cı ilə qədər Orta Asiyadan ərəb əcəminə qədər olan torpaqlarda hökm sürən və dövlət Azərbaycan dili olan Səfəvilər imperiyasını göstərmək ən düzgün addım olar. Müxtəlif dövrlərdə assimilyasiyaya, təyziqlərə məruz qalan dilimiz bu sınaqlardan da üzü ağ çıxmış, öz mövcudluğunu sarsılmaz şəkildə qoruyub saxlamışdır. Bu gün isə möhtərəm dövlət başçımızın Azərbaycan dilinə diqqət və qayğısı sayəsində dilimiz mədəniyyətimizin zirvəsinə qalxmışdır. Ötən günlərdə isə Mədəniyyət naziri Adil Kərimlinin Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmalı olduğunu deməsi bir daha bunun əhəmiyyətini gözlər önünə sərdi.

Məsələ ilə bağlı Türkoloq alim, filologiya elmləri doktoru Elçin İbrahimov Crossmedia.az-a açıqlama verib: "Mədəniyyə naziri cənab Adil Kərimli haqlı olaraq vurğulayır ki, Azərbaycan dili milli kimliyimizin əsas atributudur. Onun qorunması, inkişaf etdirilməsi dövlətin prioritet məsələlərindən biridir. Xüsusilə Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı verilən çağırışlar bu məsələnin strateji əhəmiyyətini bir daha ortaya qoyur. Təsadüfi deyil ki, “Azərbaycan Mədəniyyəti-2040” konsepsiyasında Azərbaycan dili ilk dəfə mədəniyyətin müstəqil sahəsi kimi müəyyənləşdirilib və bu istiqamətdə dövlət proqramının hazırlanması nəzərdə tutulub. Nazirliyin nəzdində işçi qrupunun yaradılması da göstərir ki, məsələ artıq yalnız nəzəri müzakirə deyil, praktik fəaliyyət mərhələsinə keçməkdədir".
Alim vurğulayıb ki, dilimizin regional əhəmiyyətli ünsiyyət vasitəsi çevrilməsi üçün daha ciddi addımlar atılmalıdır: "Lakin Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsinə çevrilməsi üçün bu istiqamətdə daha sistemli addımların atılması vacibdir. İlk növbədə Azərbaycan dilinin milli korpus bazası yaradılmalıdır. İnkişaf etmiş dillərin hamısının geniş elektron korpusları mövcuddur və bu bazalar həm elmi araşdırmaların, həm süni intellekt texnologiyalarının, həm də müasir dil siyasətinin əsas dayaqlarından biridir. Azərbaycan dili isə rəqəmsal dil texnologiyaları baxımından hələ də müəyyən boşluqlarla üzləşir".
E. İbrahimov vahid lüğət sisteminin yaradılmasının vacibliyinə də diqqət çəkib.
"Bununla yanaşı, vahid onlayn lüğətlər sisteminin qurulması artıq zamanın tələbidir. Bu gün sürətlə rəqəmsallaşan dünyada min səhifəlik, on minlərlə tirajla çap olunan ağır lüğətlərin praktikliyi ciddi suallar doğurur. Orfoqrafiya lüğəti kimi fundamental bir mənbənin yalnız 5 ildən bir yenilənməsi nə dərəcədə effektiv yanaşmadır? Dil canlı və daim dəyişən bir sistemdir. Yeni sözlər, terminlər və istifadələr hər gün yaranır. Elə isə niyə orfoqrafiya lüğəti dinamik onlayn formatda fəaliyyət göstərmir? Niyə dəyişikliklər real vaxt rejimində istifadəçilərə təqdim olunmur? Digər mühüm məsələ isə müasir elmi prinsiplərlə hazırlanmış geniş etimoloji lüğətin hələ də olmamasıdır. Minilliklərə söykənən zəngin tarixə malik Azərbaycan dilinin söz xəzinəsini, qədim qatlarını və türk dilləri ilə əlaqələrini sistemli şəkildə ortaya qoyacaq etimoloji lüğətin hazırlanması strateji əhəmiyyət daşıyır. Təəssüf ki, bu istiqamətdə fundamental işlərin zəif getməsi ciddi elmi boşluq yaradır. Əgər, doğrudan da, Azərbaycan dilinin həm ölkə daxilində, həm də regionda əsas ünsiyyət vasitəsinə çevrilməsini istəyiriksə, bunu yalnız çağırış və niyyət səviyyəsində deyil, konkret elmi, texnoloji və institusional layihələrlə dəstəkləməliyik. Dilin nüfuzu artıq yalnız ədəbiyyatla deyil, onun rəqəmsal imkanları, texnoloji inteqrasiyası, elmi bazası, terminoloji sistemi və beynəlxalq istifadəyə uyğunluğu ilə müəyyən olunur. Bu yolda atılmalı olan addımlar vaxtında atılmalı, görülməli olan işlər isə gecikdirilmədən həyata keçirilməlidir".
Turqut Ansari
18:13 26.05.2026
Oxunuş sayı: 47